525.Az

“Nuri paşa və silahdaşları” kitabının təqdimatı keçirilib


 

“Nuri paşa və silahdaşları” kitabının təqdimatı keçirilib<b style="color:red"></b> Qafqaz Universitetində Azərbaycan tarixinə dair nəşrə hazırlanmış növbəti kitab - “Nuri paşa və silahdaşları” əsərinin təqdimatı keçirilib.

525.az-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan prorektor Niftalı Qocayev bildirib ki, Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmalar İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətlərinə dair 2008-ci ildən başlamış araşdırmaları daha öncə bir neçə kitabın nəşri ilə nəticələnmişdi. Bunlara “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” (iki dəfə Azərbaycan bir dəfə Türkiyə türkcələrində), “Kaymakam Rüştü bəy. Qafqaz Türk-İslam Ordusu Bakı yollarında”, “Qafqaz İslam Ordusunun Xronologiyası”, “Nuri Paşa”nı misal göstərmək olar. Daha sonra çıxış edən tarixçi alimlər Solmaz Rüstəmova Tohidi və Firdovsiyyə Əhmədova bildirdilər ki, XX əsrin əvvəllərində Azərbaycanın öz müstəqilliyini qazanmasından, həmin tarixi şəraitdən, bolşevik-daşnak zülmünə qarşı qardaş Türkiyənin Azərbaycan xalqına göstərdiyi köməkdən söz açılarkən heç şübhəsiz, böyük minnətdarlıqla xatırlanan şəxsiyyətlərin birincilərindən olan  Nuri paşadır.

Bu da təsadüfi deyil, çünki Nuri paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun Azərbaycandakı bir neçə aylıq fəaliyyəti minlərlə insanı sürətlə genişlənməkdə olan bolşevik-daşnak qırğınlarından qurtarmaqla bərabər, Azərbaycanın müstəqil dövlətçiliyi üzərində mövcud olan real təhlükəni də aradan qaldırmışdı. Qafqaz İslam Ordusunun yaradılması və bu Ordunun Azərbaycanda fəaliyyəti çox mürəkkəb hərbi-siyasi şəraitdə gedirdi. Bolşevik-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı təcavüzkarlığının ifrat həddə çatması, Azərbaycanın daxili siyasi və iqtisadi dağınıqlığı əslində xalqın mövcydluğunu təhlükə altına qoymuşdu. Azərbaycanın hərb işindən kənarda saxlanılması, bu istiqamətdə geniş təcrübənin olmaması Qafqaz İslam Ordusunun və onun rəhbərliyinin fəaliyyətinə də təsirsiz ötüşmürdü. Ona görə qarşıya qoyulan ümumxalq səviyyəli vəzifələrin həllində sözsüz ki, çətinliklər də ortaya çıxır və bəzən arzu olunmayan hallar da özünü göstərirdi. Bununla belə, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında Qafqaz İslam Ordusunun da öz tarixi yeri vardır və bu xidmətlərin obyektiv araşdırılmasına da maraq böyükdür.

Nuri paşa Azərbaycan xalqı üçün türk xalqının ağır günlərdə Azərbaycan xalqına göstərdiyi qardaşlıq yardımının timsalıdır. Yəni Türkiyənin yardımı deyiləndə sadə xalq kütlələri tərəfindən ilk növbədə Nuri paşanın  obrazı, onun komandanlığı, şəxsi keyfiyyətləri və bu keyfiyyətlərlə möhkəm çulğalaşan türklüyü göz önünə gəlirdi. Əslində, Nuri paşaya bəslədiyi hörmət və ehtiramı ilə xalq eyni zamanda onun dərdini öz dərdi bilən bütün türk xalqına öz minnətdarlığını və hüsn rəğbətini ifadə edirdi. Tapşırılmış vəzifənin icrası zamanı göstərdiyi bacarıq, igidlik, şücaət və s. keyfıyyətlər isə xalqın Nuri paşaya – bu gənc sərkərdəyə olan ehtiramını, etibarını xeyli artırmışdı. Xalq Nuri paşanı həmişə ağır günlərində köməyinə yetişmiş  qardaş xalqın mübariz bir təmsilçisi kimi daim yadında saxladı, onun xatirəsini elə canlı, elə diri mühafizə edə bildi ki, aradan xeyli vaxt keçməsinə baxmayaraq elə indi də Nuri paşa böyük hörmət və minnətdarlıqla xatırlanmaqdadır.

Məruzəçilərin sözlərinə görə, bu nəşrdə Nuri paşanın Azərbaycandakı hərbi fəaliyyətinə, Azərbaycanın müstəqilliyinə son qoyulandan sonra Qarabağda antisovet üsyanında iştirak etməsinə, Nuri paşanın Türkiyədəki fəaliyyətinə, həyatının faciəli sonluğuna dair məlumatlar əlavə edilmişdir. Türkiyədə son zamanlar işıq üzü görmüş araşdırmalar göstərir ki, İkinci Dünya müharibəsi illərində Nuri paşa sovet hakimiyyəti altında olan türk xalqlarının, o cümlədən də Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması üçün fəal türkçülük fəaliyyəti aparmışdır. Bu məsələ Nuri paşanın həyatının maraqlı tərəflərindən biridir və onun da gələcəkdə ayrıca araşdırılmasına ehtiyac vardır.

Kitabda eyni zamanda Nuri paşanın silahdaşları haqqında oçerklər vardır. Bu oçerklər o şəxsiyyətlər haqqındadır ki, onların Azərbaycandakı və ya Azərbaycanla bağlı fəaliyyətləri Nuri paşanın fəaliyyətini tamamlayır və Qafqaz İslam Ordusunun qarşısında dayanan vəzifələrin uğurlu icrasına xidmət edirdi.

Çıxış edənlər Nuru Paşa və onun silahdaşlarının Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin nəzərə alınaraq ona abidə qoyulmasının vacibliyini də qeyd etdilər.  Xatırladaq ki, kitabın müəllifi tarix elmləri doktoru, polkovnik Mehman Süleymanovdur, nəşrə hazırlayanlar Qafqaz Universiteti, Qafqaz Araşdırmalar İnstitutunun direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Mehmet Rıhtım və filologiya elmləri doktoru, professor Minaxanım Təkləlidir.

Sabir Baxşalıyev
 





20.11.2014    çap et  çap et