525.Az

Havayı tikə tələdə olur


 

Havayı tikə tələdə olur<b style="color:red"></b>

Siyasət mənim bilmədiyim, yəni yaxşı bilmədiyim bir sahədir. Hərdən məcbur oluram mübahisəyə qoşulum.

Mübahisəyə qoşulduğum vaxt da bildiyim və sevdiyim ədəbiyyatdan gedir, mənim bədii yaradıcılığıma zərər verir. Amma neyləyəsən? Elə siyasi vəziyyət və siyasi mübahisələr ortaya çıxır ki, susmaq, “yox, mən poeziya ilə məşğul oluram” demək, yaxanı qırağa çəkmək olmur. Çünki vətənin taleyindən söhbət gedir.

Onu “siyasətçilər” adı altında meydan sulayan boşboğazlar, trubunalar ixtiyarına vermək olmaz. Onlar sabun köpüyü kimi, girəvə düşmüşkən, görünmək üçün ortaya atılmış insanlardır. Bunların bəzilərinin sifarişli çalışdığını da bilirik. Bu, insan təbiətidir. Yaxşı, bilirəm ki, belələri bütün ölkələrdə, bütün xalqların arasında var! Qardaş Türkiyəyə baxın. Gücü artdıqca, inkişaf etdikcə onu içərisindən qarışdırırlar. Gənclərini küçəyə tökürlər. Bu, qədim bir imperiya olmuş dövlətdən qalan Türkiyədir. Onun qalığı da güclüdür. Türkiyənin düşmənləri də bilir ki, onu çökdürmək mümkün deyil, amma inkişafını ləngitmək mümkündür. Onun suyunu bulandırmağa çalışırlar ki, balığını tutsunlar.

Amma biz ölkə kimi gəncik, Avropada müstəqil ölkə kimi çox gəncik. İmperiya dişinin altından yaralı çıxmışıq. Qarabağ adlı yaramız qan verə-verə, hələ üstəlik inkişaf edirik. Bu bir danılmaz faktdır, biz son on beş il ərzində keçdiyimiz inkişaf yolunu yetmiş il Sovet dövləti tərkibində keçməmişdik, keçə də bilməzdik.

Çünki hamının qazandığı ümumi imperiya qazanına gedirdi. Sonra hərənin boşqabına istədikləri qədər pay qoyurdular. İkinci Dünya Müharibəsindən sonra Ağdaş rayonunda Ziyad adlı kişi vardı, bəy oğlu idi. Ağlını itirmişdi. Alver edirdi. Beş manata aldığı malı üç manata satırdı. Deyirdilər, Ziyad, belə olmaz, bu cür alver doğru deyil. Deyirdi:

– Mən bazara ucuzluq salıram.

Adamlar ona gülürdü. Mən uşaq idim. Anlamaq istəyirdim, bir dəfə xəlvət vaxt tapıb soruşdum:

– Ziyad əmi, niyə belə eləyirsiniz? Belə alver olmaz. Baha alıb ucuz satırsınız. Bunun axırı pis qurtaracaq.
Kişi diqqətlə üzümə baxıb gülümsündü, başımı sığalladı:

– Qardaşoğlu, mən də bilirəm bunu n axırı pis qurtaracaq, böyüyəndə sən dövlətdən soruşarsan, niyə biz baha alıb ucuz satırıq?

Sonra böyüyüb ağlım kəsəndə öyrəndim ki, müharibə dövründə hərbi texnikanin işlətdiyi yanacağın yetmiş faizi Bakının məhsulu imiş. Nədənsə müharibədən sonra qəhrəman şəhərlər sırasında Bakının adı olmadı.

Niyə olmadı? Soruşan oldumu? Mən onda da soruşmamışam, indi də soruşmuram. Çünki insan, bildiyi şeyi başqasından niyə soruşmalıdır? Siz də soruşmasanız, təəccüblənmərəm, düşünərəm yəqin bilirsiniz. Amma bəziniz çox gəncsiniz, heç bilmirsiniz ananız, atanız gecəyarısı gedib çörək mağazasında növbə tuturdu. Yağ, ət talonla alınırdı. Bunlar da olub, olub. O günlərin birində fəhlə Salman kişi məktəbdən nəvəsini götürəndə uşağın müəlliməsi kişini təbrik etdi:

– Salman əmi, nəvən bu gün fantan elədi. Məktəbə yoxlama gəlmişdi, yaxşı cavab verdi. Dedilər, kimin balasısan? Dedi babamın! Dedilər, baban kimdi? Dedi, Lenin baba! Hamı əl çaldı, başımız uca oldu.

