525.Az

Batumidə erməni təxribatı


 

MİLLƏT VƏKİLİ AZAY QULİYEV: "BATUMİDƏ TƏŞKİL OLUNAN BU ŞOULAR İNSAN HÜQUQLARINI MÜDAFİƏ ETMƏK İSTƏYİNDƏN QAYNAQLANMIR"

Batumidə erməni təxribatı<b style="color:red"></b>

Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycana qarşı təxribat törədilib. Mətbuatda yayılan xəbərlərə görə, Çexiyanın ermənipərəst "People in Need" təşkilatı tədbir keçirilən zalın foyesindəki stendə Azərbaycana dair tənqidi plakatlar asmaqla, xarici qüvvələrin dəstəyi ilə ölkədə insan haqlarının pozulmasına dair aparılan kampaniyanı yenidən alovlandırmağa çalışıb.

Bu barədə məlumat verən forumun içtirakçısı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, həmin stenddə Azərbaycan əleyhinə foto və digər materiallar yerləşdirilib. Əldə olunan məlumatlara görə, tədbirdə Azərbaycanda insan hüquqları ilə bağlı məruzənin müzakirəyə çıxarılması da planlaşdırılmışdı. Buradan belə nəticəyə gəlmək olar ki, forum Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində baş tutsa da, mahiyyət etibarilə tədbir əvvəldən axıra kimi Azərbaycana həsr olunub.
 
Tədbirin proqramında nəzərdə tutulmayan aksiyaların keçirildiyini nəzərə alsaq, bu təxribatı ermənipərəst qüvvələrin təşkil etdiyi qənaətinə gəlmək olar. Azərbaycandan gedən nümayəndə heyəti isə ölkəsinin təklənməsinə etiraz olaraq foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belarusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir?

Öz ölkəsində və qonşularında problemləri görməzdən gələn Çexiyanın "People in Need" təşkilatının ölkəmizlə bağlı aparılan saxta kampaniyaya qoşulması onu göstərir ki, hələ də Azərbaycana insan hüquqlarının pozulması adı ilə təzyiq etmək istəyən qüvvələr öz məkrli niyyətlərindən əl çəkməyiblər.

Ölkə daxilində zərərsizləşdirilmiş hücum silahlarını müdafiə edərək, vəziyyəti əldən verməməyə çalışan ermənipərəst, anti-Azərbaycan və islamafob qüvvələr bununla uğur əldə edəcəklərinə ümid edirlər. Rəsmi Bakı isə bu cür təxribatların qarşısını alaraq, onların iç üzünü ifşa etdiyi üçün, artıq proseslər ölkədən kənarda davam etdirilir. Millət vəkili Azay Quliyevin də dediyi kimi Brüsseldəki təxribatın qarşısı alınsa da, görünür, ermənilər özlərinin çirkin niyyətlərini başqa formada - Çexiyanın "People in Need" təşkilatı vasitəsilə həyata keçirməyə çalışıblar. O da bəlli olub ki, bu təşkilat Avropada ermənipərəst mövqeyilə tanınır. Təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb. Forumdan əvvəl isə bu cəhdin
qarşısı alınıb. Lakin bu hərəkət heç bir ölçüyə sığmadığı üçün nümayəndə heyəti forumu boykot edib.

Nəticədə, Azərbaycanın 25 nəfərlik nümayəndə  heyətindən forumda cəmi 6 nəfər iştirak edib. Millət vəkili A.Quliyev bunun səbəblərini açıqlayaraq qeyd edib ki, hələ noyabrın 5-də Avronest Parlament Assambleyasının Brüsseldə keçirilən komitə iclasında erməni nümayəndə heyəti və onun havadarları Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda yaradılımış qondarma QHT-lərin Batumi forumunda iştirak etməsini rəsmiləşdirməyə cəhd ediblər:

"Hətta Gürcüstandan olan məruzəçi Mirzaaşvilinin hesabatına əvvəlcədən bununla bağlı xüsusi bir tezisin salınmasına da nail olublar. Lakin buna qəti etiraz bildirdikdən və belə bir qanunsuz qərarın qəbul ediləcəyi təqdirdə Azərbaycanın bu forumda iştirakını dayandıracağını bəyan etdikdən sonra bu məsələnin müzakirəsi dayandırılıb".

