525.Az

Ramiz Məmmədzadənin şeirləri


 

Ramiz Məmmədzadənin <b style="color:red">şeirləri</b>

AT KİMİ DÖRDNALA

Bu qadasını aldığım
     yay günü
Camaat –  dənizdə, bulvarda,
Kimlərsə dağda, meşədə...
Heç bilən də yoxdu
Filankəs harda...
O, isə qələmin, vərəqin
     önündə müntəzirdi.
Oturub şeir yazırdı...

...Çayxanaya gedə bilərdi
     nərd vurardı...
     qiybət qırardı...
Yamanca çayxordu,
     çaya həmişə hazırdı.
Amma oturub şeir yazırdı...

Hanı şeirə salam verən?
Kimə deyəydi bu dərdi...
Xanımı da
Gözucu baxaraq yazı-pozuya
Hərdən ağız büzərdi.
Deyərdi ki, ay kişi
Vallah, bu şeir də
     bir azardı.
Dəxli yox,
Yenə də şeir yazardı.

Hərdən onu özündən
     çıxarardı
“şair” ştatını
     tutmuş adamlar...
Bu quşquşlar,
Dimdikli, qanadlı
     bu quş adamlar...

Söz onu əsir almışdı.
İstəyiydi-təkcə sözü
Ağa bilsin, yiyə bilsin.
Ha əlləşir, ha vuruşur
Tapa bilmir o sözü ki,
Ağrısını, acısını deyə bilsin...
Heç vaxtı da
     yoxdu, yox
Arvadına, uşağına...
Söz onu
     qatıb qabağına
At kimi dördnala çapır...

QARATELİN ÖLÜMÜ

Qaraşirin bir qızıydı
Saçları burma-burmaydı.
Qaşı-qaranquş qanadı,
Baxışı, gülüşü-aydın.
Tanıyanlar deyərdilər:
–Bu gözəl Yaradanın
Bəxtəvər balasıdı.
Görəsən hansı igidin
İstəklisi olasıdı...
...Yetərincə vəzifəsi, işi,
İnqilabçı nəvəsi,
     öyünəsi keçmişi...
Amma ürəyindən keçənləri
Təkcə Allah bilərdi
Eşidəndə ki, elçi gələcək
Zarafata salıb
     gülərdi...
Birinin boy-buxunu
     xoşuna gəlməzdi,
O birinin vəzifəsi, işi,
Başqa birisinin
Doğulduğu kənd yeri.
Beləliklə yola saldı
Neçə-neçə illəri...
Kimsə ondan incidi,
Xətrinə dəydi...
Dünyanın nə vecinə,
Dünya öz işindəydi...
O zəncir hörüklər
     Açılıb qaçdı harasa,
O qaranquş qaşlar
     uçdu harasa...
Baxışının, gülüşünün
     rəngi dəyişdi.
Heç özü də bilmədi
Bu nə olan işdi...
Və bir yay səhərində
Ən vəfalı elçisi
     Əzrail
Bir qırpım kipriklə
     qaş arasında
Onu oturduğu
     əlil arabasından
Qopardı getdi...
Qaçırdı Qarateli,
     apardı getdi...
Sən demə
     Cənab Əzrailin
Eşqiylə vururmuş ürəyi...
Getd i
Bir əlində pendir
     qırığı,
Bir əlində
     Qaxaca dönmüş
“Zavod çörəyi”...

QƏZƏNFƏRİN İSTƏYİ

Qəzənfərin gözünün
     ağı-qarası,
     ciyərparası
Bir qızı vardı.
Xanımı da, qızı da
     bəxtiyardı.
Sübh tezdən işə gedərdi,
Qaş qaralanda
     dönərdi evinə.
Maaşı alan kimi
Cumardı dükanlara
     sevinə-sevinə...
Ev tikməyi, hasar
     çəkməyi
     öyrənmişdi.
Deyərdi ki, daşı daş üstə qoymaq
     savab işdi.
Daşlarla dil tapmışdı,
     Sevib könül vermişdi.
And içəndə “daş haqqı”-deyərdi.
Heç kəs də şübhə etməzdi
     Daşa inandığına.
Yox, diplomu da var
Atmışdı
Qaynanasının sandığına...
Həftənin bir günü
Beş-on manatından
     keçməyi vardı.
Dostları yığıb başına
Noxudla
Çəllək pivəsi
     içməyi vardı.
Birgözlü mənzil
     qalmışdı ona
Zavoddakı işdən.
Sovetlər dövründən,
O qəribə keçmişdən...
İndi ikigözlü mənzilin
Xiffətini çəkirdi.
Tərəziyə daş qoyub
     qiymətini çəkirdi...
Yox, paxıllıq etməzdi
Kiminsə sarayına,
imarətinə.
Amma üç nəfər-
     bir otaqda...
Qəzənfər düşmüşdü
çətinə...
Hərdən gözlərini
     Zilləyib göylərə,
İstəyirdi üç alma
     yerinə
Göydən ikigözlü mənzilin
     açarları düşəydi.
     Ovqatı dəyişəydi...
Ay Allah, nolaydı
İstəyinə çata biləydi.
Gecələr Qəzənfər
Rahatca yata biləydi...
Göylərin gözü var-
     görür,
Qulağı var-
     eşidir
     Qəzənfəri...

