525.Az

Sınaq qiymətləndirilməsi


 

Sınaq qiymətləndirilməsi<b style="color:red"></b>

Dünən – həyəcan, qorxu, intizar, bir az da etiraz dolu bir narahatlıq.

Bu gün – bəlkə də nisbi sakitlik.

Sabah – nə olacaq,yaxud da nə olmalıdır.

Bakı şəhərində müəllimlərin sınaq imtahanları barədə düşünəndə istər-istəməz bu ifadələr yadıma düşdü. Əlbəttə, bu mənim subyektiv düşüncələrimdir. Əslində bir az dərindən diqqət yetirəndə reallıq dediyimizdən çox da fərqli deyil.

Yəqin ki, Təhsil Nazirliyinin Bakı səhərinin ümumtəhsil məktəb müəllimlərinin sınaq qiymətləndirilməsinin keçiriləcəyi ilə bağlı verdiyi açıqlamadan sonrakı vəziyyəti xatırlayırsınız. Elə bil, sükut pozulmuşdu, rahatlıq çəkilmişdi, sanki qeyri-adi nəsə baş verəcəkdi. Kimlərsə iddia edirdi ki, müəllimi də imtahan etmək olarmı? Bu, cəmiyyət qarşısında müəllimə çox böyük hörmətsizlikdir. Kimlərsə bunu təhsilimizə bir zərbə kimi qiymətləndirirdi. Kimlərsə bunun şagirdlər üçün yaxşı bir nümunə olmayacağını düşünürdü. Bunun hansısa “məqsədlər” üçünsə edildiyini, yeni qazanc mənbəyi kimi fikirləşildiyini dilə gətirənlər də az deyildi. Bir sözlə, sinaq qiymətləndirilməsi gündəmi sözün əsl mənasında zəbt etmişdi. Təhsillə bağlı olan da, olmayan da şərh verməkdən, fikir söyləməkdən çəkinmirdi. Cəmiyyət sanki iki fərqli qütbə bölünmüşdü. Bir tərəfdə razılıqla, anlaşıqla qarşılayanlar, bunun təhsilimizə yeni nəfəs gətirəcəyini, zəruri bir addım olduğunu deyənlər, bir də nə baş verdiyini və onun hansı istiqamətdə gedəcəyini olduğu kimi başa düşməyib ehtiyatla davrananlar, o biri tərəfdə isə narazılıqla qarşılayanlar, etiraz edənlər, yaxud da nəyin bahasına olursa-olsun bunun baş tutmamasına çalışanlar dayanırdı. Hansı qütbdə insanların çox olmasını dəqiq demək olmasa da, təxmin etmək olurdu ki, hər iki tərəfin kifayət qədər tərəfdarları, söz deyənləri var idi. Razı olanlar və ya məmnunluqla qarşılayanlar əsasən bu ideyanın tərəfdarları olan rəsmilər, bir sıra təhsil mütəxəssisləri, əsasən də şagirdlər və valideynlər idi. Bir sıra təhsil mütəxəssisləri bunu dünya təcrübəsinə, təhsilimizin keyfiyyətcə yaxşılaşmasına hesablanmış qaçılmaz bir addım kimi qiymətləndirdiyi halda, şagirdlər bunu əyləncə, valideynlər isə övladlarına axır ki, yaxşı təhsil veriləcəyi, repetitorluqdan  canları qurtaracağı, bir xəstəliyə dönmüş, bəzən isə ailələri müflis edən, çıxılmaz vəziyyətə salan hazırlıq xərclərindən qurtulacaqları ümidilə baxırdılar. Əslində ikinci tərəfin-narazıların çox təpki göstərə bilməməsində,ciddi müqavimətə səbəb ola bilməməsində və sınaq qiymətləndirməsinin uğurla baş tutmasında bu amilin – real vəziyyətin çox böyük rolu olmuşdu.

Real vəziyyət necə idi?