– Sağ ol, qızım. Gəl, sənə Krupskaya nənən, Lenin baban qurban. Gəl öpüm səni, gəl gedək. – Nəvəsini bağrına basdı.

Qız çaşıb qalmışdı, bilmirdi gülsün, yoxsa ağlasın.

1987-ci il idi. “Neft daşları”nda çalışan bir neftçi dostumla görüşdüm. Uşaqlıq, gənclik illərimizi xatırladıq, Ağdaşı, qohumları, dostları yad etdik. Yadıma dəli Ziyad düşdü. Dostumdan soruşdum:

– Biz bu qiymətli sərvətimiz qara qızıldan ildə nə qədər qazanırıq?

– Nefti deyirsən?

– Bəli.

– Vallah, dəqiq söz deyə bilmərəm.

– Yenə... təxmini olsa da...

– Məncə, quruda çıxarılan neftdən gələnin hamısı SSRİ xəzinəsinə daxil olur. Amma “Neft daşları”ndakı buruqlardan, əgər eşitdiyim kimidirsə, biz Moskvaya hər litrinə görə borclu qalırıq.

– O necə olur? Elə də şey olar?

– Olar, tutaq ki, çıxartdığımız hər litr nefti biz Moskvaya dörd qəpiyə satırıq. Lakin çıxarılan hər litr neftin yerinə torpağın altına bir litr dəniz suyu vurulur. Dənizin suyu SSRİ-nindir. O da suyu bizə litri altı qəpiyə satır.

– Bəh, bəh, keyf çəkirikmiş. Allah rəhmət eləsin dəli Ziyada. Bazara ucuzluq gətirməkdə bizi bu günlər üçün hazırlayırmış.

Dörd il sonra SSRİ-nin tifaqı dağıldı. Belə nəhəng dağıntılar zamanında, təbii ki, itkilər olur. Əvvəl xaos yarandı. Xəzinə talandı. Sonra pusquda yatıb girəvə güdən qonşuda yaşayan canavar əli silahsız insanları soyqırımına məruz qoydu, ahılları, uşaqları, qızları, gəlinləri güllədən keçirdi. Artıq vətəndaş müharibəsinin ilk ocaqları yanmağa başlamışdı. Xalq öz xilaskarı dövlətçiliyi, dövlət qurmağın ustadı olan ümummilli liderimiz Heydər Əliyevi köməyə çağırdı. O, hadisələri izləyirdi, yaxşı bilirdi ki, yox demək Azərbaycan adlı bir dövləti həmişəlik itirmək deməkdir. Silahlı dəstələri tərksilah etdi. Ordu yaratdı, elə ilk həmlələrdə düşməni sülhə məcbur etdi. Düşmən öz qarşısında qoşun gördü. Horadizdə aldığı zərbədən ağlı başına gəldi. Sülhə razılaşdı. Daha sonra “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə gəlir mənbəyi idi, amma ondan daha vacib olan bu layihə ilə Ulu Öndər Azərbaycanı dünya ölkələrinə bağlayırdı. Dünyanın qədim və güclü ölkələrinin birliyində Azərbaycanı ayrılmaz və dəyərli bir ölkə edirdi. Bu kəmərlər keçdiyi ölkələrdə insanlar Azərbaycanın işığını görür, istisinə qızınır. Təbii ki, lazım olanda bu işığı, bu istini və isti münasibəti müdafiəyə qalxacaqlar. İndi Azərbaycanın güclü ordusu var, özünün müdafiə sənayesi inkişaf edib. Bu son on beş il ərzində Azərbaycan borc verən, investisiya qoyan, nəhəng layihələr həyata keçirən ölkəyə çevrilib. Bakı dünyanın ən gözəl paytaxt şəhərləri ilə yanaşı dayana bilən bir şəhər olub. Avropanın ilk Olimpiya oyunlarına Bakı ev sahibliyi edəcək, bunu ölkəmiz qazanıb. Bu nailiyyətin, dünyada bu hörmətin, inamın qazanılmasında ölkəmizdə yaşayan hər vətəndaşın əməyi var. Ölkəmizdə yaşayan hər kəs əgər öz vicdanı qarşısında alnıaçıq, üzüağdırsa, əlini ürəyinin üstünə qoyub iftixar hissi ilə – Mən Azərbaycanlıyam – deyə bilər. Yetmiş illik Sovet dövrü tariximizdə indiki qədər inkişaf etməmişdik. Düşünürəm, Sovet dönəmində keçən yetmiş il ərzində sərvətimiz, qazancımız özümüzə qalsaydı yollarımız da qızıldan ola bilərdi.

