525.Az

Ağsuda şair Sabir Sarvanla görüş keçirilib - Fotoreportaj


 

Ağsuda şair Sabir Sarvanla görüş keçirilib - <b style="color:red">Fotoreportaj</b>

Ötən şənbə Ağsu rayonunda şair Sabir Sarvanla görüş təşkil edilib.

Qeyd edək ki, Sabir Sarvan Ağsunun Pirhəsənli kəndində doğulub, Sarvankənd orta məktəbində oxuyub, bu rayonun yetirməsidir. Elə tədbirin də əsas məqsədi rayon ədəbiyyatsevərlərini öz həmyerliləri olan şairlə görüşdürmək idi.

Tədbirin aparıcısı - tanınmış şair və nasir Əjdər Ol tədbiri açıq elan edərək, görüşün məramı barədə qısa açıqlama verib, Sabir Sarvanın şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb. Sonra Əjdər Ol çıxış üçün Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə söz verib. Ənvər Seyidəliyev  iştirakçıları və səbəbkarı salamlayıb, rayonda keçirilən mədəniyyət tədbirlərindən söz açıb: “Son zamanlarda rayonumuzda görkəmli sənətkarlar Səməndər Rzayevin, Rasim Balayevin yaradıcılıq gecələri, aşıqlarla bağlı tədbirlər keçirilib. Dəyərli şairimiz Sabir Sarvanla bu görüş də həmin silsilə tədbirlərin davamıdır. Sabir Sarvanla görüş ağsulular üçün xüsusi, əlamətdar bir tədbirdir”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid son illərdə dövlətin ədəbiyyata göstərdiyi diqqət və qayğıdan danışıb, yaşlı və gənc yazıçılara təqaüdlərin, eləcə də yaradıcı insanlara müxtəlif mükafatların verilməsi barədə söz açıb. Sabir Sarvanın AYB-nin Sumqayıt təşkilatı kimi ciddi bir quruma rəhbərlik etdiyini vurğulayan R.Məcid onun təkcə yaxşı şair yox, həm də mahir təşkilatçı olduğunu bildirib.

Şair Məmməd Aslan qələm dostu Sabir Sarvanın yaradıcılığı haqda düşüncələrini dilə gətirib, onun şeirlərini seçkin poeziya nümunələri kimi dəyərləndirib.

Tədbirin davamında tənqidçilər Əzizxan Tanrıverdi və İlham Abbasov Sabir Sarvan yaradıcılığı haqqında yığcam təhlil verib, şairin poeziyasının səciyyəvi cəhətlərindən danışıblar.

Aparıcı kimi tədbirin gedişinə özünəməxsus tərzdə - maraqlı müdaxilələr edən şair Əjdər Ol Sabir Sarvanla bağlı diqqətçəkən, məzmunlu  detalları vurğulayıb. Xüsusən də onun Sabir Sarvanın doğma kəndi Pirhəsənli barədə yazdığı şeirə qələm dostundan aldığı poetik cavab iştirakçıların marağına səbəb olub.

Türkiyəli yazar,  Azərbaycan ədəbiyyatının fəal tərcüməçisi İmdat Avşar da  söz alaraq, Sabir Sarvanla indiyə qədər qiyabi tanış olduğunu, birbaşa tanışlığa çox sevindiyini deyib, şairin əsərlərinin türkcəyə tərcüməsindən bəhs edib: “Bir vaxt biz Türkiyədə keçirilən şeir günlərinə Sabir Sarvanı da dəvət etmişdik.

Amma o, hansısa texniki səbəblər üzündən qatıla bilmədi tədbirimizə. Amma bu dəfə tale elə gətirdi ki, bu tədbir mənim Azərbaycanda olduğum günlərə təsadüf etdi və biz görüşə bildik”.

Sabir Sarvanın gənc qələm dostu Həmid Ormanlı çıxışını şairin poetik yaradıcılığı və AYB Sumqayıt təşkilatındakı fəaliyyəti üzərində qurub.

Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib.

Sabir Sarvanı hələ tələbəlik illərindən tanıdığını deyən jurnalist İlqar Həsənovun da çıxışı maraqla qarşılanıb və o, şairin “Hara aparırsan bu gözəlliyi” şeirini söyləyib.

Çıxış edənlər Ağsu Rayon İcra Hakimiyyətinə tədbirin təşkili üçün minnətdarlıq edib, ümumən bölgələrdə ədəbiyyata, sənətə göstərilən qayğıdan məmnunluqla söz açıblar.

Tədbirdə musiqiyə də yer verilib, müğənnilər Elnarə Abdullayeva və Abgül Fərzəliyevin maraqlı ifaları
dinlənilib.

Sonda Sabir Sarvan öz şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb. Şairin “Özümü sözə çevirdim”, “Dərdimi oxusun ney” adlı kitabları da müəllifin imzası ilə tədbir iştirakçılarına hədiyyə olunub.

 

 





24.11.2014    çap et  çap et