525.Az

Elşad Ərşadoğludan "Eşqə doğru"


 

Elşad Ərşadoğludan "Eşqə doğru"<b style="color:red"></b>

Elşad Ərşadoğlu ilə tanışlığımız Gənc Ədiblər Məktəbində yaranıb. Hərçənd ki, orada bir o qədər də ünsiyyətimiz olmayıb, amma onun həyəcanını boğmağa çalışaraq sakit səslə hərdən şeir deməyini xatırlayıram. Elşad Ərşadoğlu ilə daha yaxın tanışlığımız və dostluğumuz hər ikimiz Yazıçılar Biriyinin Gənclər Şurasında eyni tərkibdə təmsil olunandan sonranın işidir. Açığını etiraf etsəm, sakit və ağıllı, amma qeyri-təşəbbüskar görünən Elşad Ərşadoğlunun dəli-dolu, çılğın gənclərlə necə işləyəcəyini, onlara necə sədrlik edəcəyini çətin təsəvvür edirdim. Ancaq zaman göstərdi ki, məhz təmkinlə, ağılla, müdrikliklə hərdən sözünün və hərəkətinin cilovunu buraxan çılğın söz adamları ilə dil tapmaq mümkündür.

Təxminən eyni ədəbi nəslə aid olduğumuzdan və eyni komandada çalışdığımızdan adını ərklə soyadsız çəkə biləcəyim dostumun bugünlərdə “Eşqə doğru” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Elşadın bu yeni uğuruna dost kimi ürəkdən sevinməklə yanaşı, həm də oxucu təəssüratlarımı, sevincimi və iradımı  bölüşmək istədim. Elşadın ilk kitabı – “Yarsan mənim ürəyimi” 2007-ci ildə çap olunub. Üç il sonra isə “Kələfin ucu” işığa çıxıb. “Eşqə doğru”da isə onun son illərdə yazdığı şeirlər toplanıb.

Kitabın önsözündə şair Çingiz  Əlioğlu, müəllifin yaradıcılığı ilə yanaşı, şəxsiyyətini də incələyib və “bugünkü gənc şairlər sırasında yüksək əxlaq, mədəniyyət və istedadı ilə seçilən Elşadın” şeirləri ilə bağlı mülahizələrini qələmə alıb. Çingiz Əlioğlu önsözdə maraqlı üsul seçib, oxuculara şairin avtoportretini və ədəbi mətbəxini onun öz dilindən, şeirlərindən misralarla təqdim edib: “...Elşad təvazökarcasına “Sorma adım nədir mənim” pıçıltısıyla “Çıxarram üzə sevgimi” xəbərdarlığı edir və bu yerdə oxucu bir qədər ehtiyatlı olmaq ehtiyacı hiss edir. Çünki onun da “Başına nə gəlib sevgidən gəlib...”, “Həm çölünü, həm içini talayıb...” sevgi qoxuyan adamların qarışıq ətri təmiz hava eşqilə bu qapını açanları bir az çaşdırır. Bu yerdə oxucunun köməyinə “Sevmək üçün vaxtım yox...” deyən şairin “Əlimə bir yekə lapatqa alıb(!), bu dərdi qəlbimdən qaşıyam gərək...” qətiyyətli qərar gəlir... “Uzaqdan gələn adam”a “ən sərfəli təklif”lə “dörd otaq verirəm öz ürəyimdə” vədilə “sevgisi kiloynan” olan şairi “o gözəl qızı” sevəcəyi halda “içinin, çölünün pası” gedəcəyi ümidilə baş-başa buraxıb “Axtar gör, özümün harasındayam” (!!) lütfkar dəvətilə onun başqa şeirlərinə üz tuturuq”.

