525.Az

Qubada iki türk şəhidinin məzarı aşkarlanıb


 

Qubada iki türk şəhidinin məzarı aşkarlanıb<b style="color:red"></b> Quba rayonunun İqrıq kənd qəbiristanlığında iki türk əsgəri uyuyur.

APA TV-nin Şimal bürosunun məlumatına görə, onlar burda 1918-ci ildə dəfn olunub. Bu əsgərlər XX əsrin əvvəllərində  Azərbaycana köməyə gələn türk ordusunun könüllüləri olub. Azərbaycan SSRİ-nin tərkibində olduğu müddətdə bu qəbirlərə diqqət göstərilməyib. 2012-ci ildə isə xilaskar türk ordusunun burda uyuyan şəhidlərinin məzarı ətrafında kompleks yaradılıb.

Tarix müəllimi Eldar Abasov  deyib ki, 1918-ci ildə Qubada törədilən soyqırım hadisələri zamanı 162 kənddə 16 minə qədər insan, o cümlədən 3 minə qədər dağ yəhudisi bu soyqırıma məruz qalıb. 162 kənddən biri də İqrıq kəndidir. 1918-ci ildə İqrıqda da dəhşətli hadisələr törədilib. Yaddaşlara həkk olunan ən dəhşətli hadisə bir qadının belinə qaynar samovar bağlayaraq öldürülməsidir.

Qəbir daşlarının üzərində ərəb əlifbası ilə Əli və Səfərəli adları yazılıb. Bundan əlavə  məzar daşında onların şəhid olduqları tarix də qeyd olunub. Eldar Abbasov bildirir ki, hər iki şəhidin adının önündə “Hacı” sözü də var: "1918-ci ildə türk könüllülərdən ibarət qoşun gəlib. Onların içərisində Qubaya gələn Hacı Səfərəli və Hacı Əli burda şəhid olublar. Ehtimal var ki, onlar bu kənd uğrunda döyüşlərdə şəhid olub. Ancaq mümkündür ki, onlar ermənilərə qarşı döyüşərkən başqa ərazidə şəhid olublar, ən yaxın kənd kimi burda dəfn ediliblər.  İstənilən halda onlar Azərbaycanın azadlığı uğrunda, ermənilərin törətdiyi soyqırıma qarşı mübarizə apararaq şəhid olublar. Ona görə də xalqımız, o cümlədən bu kəndin əhalisi onların xatirəsini əziz tuturlar. Onların qəbri üzərində ərəb əlifbası ilə şəhid olduqları il və adları yazılıb".

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinə kömək məqsədi ilə Ənvər paşa və Nuru paşanın başçılığı ilə 13 min nəfərdən ibarət ordu Azərbaycana gəlib. Respublikamızın müxtəlif bölgələrində aparılan hərbi əməliyyatlar zamanı 1130 türk əsgəri şəhid olub.
 





24.11.2014    çap et  çap et