525.Az

Azərbaycanlı qəhrəmanlar Moskvada işıq üzü görən almanaxda


 

Azərbaycanlı qəhrəmanlar Moskvada işıq üzü görən almanaxda<b style="color:red"></b>

Rusiya Yazıçılar İttifaqının, Moskva Şəhəri KİV və Reklam Departamentinin dəstəyi ilə, nəşr etdirdiyi "Müharibə illərinin od-alovları, yanğınlar, dostlar və yoldaşlar haqqında" almanaxı çapdan çıxıb.

Müharibə iştirakçıları olan tanınmış yazıçılar tərəfindən hazırlanan 704 səhifəlik kitab rus dilində nəşr olunub, nəfis tərtibatlı kitab min nüsxə tirajla buraxılıb. Cilddə verilən mətnlər illüstrativ materialları təsdiq edir.Topluya Rusiyanın 20-dən çox müəllifin oçerk və hekayələri daxil edilmişdir. Böyük Vətən müharibəsinin 70 illiyi qələbəsi münasibətilə buraxılan bu kitab xüsusi önəm daşıyır. Bu almanaxda Moskvada yaşayan qocaman yazıçımız Əbdül Hüseynovun 12 oçerk və hekayələri yer alıb. Əbdül Hüseynovun bu topluda yer alan əsərləri Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun təşəbbüsü və dəstəyi ilə nəşr olunub.

Bu barədə Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlu məlumat verib. Onun sözlərinə görə, topluda Azərbaycan layiqincə təmsil olunub. Almanaxda yer almış oçerk və hekayələr olduqca maraqlıdır. Bunlar "1941-in qısa gecəsi..", "Böyük qəhrəmanlıq", "Fransanın milli qəhrəmanı", "Üç dəfə qəhrəman", "Adriatik dənizinin sahillərində", "Dövlət Müdafiə Komitəsinin səlahiyyətli nümayəndəsi", "Axırıncı döyüş", "Faşistlərin İrandakı oyunu", "Kosmik raket texnikasının mənbəyində", "Salnaməçi əsgər", "Molotov kokteylini kəşf edən alim", "Əmircandakı Kaştanka" kimi oçerk və hekayələrdir.

Əbdül Hüseynovun qəhrəmanları  Fransada müqavimət hərəkatında iştirak etmiş "Amed Mişel" (Xarqo) adı ilə tanınan Əhmədiyyə Cəbrayılov, Yuqoslaviyada əfsanəvi partizan Mixaylo kimi məşhurlaşmış Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə, "Molotov kokteyli"ni kəşf edən məşhur akademik Yusif Məmmədəliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov, əfsanəvi kəşviyatçı Rixard Zorge, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik Boris Bannikov, Sovet İttifaqı Qəhrəmanı Vladimir Balandin və başqalarıdır: "1941-45-ci illər Böyük Vətən Müharibəsində yüz minlərlə azərbaycanlı düşmənə qarşı amansız döyüşlərdə mərdlik və böyük qəhrəmanlıq nümunəsi göstərib. Onlar müharibənin sonuna kimi düşmənə qarşı vuruşaraq qələbənin təmin olunmasında əllərindən gələni əsirgəməyiblər. İkinci Dünya müharibəsi cəbhələrində azərbaycanlılar əsl şücaət, əzmkarlıq göstərdilər. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, müxtəlif millətlərlə çiyin-çiyinə, həm də vətəndən çox-çox uzaqlarda döyüşən şir ürəkli oğullarımızın bu qələbədə böyük payı var".

Əbdül Hüseynov beş monoqrafiyanın, 30-dan çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. "İslam dünyasının cəngavəri Səlahəddin", "Mustafa xanın xəzinəsi", "Taxta çıxan əkinçi", Ə.Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar", "Abşerondan Ontarioyadək", "Arzamaslı qız", "Biz əslən Bakıdanıq", "Ərəbistan səhrasında ölüm" və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələmindən çıxıb. 

 





26.11.2014    çap et  çap et