525.Az

Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi?


 

Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi?<b style="color:red"></b> Azərbaycan torpaqlarının işğala məruz qaldığı dövrdə Türkiyənin prezidenti olan mərhum Turqut Özalın bir sözü var idi:
 
"Türkiyənin Ermənistan sərhədləri yaxınlığında hərbi təlim keçəcəyi təqdirdə səhvən bir neçə mərmi bu ölkənin ərazisinə düşsə, bunun axırı necə ola bilər?".  Bunun ardınca isə belə bir təlimlərin keçirilməsi, bu açıqlamanın sadəcə, bir söz yığını olmadığını, Dağlıq Qarabağın işğalına görə, Ermənistanla onun havadarı Rusiyaya ünvanlanan etiraz mesajı olduğunu göstərdi.
 
Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl də Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərini dərinləşdirərək iki qardaş dövlət arasında körpü yaratmağa müvəffəq oldu. Bu körpü işğala məruz qalan Azərbaycan türklərinin Türkiyəyə olan ümidlərinin gerçəkləşməsi idi. Söhbətin dolayı yolla 1992-ci il 28 may tarixində Azərbaycan-Türkiyə sərhəddində, Araz çayı üzərində "Ümid" körpüsünün açılması ilə bağlılığı var. Bu körpü təkcə iki qardaş xalqı bir-birinə qovuşdurmadı, eyni zamanda, ağır blokada vəziyyətində olan Naxçıvanı, çətin günlər yaşayan Azərbaycanı xarici hücumlardan qoruyaraq, dövlətin tənəzzülünün qarşısını aldı. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbilə 21 ildir ki, düşmənin üzünə qapılarını bağlayan Türkiyə bununla bir daha qardaş ölkəyə dəstəyini, təcavüzkara isə sərt üzünü göstərdi.
 
Hazırkı hadisələr isə Türkiyənin Ermənistana olan barışmaz mövqeyində yumşalmalar olduğunu, daha çox düşmənlə hesablaşmağa doğru addımlar atıldığını göstərir. Qardaş ölkənin siyasi həyatında yaşanan gərginliyin ermənilərin qondarma soyqırımlarının yüzilliyinə hazırlaşmaları ilə bağlı olması da heç kimə sirr deyil.

Heç şübhəsiz ki, Ermənistanla əməkdaşlıq məsələlərinin yenidən gündəmə gəlməsində ermənipərəst qüvvələrin, eləcə də bu proseslərdə maraqlı olan beynəlxalq təşkilatların əli var. Lakin unutmaq olmaz ki, qondarma erməni soyqırımının yüzilliyinin yaxınlaşdığı ərəfədə Türkiyəyə olan təzyiqlər fonunda, bu proseslər Ermənistanla sərhədlərin açılmasına gətirib çıxararsa, Azərbaycanın işğal olunan torpaqlarının qaytarılması üçün 20 ildən artıq gedən sülh danışıqları bir anda puç ola bilər.Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən "Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, biz bu məsələdə rəsmi Ankaraya ümid olmamalıyıq:

"Türkiyə heç bir şey edə bilməyəcək. Ümid özümüzədir. Bəs biz neyləməliyik ki, qardaş ölkədə ermənilərin hiylələrinin qarşısını alaq!? Biz bütün gücümüzü ortaya qoyaraq Türkiyədə ermənilərin əleyhinə böyük təbliğatlar aparmalıyıq, onları ifşa etməliyik. Onların işğal etdiyi torpaqlarda tökdüyü qanları, törətdiyi vəhşilikləri filmlər və başqa üsullarla Türkiyədə hər kəsə çatdırmalıyıq. Ermənilərin qarşısını almalıyıq. Bir sözlə, biz nə yolla olur olsun, Türkiyənin gündəmində oturmalıyıq".

Politoloq Məhərrəm Zülfüqarlı isə hesab edir ki, Türkiyə ilə Ermənsitan arasında sərhədlərin açılması məsələsi Ankaranın rəsmi mövqeyi deyil. Onun sözlərinə görə, Türkiyədə Qeyri-Hökumət Təşkilatları, Bələdiyyələr və digər qurumlar müstəqil fəaliyyət göstərdikləri üçün azad şəkildə tədbir keçirmək səlahiyyətləri var:

"Hətta Türkiyədə bələdiyyələrdən birinin Ermənistanla sərhəddə heykəl ucaltması da hamıya məlumdur. Yalnız, etirazlardan sonra həmin heykəli dağıtmaq qərarı verildi".