Dünyanın bu qarışıq dövründə daha ayıq-sayıq olmalıyıq. Ölkə varlı və güclü olduqca onun düşmənləri də daha varlı, daha güclülər olur. Hər kəs durduğu yerdə başqasına hücum etmir. Biri birindən qisas almaq istəyəndə, evini dağıtmaq istəyəndə əvvəl o ailədə insanların bir-birinə olan məhəbbətini almağa çalışır.

Ona zədə salır, atanın anaya, bacının qardaşa, övladın ata-anaya olan məhəbbətinə qurd salır. Evi içindən dağıdır. Sonra düşmənə az iş qalır. “Kömək” eləmək adı ilə evə girir. Evdəkiləri evindən çıxarıb, çöldə hərəni bir küncə qoyur. Tez-tez savaşdırıb baxır, sonra araya girib sakitləşdirir. Nəhayət, sübut olunur ki, ailə bu “xeyirxah” insansız yaşaya bilməz, bir-birini qırar. Bu “xeyirxah” insan da onları işlədib duru yerindən öz payını görürür. Bu model eyniylə ölkələrə də tətbiq olunur. Bu təhlükə həmişə varlı ölkələrin başında olur, əgər kasıb ölkəyə qarşı olursa, deməli, öyrəniblər ki, bu kasıb xalqın torpağının altında çox qiymətli sərvət var. Oraya əvvəl humanitar yardımla gəlirlər. Necə deyərlər, “havayı tikə tələdə olur”. Bəs görmürsünüzmü ölkə daxilində yaradılmış rəngarəng müxalif partiyaları, qeyri-hökumət təşkilatlarını xaricdəki siyasət ustaları necə böyük məhəbbətlə sevirlər... Əstəğfurullah, mən bu partiyaların, qeyri-hökumət təşkilatlarının əleyhinə deyiləm. Əslində bu təşkilatların yaranışı yaxşı niyyətlər, ideyalar üstündə qurulub. O təşkilatların hər birində fərqli düşünən, onlara başqa bucaqdan baxan ağıllı insanlar var. Onların da yaxşı təklifləri, maraqlı ideyaları ölkənin inkişafında yardımçı ola bilər. Onlar dinlənilməli, öyrənilməli, təklifləri maraqlıdırsa, istifadə olunmalıdır. Birinci ona görə ki, onlar düşmən deyil. “Baxmayaraq, yaxşı şeyləri düşməndən də öyrənmək olar”, hamımız bir vətənin övladlarıyıq, vətənin inkişafı naminə rəqib kimi görünə bilərik. Amma bərk ayaqda hamımız bir səngərdə çiyin-çiyinə olacağıq. Unutmamalıyıq ki, düşmənlərimiz var. Onlar bu təşkilatların zəif damarını yaxşı bilir. Ustalıqla istifadə edirlər. Bu doğma insanları qızışdırıb düşmən səviyyəsinə kimi gətirirlər, qoyurlar üz-üzə. Sonra biz onların yardımçısına çevrilirik.

Allaha uzanıb narazı əllər,
Hamı “mənim payım” az oldu deyir!
Pay bölən ağılı düz bölüb ancaq
Heç kəs öz ağlından gileylənməyir.

Bəlkə, bir-birimizə qəzəblənməzdən əvvəl “lənət şeytana” deyib bir an da səbr edək, bir daha öz ağlımızdan soruşaq haqlıyıqmı? İndi ehtiyatlı olmaq zamanı yetişib, çünki itirəcəyimiz şeylər daha çoxdur.

 





24.11.2014    çap et  çap et