525.Az

Azərbaycan musiqisinin tarixi, milli-mədəni irsdə yeri və rolu


 

MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ TƏƏSSÜRATLAR

Azərbaycan musiqisinin tarixi, milli-mədəni irsdə yeri və rolu<b style="color:red"></b>

Azərbaycan mədəniyyətinin çoxəsrlik, qədim mədəniyyətlər sırasında müstəsna yeri var. Burada mühüm yerlərdən birini isə zəngin və orijinal musiqi sənəti tutur.
 
Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsus ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Musiqimizin tarixi çox qədimlərə gedib çıxır.  Qədim zamanlardan Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar musiqi tariximizin qədimliyinə sübutdur. Azərbaycanda musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək təkmilləşib, əhatə dairəsi genişlənib, yeni-yeni janrlar mənimsənilərək zənginləşib.

Ölkəmizdə musiqi tariximiz ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğı ilə məşğul olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fəaliyyət göstərir.  Muzey 1967-ci ildə yaranıb. İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996-cı ildən R.Behbudov 7 ünvanına köçürülüb. Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Muzeyi dolaşıb, onun fəaliyyəti haqda və ümumən Azərbaycan musiqisinin tarixi, inkişaf yolları, tərkib hissələri barədə məlumat aldıq.

Azərbaycanda musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən - Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III - I minilliklər) qayaüstü rəsmlərindən alınıb.

"Kitabi-Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilib. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanıb. İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin zənginliyinin, qədimliyinin göstəricisidir.

Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan sənəti təşkil edir. Ozan- aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Aşıq sənəti -xalq mühitində yaranan şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir.
 
Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənətinin, aşıq poeziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gedib çıxır. Onun rüşeymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arakəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsəlləri, nağıllar bir adam, iki adam tərəfindən yox, yüzlərlə, minlərlə adamın iştirakı ilə yaranıb, yəni ümumxalq şüurunun, ümumxalq bədii təfəkkürünün məhsuludur həm də ki, bayatı, ağı, gəraylı kimi şeir formaları birdən-birə əmələ gəlməyib. On illər, yüz illər ərzində bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və obrazlı ifadə vasitələrinə doğru tədrici təkamülü nəticəsində formalaşıb. Xalq musiqi formaları da eyni yollar keçib. Sevinci, şadlığı, aclığı, susuzluğu, qələbəni, kədəri, qüssəni, məğlubiyyəti ifadə edən ibtidai nidaların, səslərin, hərəkətlərin və jestlərin getdikcə kamilləşməsi, inkişaf sahəsində az-çox bitkin formalar yaranıb.
 
Bu, təbii şeir, musiqi və rəqs formalarının ibtidailikdən, bəsitlikdən mürəkkəbliyə, kamilliyə doğru inkişafı uzun əmək prosesində, həyat mübarizəsində, insanın hissiyyatının duyğularının, fikrinin anlayışlarının dəyişməsi, inkişaf etməsi, zənginləşməsi ilə bağlı olub. Bu mənada aşıq yaradıcılığı çox qədim tarixə malikdir. O, "Dədə Qorqud" kimi ölməz sənət abidəsi yarada bilibsə, deməli, ilk kökləri daha dərindədir. Aşıq sənəti sinkretik sənətdir. Tədqiqatçılar yazırlar ki, "Bir neçə sənət növünü cəmləşdirən, uzlaşdıran, çarpazlaşdıran və xalqa çatdıran bu sinkretikliyin tarixi çox qədimlərə gedib çıxır. Bu şaxəli, qollu-budaqlı sənət də musiqi, ifaçılıq, rəqs və şeir bir-birini tamamlayır.

Ona görə də aşıq sənəti şərəfli olduğu qədər də çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq və mahirlik tələb edən sənətdir". Babalarımızın sənət və gözəllik adına yaratdıqları: ən ulu, ən qədim alətlərdən biri sazdır. Saz öz tərəf-müqabili aşıqla ictimai şüurun yüksəlişində həmişə yaxından iştirak edib. Bu baxımdan saz, aşıq sənəti ictimai quruluşların bütün dövrlərində xalqımızın mənəviyyatına güclü təsir göstərib. Din xadimləri əsrlər boyu estetik zövqümüzü oxşayan saz aşıq sənətinin bəşəriliyini gözdən salmağa çalışıb dansalar da, onu şeytan əməli adlandırsalarda xalqın ruhunu oxşayan bu nadir sənət bizə getdikcə daha çox möhürləşib, doğmalaşıb.

Bir çox aşıqlarımız var ki, onların oxuduqları bayatılar, gəraylılar bu gün də dillər əzbəridir. Qurbani (16-cı yüzillik), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci yüzillik), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (18-ci yüzillik), aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu yüzillik) və b. Aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və b. fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapıb. Xalqımız arasında aşıq sənətinin bu qədər sevilməsinə və bu qədər geniş yayılmasına baxmayaraq, onun tarixi sənətkarlıq xüsusiyyətləri, keçdiyi yollar çox da dərindən öyrənilməyib.

Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Keçmişin klassik musiqi sərvətlərinin - muğamların yaradıcıları və qoruyucuları olan sazəndələr, xanəndələr yüksək sənətkarlıq məharəti ilə fərqlənirlər. Qədim köklərə malik olan klassik irs olan muğam musiqisinin yaradıcıları - xanəndələr və sazəndələrin sənəti bu gün də yaşayır və fəal inkişaf edir. Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olub. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.

Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olub. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina, Əl-Əmuli və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı Şərq xalqlarının mədəni həyatında,onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxıb.
(Ardı var)

Samirə QULİYEVA

 





26.11.2014    çap et  çap et