Türkiyənin rəsmi mövqeyini dövlət başçısı, baş nazir və digər hökumət nümayəndələrinin dəfələrlə bildirdiyini deyən politoloq qeyd edib ki, qardaş ölkənin problemlərinin həddən artıq olmasına baxmayaraq, sərhədlərin açılması, eləcə də Ermənistanla əməkdaşlıq məsələlərində mövqeyində hər hansı bir dəyişiklik baş vermərib: "Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad olunmayana qədər sərhədlər bağlı qalacaq".

5 il öncə, Türkiyə ilə Ermənistan arasında imzalanan "Sürix protokolları"na da toxunan M.Zülfüqarlı rəsmi Ankaraya nə qədər təzyiqlər olunsa da, hökumətin sərhədlərin açılmasına imkan verməyəcəyini bildirib:

"Türkiyə güclü ölkədir. Yeri gələndə ABŞ kimi güclü dövlətin etirazlarına baxmayaraq öz siyasətini dəyişməz olaraq davam etdirə bilir. Sonradan Birləşmiş Ştatlar da Türkiyənin mövqeyini dəstəkləməyə məcbur olur.

Bu Ankaranın PKK-ya, eləcə də İŞİD-ə münasibətində də müşahidə olundu".

Türkiyə ilə Ermənistanın əməkdaşlığa dəvət olunmasını bu ölkənin hakim siyasi elitasındakı aşınma ilə əlaqələndirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib ki, hazırda Qərbin də bu məsələdə elə bir ciddi təsiri yoxdur: "Yəni Qərb son dövrlərdə Ermənistanla bağlı Türkiyəyə təzyiqlərini artırmayıb. Əksinə, bəzi baş verənlər göstərir ki, Qərb indi daha çox Türkiyə ilə hesablaşmağa məcburdur. Vatikanda Yaxın Şərqdə xristian icmalarını qorumaq üçün Türkiyə ilə münasibətlərini daha da yaxşılaşdırmağa çalışır. Bu məsələdə əsas problem Türkiyənin siyasi elitasındadır.

Çünki bu elitada mənəvi aşınma, deqradasiya prosesləri gedir".

M. Əhmədoğlu xatırladıb ki, Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu xarici işlər naziri olduğu zaman Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün iki sanballı təklif hazırlayaraq ATƏT-in Minsk qrupu və Ermənistana təqdim edib:

"Bundan Türkiyənin Azərbaycanda və NATO-da səfiri işləmiş Ünal Çevikgözün dəqiq məlumatı var. Ermənistanın iqtisadi blokadadan çıxarmağa yönəlik hər iki təklifi həm ATƏT-in Minsk qrupu, həm də Ermənistan rədd etdi. Türkiyənin mövqe qəbul etdirə bilməməsi fonunda Ünal Çevikgözün absurd iddialarla çıxış etməsi onun psixoloji problemi ilə bağlıdır. Bu, onun Türk dövlətçiliyinə münasibətinin göstəricisi ola bilər. Yəni, ermənilərin Türkiyənin özü ilə bağlı məsələlərdə heç bir addım atmaması fonunda Türkiyənin bir qrup diplomatı nə adla deyir ki, Cənubi Qafqazda yeni ideyalar meydana gəlməli, Ermənistanla Türkiyə əməkdaşlıq etməlidir?" Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə və Ermənistan əməkdaşlıq etsə, Azərbaycanla iqtisadi əməkdaşlıqları dayanmış bilsinlər:
"Buyursunlar, Türkiyə ilə Ermənistan əməkdaşlıq etsinlər. Əgər Azərbaycanın 20 milyardlıq investisiyasının fonunda Ermənistanla əməkdaşlığa can atırlarsa, buyursunlar".

Ceyhun ABASOV
 





26.11.2014    çap et  çap et