525.Az

TQDK 3 yerə “bölündü”


 

TQDK 3 yerə “bölündü”<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) inzibati binası ilə bağlı açıqlama yayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son illərdə Komissiyanın səlahiyyətlərinin artırılması bununla əlaqədar görülən işlərin həcminin, eləcə də Komissiyanın əməkdaşlarının sayının artması ilə nəticələnib. Bundan başqa, Komissiya tərəfindən həyata keçirilən texnoloji işlərin daha operativ görülməsi, keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə yeni texnologiyaların tətbiqinə, müasir avadanlıqlardan istifadə olunmasına zərurət yaranıb. 

TQDK-nın akademik Həsən Əliyev, 17 ünvanında yerləşən inzibati binasında müasir tipli mətbəənin quraşdırılması ilə bağlı ilkin hazırlıq işləri görülərkən bu binanın qəzalı vəziyyətdə olması müəyyənləşib. Buna görə də 2014-cü ilin iyun ayından Komissiyanın yeni qurğularla təchiz olunmuş mətbəəsi və texnoloji işlərlə bağlı müvafiq bölmələri Heydər Əliyev prospekti, 130 ünvanında fəaliyyət göstərir.

Komissiyanın Yoxlama-ölçmə materiallarının işlənməsi, elmi-metodiki istiqamətdə çalışan struktur bölmələri isə 2014-cü ilin oktyabr ayından etibarən Abdulvahab Salamzadə küçəsi, 28 (Asiya Universitetinin binası) ünvanında fəaliyyət göstərir.

Komissiyanın rəhbərliyi, informasiya təminatı, eləcə də təşkilati işləri həyata keçirən struktur bölmələri isə dekabr ayının 15-dən etibarən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a. ünvanında yerləşəcək.

Müvafiq dövlət qurumları tərəfindən TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub.

Beləliklə, yeni bina hazır olanadək Komissiyanın müxtəlif strukturları 3 müxtəlif binada fəaliyyət göstərəcək.
 
”Bildiririk ki, qeyd olunanlarla əlaqədar Komissiyanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsində, o cümlədən imtahanlarla əlaqədar təşkilati, elmi-metodiki və texnoloji işlərin aparılmasında və bu prosesin təhlükəsizliyinin təmin olunmasında, dərsliklərin monitorinqinin, fənlər üzrə seminarların müəyyən olunmuş qrafik üzrə keçirilməsində və Komissiyanın səlahiyyətlərinə aid olan digər məsələlərin icrasında hər hansı maneə yaranmayacaq”.

 





21.11.2014    çap et  çap et