525.Az

Belçikada Qarabağa aid sərgi və konfrans keçirilib


 

Belçikada Qarabağa aid sərgi və konfrans keçirilib<b style="color:red"></b>

Brüsseldə “TURKSAM” Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ: işğal öncəsi və sonrası” adlı foto və “3 nəsil 1 soyqırım” adlı əşya sərgisinin açılış mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində baş tutub. 

Sərgini ziyarət edən Belçika vətəndaşları işğal olunmuş ərazilərdən gətirilən əşyalar və onların tarixçələri ilə tanış olublar. Eyni zamanda onlara ingilis və türk dillərində “Qarabağda 3 nəsil, 1 soyqırım” adlı kitab paylanıb.

Sərgi ilə tanışlıqdan sonra “Qafqazda sülhün bərqərar olunması yolunda maneələr” adlı konfrans öz işinə başlayıb. Toplantıda çıxış edənlər beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı işğal siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşən yüz minlərlə insanın vətəndaş hüquqlarının tapdanmasına laqeyd qalmamağa və ona qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Sərginin açılışında və konfransda Azərbaycanın Brüssel və Lüksemburqdakı səfiri, habelə Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Türkiyənin Belçikadakı səfiri Mehmet Okan Olcay, Türkiyənin millət vəkili Sinan Oğan, Türkiyənin Brüsseldəki baş konsulu Ali Barış Ulusoy, Azərbaycanın Belçikadaki səfirliyin müşaviri Əli Əliyev, TÜRKSAM-ın sədri Əhməd Gəncəxan Babiş, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, tələbələr, xarici və yerli ictimaiyyət nümayəndələri, elmi inistitutların və media qurumlarının təmsilçiləri iştirak edib.

Toplantı iştirakçıları, həmçinin hər iki ölkənin səfirləri sərginin xatirə dəftərinə ürək sözlərini yazıblar.

 





26.11.2014    çap et  çap et