525.Az

Sosial şəbəkələr: Ailə dağıdır, ya ünsiyyət yaradır?


 

Sosial şəbəkələr: <b style="color:red">Ailə dağıdır, ya ünsiyyət yaradır?</b>

"İnternet ondan düzgün istifadə etməyənlər üçün bir tələdir"

“Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

Ölkəmizdə “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib. İstifadəçi marağına görə, ikinci yeri (2,9 faiz) “Youtube” sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib.

Eyni zamanda, “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.
 
“Azərbaycanda sosial şəbəkələrə qoşulanların sayı 2 milyona çatıb”. Bu barədə isə Lent.az-a rabitə və texnologiyalar nazirliyinin mətbuat xidməti Müşfiq Əmirov məlumat verib. Onun sözlərinə görə, “Facebook” abunələrinin sayı isə milyon yarıma yaxınlaşıb. Bu da o deməkdir ki, Azərbaycanda hər 4-5 nəfərdən biri internet istifadəçisidir.
 
Sosial şəbəkələrin ailə modelinə müsbət və mənfi təsiri
 
İnformasiya Texnologiyalar İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudovun fikrincə, adətən sosial şəbəkələrin faydalarından danışılmır: “Daha çox fəsadlarından danışılır.
Məsələn, internet ailə dağıdır: “Yoldaşım “Facebook”da başqa adamla tanış olub, ailəmizi dağıtdı”. Lakin demirlər ki, biz “Facebook”da tanış olub evlənmişik. Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə qururlar. Bu sosial şəbəkələrin ailə modelinə müsbət təsiri. Cəmiyyətdə buna rəy yaxşı olmadığından, qeyri-ciddi yanaşıldığından ailələr bunu ictimailəşdirmirlər. Gizli saxlayırlar. Son zamanlar internet vasitəsi ilə tanış olub ailə quranların sayı hədindən çoxdur. İnternetdə tanış olub ailə qurmağın heç bir qəbahəti yoxdur. İnternet sadəcə vasitəçi kimi qonşunu, xalanı, bibini əvəz edir”.
 
R. Mahmudov onu da deyir ki, eyni zamanda internet ailələrin dağılmasında katalizator rolunu oynayır:

“İnternet vasitəsi ilə ər, ya arvad kiminləsə tanış olur. Başlayır yazışmağa, görüşməyə. Bəzən elə olur ki, ailələr boşanma həddinə çatır. Yaxud boşanmadan ər, ya arvad özünə sevgili tapır, onunla ünsiyyətdə olur. Bu da internetin ailə modelin mənfi təsiridir. Amma bunu sadəcə internetə bağlamaq düzgün deyil.

İnternet o insan üçün əlverişli mühit yaranır. Ona qalsa, insanlar iş yerində də, küçədə də yeni adamlarla tanış ola bilər. Əvvəllər insanlar telefon vasitəsi ilə tanış olurdular. Qızlar, oğlanlar tanımadıqları nömrələrə zəng edir, ünsiyyət qururdular. Bunlar hamısı əslində insanın öz tərbiyəsi, mənəviyyatı ilə bağlı məsələlərdir. Kommunikasiya imkanlar genişdir. Bundan mənfi, yaxud müsbət dərəcəsindən istifadə etmək insanın öz dünya görünüşü, əxlaqından asılıdır. Həyatda necədirsə, internetdə də özünü elə aparacaq”.  
 
“Sosial şəbəkədə başqasıyla tanış olan qadını əri öldürmək üçün axtarır”
 
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzuyla əlaqədar təcrübəsində baş vermiş ailədaxili münaqişələrdən danışır. Hadisə rayonların birində baş verib.

- Qadının əri evliliklərinin elə ilk həftəsində qızı evdə qoyub Rusiyaya gedir. Evdə tək qaldığından qayınanasıgil gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter alır. “Facebook”da qeydiyyatdan keçən qız bir oğlanla tanış olur. Bİr müddət danışıb dərdləşirlər. Qız ərinin onu qoyub getdiyini və tək darıxdığını deyir. Həmin oğlan da başlayır bu qıza sevgidən, eşqdən danışmağa. Beləcə, qızı ələ alır. Və bir gün qız bu oğlana görə, evdən qaçır. Təsadüfən polis onların olduqları məkanda reyd keçirir və qız aşkarlanır. Hüquq mühafizə orqanları qızı göndərdilər bizim sığınacağa. Burda psixoloji və digər yardımları göstərmək istəsək də, qohumlarının basqısıyla qız evinə qayıtdı. Sonra eşitdik ki, əri təcili Rusiyadan qayıdıb. Qızın ailəsi baş vermiş hadisəni oğlanın ailəsindən gizlətsə də, oğlan məsələni öyrənir və qızı öldürməklə hədələyir. Atasının evində bir müddət qalandan sonra o qız yenə evdən qaçdı. Hazırda qızın harda və kiminlə olduğu haqda heç bir məlumat yoxdu.
 