VARLI ADAMA

Səni tanıyanlardan
     biri – mən.
Sən tamam başqalaşdın,
     mən – həmən.
Başını aşağı salıb
İşlərinlə məşğulsan.
Amma varına görə
Bir balaca məşhursan...
Bilirəm çox uzaqsan
İşverəndən, işkəsəndən...
Allaha min şükür
Aşbazın İstanbuldan,
Qulluqçun Rastov tərəfdən,
Yağın, balın – Daşkəsəndən.
Həftədə bir dəfə
     Gəncə bazarlığı...
Adına calayan yox
pisliyi,
     mərdimazarlığı.
Cənnətlik Hacı Zeynalabdindən
Maşallah, bəlkə də çox olar
     malın-pulun.
Amma elə yaşa ki,
     Görünsün məramın, yolun.
Bəlkə bir su kəməri
     çəkdirəsən
Yağış suyuna möhtac
O yanan kəndimizə.
Bir səhər bahar gəlsin
Bozarmış dağa, düzə.
Çıxasan camaatın
Üzünə gülə-gülə
Ad-sanın düşə dilə.
Pulu xərcləmək-çətin,
Bəlkə qazanmaq-asan...
Tələbəyə, xəstəyə
Bəlkə dayaq olasan.

...Olsun!
Qoy Santa-Kruz adasında
     villan olsun!
İstəməyən
     lap filan-filan olsun!
İndi söz sənindir.
Nə dəxli var
Hansı varlı yaxşıdı,
Ya pisdi, yaramazdı...
Sən-cənab, a bəy,
     ay ağa,
Kişi kimi
     Sinəni ver qabağa
Adını tarixə yazdır!..

OĞLAN UŞAĞI

Qapıbir qonşumuz
Sultanəhməd kişiylə
Dünən bir süfrədə
Xeyli sağlıq demişdik,
Bala-bala vurmuşduq...
El-oba arasında
Hörmətlə çəkilərdi
Sultanəhməd kişinin adı.
Amma ki, həmən yay gecəsindən
Günəş “salamat çıxdı”.
Sultanəhməd çıxmadı...
Cənazəsini çiynimizə
     qaldırdıq
Apardıq babasının,
     dədəsinin yanına –
Doğmaca evinə, ünvanına...
...Məhəlləmizin qadınlarını
Qaynaşan gördüm
Həmən gün axşamçağı...
Qonşu Əzizağanın
Nəvəsi olub-dedilər,
Özü də
     oğlan uşağı...

MƏN GƏLİRƏM ÇOX UZAQDAN...

Mən gəlirəm çox uzaqdan
Xəbərim var güllü bağdan.
Əl uzatsam, o budaqdan.
Sən quş olub uçarmısan?..

İstəyimi nolar bil sən.
Sən hardasan,
     Yersən, Göysən?
Mən – yolçu,
     qapını döysəm
Sən yüyürüb açarmısan?


Ömrü-günü vermə yelə.
Sən eləsən,
     Mən də belə...
Məni görsən gülə-gülə
Qucağıma qaçarmısan?..

CƏNNƏT SORAĞINDA

Dağ çayı boyunca-orda, uzaqda
Küləkli, yağışlı bir yaz gecəsi,
Səninlə qalsaydıq biz bir otaqda
Biryolluq batardı fələyin səsi.

Axı bu kölgələr nə istər bizdən
Bəlkə günahkarıq hardasa, nəsə...
Güllər asılardı pəncərəmizdən
Olsaydıq baş-başa, nəfəs-nəfəsə...

Niyyət var xisləti, havası bəlli
Üzünə bağlanıb yolu Cənnətin.
Yalan söz-kiməsə bir boş təsəlli
Fəqət Yaradanı aldatmaq-çətin!

Günəşə boylanan ruhumuz-təmiz.
Ülvi sevdaların büllur səsiyik.
Adəmin, Həvvanın arxasınca biz
Güman var,
     Cənnətə yol gedəsiyik...

BƏXTƏVƏR BAŞINA, AY ÇİÇƏK DƏRƏN

Yazın yaşıl burnu
Qanıyan vaxtı
Yamacdan gül-çiçək
     toplayan gözəl,
Kiminçün dərirsən-
     o kəs xoşbəxtdi!
Yox, onun adını
     hələ çəkmə gəl...

Sehri möcüzədi
     könül varının.
Mən sənə baxıram
     bayaqdan bəri.
Sənin gül nəfəsli
     barmaqlarının
Ətrinə bürünüb
     dağ çiçəkləri.

Bəxtəvər başına,
     ay çiçək dərən.
O xoşbəxt kim ola,
     çıxıb qarşına?
Sən bu çiçəkləri
     kimə dərirsən-
O kəsin sağ əli
     mənim başıma,
Bəxtəvər başına,
ay çiçək dərən...

Şüvəlan,
2014-cü ilin yayı

 





24.11.2014    çap et  çap et