Reallıqda isə bir tərəfdə təhsil sənədi almaq məqsədilə şagirdlərin məcburən getməli olduğu və ya “yolunu” tapmalı olduğu formal ümumtəhsil məktəbi, digər tərəfdə isə bilik və vərdişlər qazanıb ali məktəbə qəbul olunmaq üçün valideynin pul ödəyib övladını qoyduğu rəsmi və ya qeyri-rəsmi ali məktəbə hazırlıq kursları, repetitorlar fəaliyyət göstərirdi. Başqa sözlə desək, bir məqsəd üçün belə demək mümkündürsə, iki qurum paralel fəaliyyət göstərirdi. Həm də maraqlıdır ki, bu iki qurumun ikisində də dərs deyən, hazırlıq aparan müəllimlərin mütləq əksəriyyəti eyni adamlar idi. Lakin yanaşmalar müxtəlif idi. Müəllimlərin   əksəriyyəti hazırlıq kurslarına daha çox güc sərf edir, diqqət göstərir, intizam nümayiş etdirir, daim yeni-yeni yollar fikirləşir, metodikalar hazırlayır, qabaqcıl təcrübəni öyrənib tətbiq edir, bu sahədə ixtisasını artmağa, təkmilləşməyə çalışırdı. Ümumtəhsil məktəbinə isə el dilində desək, barmaqarası baxırdı. Ədalət naminə də deyək ki, müəllimin də əsas  dolanışığı və gəlir mənbəyi də repetitorluq idi. Məktəb isə ona əsasən dövlət iş yeri kimi, uşaqları repititorluğa cəlb etmə fürsəti baxımından lazım idi. Əslində də məktəbdə keyfiyyətli dərs deməsi üçün onun nə həvəsi qalmırdı, nə də ki gücü. Ona görə də yeri gəlmişkən qeyd edək ki, söylədiyimiz məqamlarda “ağırlıq mərkəzi” məktəbin xeyrinə dəyişmədikcə repetitor müəllimin məktəbdə tam gücü ilə keyfiyyətli dərs deməsinə inanmaq da sadəlöhvlük olardı. Repetitorluq şagirdlərə əlavə vaxt, pul və güc bahasına başa gəldiyi kimi, repetitora da fiziki, əqli və sair baxımdan da çox böyük əlavə ağırlıqlar hesabına başa gəlirdi.
Bütün bunlar valideynləri sözün əsl mənasında bezdirib təngə gətirmişdi. Belə bir məqamda müəllimlərin sınaq qiymətləndirilməsi valideynlərdə bir inam yaratdı. Odur ki, hər bir məsələdə valideynləri bir qalxan kimi qarşılarında saxlaya bilən müəllimlər bu dəfə valideynlərin “köməyindən”  məhrum oldular və bu da sınaq qiymətləndirməsinin ciddi etiraz olmadan, uğurla həyata keçirilməsində mühüm amillərdən biri oldu. Amma həyəcan, intizar, bir az da etiraz dolu  narahatlıqlar geridə qaldı.
Heç şübhəsiz ki, bura qədər olan mərhələni çox böyük uğur hesab etmək olar:
1. Müəllimi sınağa çəkmək olmaz kimi bir sindrom sındırıldı.
2. Müəllimlər müəyyən mənada özlərini səfərbər etdilər, bir az da məsuliyyətləndilər.
3. Pis və yaxşı olmasından asılı olmayaraq, müəllimlər üçün ilk sınaq – qiymətləndirmə materialları hazırlandı.
4. Kütləvi şəkildə müəllimlərin monitorinq edilməsi təcrübəsi yarandı.
5. Valideynlərdə, ümumən, ictimaiyyətdə vəziyyətin tezliklə düzələcəyi ilə bağlı bir ümid, təhsil islahatlarının sözdə deyil, real olaraq aparılacağına inam yarandı.

Hazırda nə etməli və yaxud da nələri etməməli?

 1. Sınaq qiymətləndirilməsində yüksək nəticə gostərənlərin potensiallarından istifadə etməli. Bununla bağlı onların vəzifədə irəli çəkilməsinə, araşdırma-tədqiqat işlərinə cəlb edilməsinə, haqlarında yazıların verilməsinə, nümunə kimi qəbul olunmasına diqqət yetirilməlidir.
 2. Mümkün olduğu qədər nəticələri orta və aşağı olanların adları hər yerdə hallandırılmamalıdır.
 3. Sınaq qiymətləndirilməsinin nəticələri nə qədər mümkündürsə, detallı təhlil edilməli, müəllimlər nöqsan və uğurlarına görə, başqa sözlə desək, onlara nələrin öyrədilməsi ilə bağlı  bir nəçə qrupda komplektləşdirilməli və onlarla konret işlərə başlanılmalıdır.
 4. Konkret işlər isə odur ki, müəllimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması ilə bağlı yeni yanaşmalar işlənməli, forma və üsullar  tapılmalıdır.
 5. İxtisasartırma qurumları konkret proqramlarla işləməli, lazım gəldiyi hallarda yüksək ixtisaslı peşəkarların cəlb edilməsinə imkanları olmalıdır.
 6. Ümumiyyətlə, çox vacib bir məsələ kimi sınaq qiymətləndirməsindən sonrakı fəaliyyətlə bağlı bir yol xəritəsinin hazırlanması baxımından hökumətin bir proqram qəbul etməsinə ehtiyac var.
 
Gələcək üçün nələr edilməlidir?
 
1. Dünyanın bu sahədəki qabaqcıl təcrübələri öyrənilməlidir. Məsələn, Braziliya, Çexiya ,Rusiya və s.
2. Müəllimin peşəkarlığının məzmun və qiymətləndirmə  standartları işlənməli, ictimai müzakirəyə çıxarılmalı və  təsdiq  edilməlidir.
3. Qiymətləndirməni aparan müstəqil bir dövlət və ya qeyri-dövlət qurumu yaradılmalıdır və ya onların bazasında  yenidən təşkil edilməlidir.
4. Butün bunlar dövlətin təsdiq etdiyi plana uyğun olmalıdır.
 
Bunlar olmasa, nə olacaq?
   
Əlbətdə ki,faciə baş verməyəcək və ədalət naminə deyək ki, müəllimlərin sınaq qiymətləndirilməsi görülmüş iri həcmli müsbət bir iş kimi yadda qalacaq.Amma sistemli bir işə çevrilməyəcək,mövcud problemin əsaslı həllində köklü bir irəliləyişə səbəb ola bilməyəcək.
 
Son söz əvəzi
 
Bəlkə də başqa mövqedən yanaşmaq olardı, bəlkə də bəzi məqamları bir az da yumşaq ifadə etmək  olardı. Bəlkə də kimlərsə mənimlə razılaşmayacaq. Əlbəttə ki, bütün bunlar mümkündür. Ancaq mən özümü qiymətləndirmə tərəfdarlarından hesab edirəm və bu barədə fikirlərimi də hələ qiymətləndirmə başlamazdan əvvəl  mətbuatda – televiziya, qəzet və internet saytlarında da bildirmişdim. Odur ki, bu çox ciddi bir proseslə bağlı bəzi fikir və mülahizələrimi bildirməyi özümə borc bildim.

 





24.11.2014    çap et  çap et