525.Az

Ermənistanın şantajları və həmsədrlər: region riskə atılır


 

Ermənistanın şantajları və həmsədrlər: <b style="color:red">region riskə atılır</b>

Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulması ətrafında ajiotaj yaradılır.

Rəsmi İrəvanın məntiqsiz və mənasız bəyanatları ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də şübhə doğuran ifadələr işlədirlər. Azərbaycan tərəfinin bunlara kəskin reaksiya verməsi tamamilə təbiidir. Real vəziyyəti obyektiv qiymətləndirmək əvəzinə beynəlxalq təşkilatlar ikili standartlar siyasətini davam etdirirlər. Bütün bunlar münaqişənin həlli prosesinə ciddi zərər verir, o cümlədən danışıqlar prosesini çıxılmaz vəziyyətə salır.

Azərbaycan ərazisində "neytral zona" axtarışı

Nəhayət, ATƏT-in Minsk qrupunun həmsədrləri erməni hərbi helikopterinin Azərbaycan ərazisində vurulması ilə bağlı danışdılar. Ancaq, bəlkə də dillənməsəydilər, daha yaxşı olardı. Onlar əvvəlki amplualarında qalaraq dolaşıq və ümumi ifadələrlə hadisəyə qiymət verməyə çalışıblar.

Ermənistan silahlı qüvvələrinə məxsus olan helikopterin hansı şəraitdə zərərsizləşdirildiyi gün kimi aydındır. Ermənistanın işğal etdiyi ərazilərdə iri hərbi təlim keçirdiyi barədə konkret informasiyalar və videoçəkiliş var. Təlimlərdə 47.000 erməni hərbiçisi və 3.000-dən artıq döyüş texnikası iştirak edib.

Hərbi təlimlər zamanı Ermənistana məxsus helikopterlər təhrikedici uçuşlar həyata keçiriblər. Onlar Azərbaycan ordusunun mövqelərinə yaxınlaşaraq hücum xarakterli manevrlər ediblər. Nəticəsi də məlumdur.

Təəccüblüdür ki, bir sıra dairələr real dəlil-sübutu bir kənara qoyub, İrəvanın təbliğat kampaniyasının detallarını önə çəkirlər. Onlar İrəvandan Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində hərbi təlim keçməsinin səbəblərini soruşmurlar. Sanki bu, normal haldır. Bununla da ermənilərin təxribatçı hərəkətlərinə gizli surətdə haqq qazandırmağa çalışırlar. Ermənilər də öz növbəsində belə süni havadarlıqdan yararlanaraq danışıqlar prosesini pozur, münaqişə ilə bağlı qəbul edilmiş heç bir rəsmi sənədə əməl etmirlər.

Bütün bunları ATƏT-in Minsk qrupunun həmsədrləri çox yaxşı bilirlər. Çünki 20 ildən çoxdur ki, onlar bu münaqişənin həlli ilə məşğuldurlar (hər halda həmin qrup bu məqsədlə yaradılıb). Lakin problemin həllində heç bir irəliləyişin olmaması fonunda bir milyona yaxın azərbaycanlı öz yurdundan didərgin düşüb. Minlərlə insan həyatını itirib.

Hazırda orada bir nəfər belə azərbaycanlı dinc sakin yoxdur. Əslində, sadə ermənilər də separatçı rejimdən qaçıb yaxalarını qurtarıblar. Müqayisə üçün deyək ki, hərbi təlimlərdə iştirak edən Ermənistan əsgərlərinin sayı Dağlıq Qarabağda yaşayan dinc sakinlərdən çoxdur. Bu o demək deyilmi ki, İrəvan işğal etdiyi əraziləri faktiki olaraq hərbi poliqona çevirib.

Bəs ATƏT-in Minsk qrupunun həmsədrləri bu açıq faktdan niyə danışmırlar? Onlar rəsmi İrəvandan bu qədər əsgər və hərbi texnikanı nəyə görə Azərbaycan ərazisinə yerləşdirdiyinin haqq-hesabını çəkmirlər? Təbii ki, bu sualların cavabı məlumdur. Ancaq məsələ burasındadır ki, bunları bilə-bilə vəziyyəti ermənisayağı təqdim edənlər yalnız ermənilər deyil.

Bu səbəbdən ermənilərin "neytral zona" adlandırdıqları Azərbaycan ərazisi haqqında Minsk qrupunun həmsədrləri də eyni termini işlədiblər. Doğrudur, sonra deyilənlərə düzəliş edilərək "neytral zona" ifadəsi əvəzinə "silahlı qüvvələri ayıran bufer zona" ifadəsi işlənib.

İkili standartlar və beynəlxalq hüquq: ziddiyyətin mənbəyi

Bu, vəziyyəti dəyişmir. Çünki beynəlxalq təşkilatlar ikili yanaşmalardan əl çəkməli və işğalçı Ermənistanı cəzalandırmalıdırlar. Hazırda onların hərəkətləri bu mövqedən çox uzaqdır. Maraqlıdır ki, bir sıra dairələrin fikirləri ilə erməni ekspertlərin uydurmaları üst-üstə düşür.