M. Zeynalova oxşar hadisənin yaxın vaxtlarda başqa rayonda da baş verdiyini deyir. O bildirir ki, sosial şəbəkələrdən birində başqasıyla tanış olan qadın evdən qaçıb. İndi əri onu öldürmək üçün axtarır. Və bütün kənd camaatı qadının öldürülməsini dəstəkləyir.
 
Təcrübəsində bu kimi hadisələrə çox rast gəlib. İnternet ondan düzgün istifadə etməyənlər üçün bir tələdir. Nəinki evli qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir. Yeni tanışlar bir yolla qızın şəklini əldə edir və bundan sonra onun şəklini internetdə yayacağı ilə şantaj edib, pul tələb edənlər də var.
 
Sosial şəbəkələr ailədaxili münaqişələrə rəvac verir?
 

Psixologiya Konsultasiya Mərkəzinin (PCC) rəhbəri, psixoloq Elnur Rüstəmov deyir ki, sosial şəbəkələr ailə daxili münasibətlərin pozulmana şərait yaradır: “Ailə mövcuddursa, orda problem ola bilər, narahatçılıq da. Bu ailədən də qaynaqlana bilər, qaynaqlanmaya da. Ola bilsin ki, kişinin atası, yaxud bacısı rəhmətə getsin, içində boşluq olsun. Bunlar olan faktorlardır Məsələ ondadır ki, bu boşluqları necə doldurulur?! Bu zaman sosial şəbəkələr başlayır dırnaqarası psixoloq rolunu oynamağa. Orda kiminləsə yazışır, söhbət edir. Biri var işgüzar söhbət, biri var mənəvi. Nəticədə emosional bağlılıq yaranır. İnsan özünü qarşı tərəfə borclu hesab edir, onun üçün yaxşı olmağa, onunla ünsiyyətdə olmağa çalışır, onsuz darıxır. Və bütün bunlar zaman keçdikcə ailə daxili münaqişələr, konfliktlər yaratmağa başlayır. Sosial şəbəkələr bu işdə insanları təhrik edir, ailə daxili münasibətlərin pozulmasına rəvac verən funksiyanın yerinə yetirir. İnsanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı tədbir görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud problemin həlli yollarından biri sosial şəbəkələrin, mobil telefonların şifrəsi olur. Bu şifrəni həyat yoldaşlarının bilməsi vacibdir. Ən azından bu tərəflər arasında məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə xislətində xəyanət etmək varsa, o başqa adla sosial şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq. Elə ailələr var ki, qadının ehtiyatdan 1-2 dənə də telefonu var. Kişi evə qalxanda gizlədir. Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa, ailə daxili münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-birinin qarşısında öhdəliyi olmalıdır”.
 
Nə etməli?
 
E. Rüstəmov sosial şəbəkələrin ailə modelinə müsbət təsiri olduğunu da deyir: “Ailəvi tədbirlərin işıqlandırılması ailə daxilində münasibətlərin yaxşı olmasına şərait yarada bilər. Burda da yenə ehtiyatlı olmaq lazımdır. Yaxud qohumlar arasında ünsiyyət saxlamaq üçün internet yaxşı vasitədir. Sosial şəbəkələrdə hədindən artıq vaxt keçirilməməli, daha çox ailə, uşaqla ünsiyyətdə olunmalıdır. Bəzən buna görə ailələrdə yuxu rejimi də pozulur. Ana uşağıyla maraqlanmalı, uşaq yatandan sonra sosial şəbəkələrdə vaxt keçirməli. Amma internetdən istifadə asılılıq vəziyyətinə keçəndən çox pis nəticələrdə olur”.

 





21.11.2014    çap et  çap et