Yəqin ki, Elşadın poeziyası haqqında fikir söyləmək üçün Çingiz Əlioğlunun seçdiyi bu üslubu davam etdirmək yerinə düşər. Kitabda “Hər şey sevgidən başladı” qənaəti ilə “Həyat ölümdən keçir...” reallığını “Həri şey təbiətə dönür sonunda” həqiqəti tamamlayır. Elşad yeni kitabdakı şeirlərini adıçəkilən bölümlərdə təqdim edib. Və “Eşqə doğru” yola çıxarkən klassiklərin fikrinə istinadı da unutmayıb: Sədi Şirazinin “Eşqə uçarsan, qanadların yanar” xəbərdarlığını Mövlananın “Eşqə uçmasan, qanadların nəyə yarar?” ritorik sualı izləyir. Yunus Əmrə isə bu sufiyanə “dartışmaya”  elə sufiyanə də son verib: “Eşqə qovuşduqda qanadları kim arar?”. Elşadın “Eşqə doğru” “uçuşunda” bu qanad məsələsi fərqli şəkildə və müxtəlif dərəcədə nəzərə çarpır: bəzi şeirlərində açıqca hiss olunur, bəzilərində isə ümumiyyətlə, “qanadın” harda olduğunu, ümumiyyətlə, ya görmürsən, ya da fərqinə varmırsan.

Kitabın adından göründüyü kimi “məsələ” eşqdir. Böyük Füzulinin “Eşq imiş hər nə var aləmdə” qənaətinə gələn gənc müəllifin şeirlərində Allah sevgisi ilə onun yaratdığına olan məhəbbət bir aradadır. Lirik qəhrəmanın qəlbi sevgiylə doludur, istər Allaha, istərsə də onun yaratdığı gözələ və gözəlliyə...

Allahı ölməyə qoyma içində...

Və ya

Mənim əllərim sızlayır,
O qızın saçı göynəyir...

Yaxud

Bu sevgili həyatda
Sevimli insan kimi
Yaşayıb ölməkdən gözəl nə var ki?..

Tənhalıq hiss eləməsən, darıxmasan, başgicəlləndirən qələbəliyin içində doğma ruhu axtara-axtara yaşamasan nə şeir doğular, nə də şair olar. Elşadın şeirləri üçün də tənhalıq hissi və onun ən müxtəlif təsvirləri xarakterikdir:

Bu kifir təkliyi boşayam gərək.../ Məndən birini də yarat İlahi, Bu tənha ruhuma həyan gəzirəm../ İçində bu işin-gücün, Bu gəl-gedin, köçhaköçün, Darıxıram özüm üçün, Burnumun ucu göynəyir.../ Soyunub bu nimdaş tənhalığı mən, Onun sevgisini geyinə bilsəm...

Son nümunədən də aydın olduğu kimi insan, onun sevgisi tutalğacdır. Amma həmişə də belə olmur axı...

...hərə bir az sevmir məni,
Hərə bir az atır gedir...
...Ürəyimdə yer verirəm,
Gedən vaxtı satır gedir...
Ya da:
Məni işğal eləyən qız,
ürəyimi qənimət kimi
ələ keçirib apardı...
Və nə yazıq ki bəzən də:
Keçir ürəyimdən, keçir adamlar...
Əvvəl ürəyimə gəlirlər
Tənhalıqdan qorunmağa,
Könüllərin ovutmağa,
Göz yaşların qurutmağa...
Daha nələrə, nələrə...
Elə ki,
İşlərini sahmanladılar,
Təhlükəni adlatdılar,
məqsədlərinə çatdılar,
köçür ürəyimdən, köçür adamlar...
Beləcə,
Təhlükədən qorunmaqçün,
Piyada keçidindən keçən sayaq,
ürəyimdən gəlib keçir adamlar...

Elşadın heca vəznindəki şeirlərinin bəzilərində gözə dəyən ənənəvi ifadə tərzi, özündən əvvəlki sələflərinin yaradıcılığından yaxşı tanış olan ifadə, ibarə və qafiyələrlə yanaşı, orijinal, təptəzə, dipdiri təsir bağışlayan maraqlı deyimləri də az deyil. Və bu deyimlərə rast gələndə, özün yazıbsanmış kimi, sevinirsən də. Elşad nədənsə sərbəst şeirə az müraciət edir, amma fikrimcə, orada da uğurlu poetik ifadə tərzi ortaya qoymağı bacarır.

“Atüstü şeirlər”inin birində yazdığı kimi “Sözün qulu olsa da, sözünün ağası olan” Elşadın bundan sonra da “ürəkdən gələn sözləri tanımasını” arzulayıram – həm dost, həm də oxucu kimi...

Sevinc MÜRVƏTQIZI

 





24.11.2014    çap et  çap et