Millət vəkilinin sözlərinə görə, təsəvvür edin ki, nə forumda, nə də təşkil olunmuş aksiyada keçmiş prezident Saakaşvili və onun komanda üzvlərini açıq şəkildə siyasi təqibə məruz qoyan və 100-dən çox yüksək vəzifəli opponentlərini həbs etdirən Gürcüstan hakimiyyəti əleyhinə bir söz deyilir:

"Hələ mən özünün siyasi rəqibləri ilə daha qəddar rəftar edən və Gürcüstandan fərqli olaraq onları həbsə deyil, o biri dünyaya göndərən, yəni güllə-baran edən Sarkisyan rejiminin "toxunulmazlıq" statusundan danışmıram. "People in Need" və onun hüquq müdafiəçilərini nədənsə bu ölkələrdə baş verən hüquq pozuntuları deyil, yalnız Azərbaycan narahat edir. Demokratiya mübarizləri bu barədə nə danışmağı, nə də plakat asmağı lazım bilməyiblər.

Baxmayaraq ki, tədbirin Batumidə keçirilməsindən, orada daha çox gürcü mətbuatının və rəsmilərinin iştirakından istifadə etməklə bu "qəhrəmanlar" Gürcüstanda baş verənlərə kifayət qədər diqqəti yönəldə bilərdilər. Bütün bunlar bir daha onu göstərir ki, Batumidə təşkil olunan bu şoular insan hüquqlarını müdafiə etmək istəyindən qaynaqlanmır. Azərbaycanın xüsusi olaraq hədəf seçilməsinin və ölkəmizə qarşı aparılan çirkin kampaniyanın və Ermənistanın arxasında durduğu bu kimi oyunların mahiyyəti isə düşünürəm ki, hamıya bəllidir".

Forum keçirilən zalın foyesində stendləri yerləşdirən Çexiyaya məxsus təşkilatın Avropada ermənipərəst bir təşkilat kimi tanındığını bildirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, hətta bu təşkilatın Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışdığını da xüsusi qeyd edib:

"Azərbaycan nümayəndə heyəti forumda  bu cəhdin qarşısını alıb. Ermənilər bu addıımı  MDB məkanındakı münaqişə ocaqlarından fərqli olaraq, yalnız bu ərazidə rus ordusunun təmsilçilərinin olmaması ilə əsaslandırmağa çalışıblar . Mən forumda çıxış etdim və bəyan etdim ki, rus ordusu Dağlıq Qarabağda olmasa da, İrəvandadır, bu ölkənin parlamentindədir, idarə strukturlarındadır. Bizim bu istehzalı çıxışımız forum iştirakçıları arasında ciddi  təəssürat yaradıb.

Bundan başqa erməni nümayəndə heyətinin üzvləri cəbhə xəttində vurulan Ermənistana məxsus helikopterlə bağlı məsələni də forumun gündəminə daxil etməyə cəhd edib. Bizim sərt reaksiyalarımızdan sonra onların  bu istəyi də baş tutmaydı . Ən vacib nüanslardan biri də  "People İn Need"in rəhbər şəxslərinin Azərbaycanın işğal olunmuş torpaqlarına, Dağlıq Qarabağa buna qədər bir neçə dəfə qanunsuz səfərlər etməsidir. Göründüyü kimi bu təşkilatın Azərbaycana qarşı niyə belə addım atmasının səbəbi məlumdur. Bu təşkilata bir sıra erməni QHT-ləri lobbiçilik edir, xüsusilə Batumi skandalının əsas dirijorlarından biri Ermənistanın vətəndaş cəmiyyəti təmsilçisi Boris Novosardiyanın bu təşkilata təlimatlar verdiyi ortaya çıxıb. Hətta  forumun rəsmi foto və video çəkilişini aparanlar da əslən erməni olan işçilər idi".

Əfsuslar olsun ki, ölkə daxilində də ermənilərin Batumi təxribatının qarşısının alınmasını gözü götürməyən, bu hadisəni uğursuzluq kimi qələmə verən vətəndaş cəmiyyətinin nümayəndələri də var. Real hərəkatının İdarə Heyətinin üzvü Xalid Bağırov "Batumi qələbəsi" adlandırılan hadisəni Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təşkil olunan Vətəndaş Cəmiyyəti Forumu tərəfindən Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, təqiblər və həbslər barədə nəzərdə tutulan qətnamənin iflası kimi qiymətləndirib.

Prosesin bu cür yekunlaşması isə onu heç cür qane etmir. Əslində isə ermənilərin əli olan hər hansı bir təxribat xarakterli məsələlərə qiymət verərkən dövlətin maraqları qorunmalı, düşmənə isə heç bir vəchlə haqq qazandırılmamalıdır. Azərbaycan torpaqlarını işğal edən, minlərlə vətəndaşımızı qətlə yetirən, həmvətənlərimizə divan tutan erməni təcavüzkarlarına hər hansı bir müstəvidə bəraət qazandırmaq cəhdi istənilən halda insanlığa sığan hərəkət deyil.

Ceyhun ABASOV

 





26.11.2014    çap et  çap et