Ermənistan parlamentinin üzvü Artaq Zakaryan bu kimi məqamlardan istifadə edərək həmsədrlərə özlərini necə aparmaqda ağıl öyrədir. Guya ki, Azərbaycanın davakar bəyanatlarına beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in Minsk qrupu sərt reaksiya verməlidir (bax: Минской группе давно пора дать адресную оценку произошедшему – Артак Закарян / Tert.am, 20 noyabr 2014).

Göründüyü kimi, hətta həmsədrlərin ehtiyatsızlıqdan işlətdiyi sözü erməni diplomatiyası şişirdərək böhtan atmaq məqsədi ilə ondan istifadə etməyə çalışır. Sanki bunu bir sıra dairələr qəsdən edirlər ki, münaqişə öz ədalətli həllini tapmasın. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında təxribat xarakterli hərbi təlim keçirməsində əsas məqsədlərdən biri bundan ibarətdir.

Danışıqlar prosesini pozmaqla ermənilər mövcud status-kvonu saxlamağa cəhd edirlər. Onlar bunun üçün hər cür üsula əl atırlar. Çünki rəsmi İrəvan yaxşı bilir ki, haqsızdır. Real arqumentlərlə qonşu dövlətin torpaqlarını mənimsəyə bilməyəcək. Qalır dünya ictimaiyyətini çaşdırmaq və təxribat törədərək sonra vay-şüvən qoparmaq kimi qeyri-sivil metodlar. Təəssüf ki, bütün bunları nəzərə almadan həmsədrlər beynəlxalq hüququ kənara qoyaraq, işğalçının hərəkətlərini ört-basdır etməyə çalışırlar. Onlar münaqişəni həll etmək əvəzinə məsuliyyəti üzərlərindən atır, "Siz özünüz razılığa gəlin" deyərək, məsuliyyəti başqalarının boynuna qoymaq istəyirlər. Bəs həmsədrlərin heç bir öhdəliyi, yaxud məsuliyyəti yoxdurmu? (bax: Prezident Administrasiyası rəhbərinin müavini: "Necə yəni vertolyot "neytral ərazidə'' düşüb?" / APA, 20 noyabr 2014). Onda nəyə görə onlar vasitəçi adlandırılırlar?

Bu kontekstdə bir məqamı mütləq vurğulamaq gərəkdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın təcavüzü nəticəsində yaranmış vəziyyətin region üçün böyük təhlükə olduğunu ifadə edib (bax: məs., Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında nitqi / www.president.az, 24 iyun 2014). Vasitəçilər isə yaranmış vəziyyəti indiki şəkildə saxlamağa çalışırlar. Bu, nəyi təsdiq edir?

Bu, hər şeydən əvvəl, beynəlxalq təşkilatların və bir sıra siyasi dairələrin münaqişənin həllində maraqlı olmadıqlarından xəbər verir. Bu isə kifayət qədər mürəkkəb situasiyadır. Belə çıxır ki, Azərbaycan hər an gözlənilməz təxribatlara məruz qala bilər. Helikopterlə bağlı baş verənlər bunun nümunəsi kimi qəbul edilməlidir. Bu istiqamətdə düşmənin yeni addımlar atmaq niyyətində olmasını istisna etmək olmaz.

Şübhə yoxdur ki, belə üsullarla Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkün deyil. Onun uzanması isə bütövlükdə region və dünya üçün təhlükəlidir. Ermənistana məxsus hərbi helikopter ətrafında təbliğat ajiotajı yaratmaqla rəsmi İrəvan məhz bu kimi məkrli məqsədlərini həyata keçirməyə çalışır.

İndi dünyanın müxtəlif bölgələrində müşahidə edilən gərginlik, əslində, beynəlxalq ictimaiyyətdən başqa davranışı tələb edir. Ukraynada baş verənlər böyük bir geosiyasi məkanı mürəkkəb vəziyyətə salıb. Yaxın Şərqdə hansı proseslərin getdiyi məlumdur. Münaqişə olan yerdə dinc həyat tərzi yoxdur. O cümlədən, Dağlıq Qarabağ məsələsinin həllini yubatmaq və ya ondan öz geosiyasi maraqları üçün istifadə etmək kursunu götürmək bütövlükdə dünya üçün ciddi təhlükədir.

Ermənistan döyüş helikopterinin vurulması ətrafında yaradılmağa çalışılan ajiotaj təbii ki, bir nəticə verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Onun bu yoldan dönməsi mümkün deyildir. Həmin səbəbdən rəsmi İrəvanın uydurmaları öz başında çatlayacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri isə qondarma terminlərlə baş qatmaq əvəzinə həqiqəti etiraf edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə real surətdə məşğul olmalıdırlar.

Beynəlxalq birlik ermənilərin şıltaq davranışlarına nəhayət ki, qiymət verməlidir. Ermənistana hər bir hadisəni təhrif olunmuş formada təqdim etməyin qəbuledilməzliyi anladılmalıdır. Əks halda, regionda daim riskli situasiyalar yaranacaq və bütövlükdə sabitliyə nail olmaq imkanı minimuma enəcək.

Newtimes.az

 





24.11.2014    çap et  çap et