525.Az

Allah adamı - Cavid Qədir yazır


 

Allah adamı - <b style="color:red">Cavid Qədir yazır</b>

Bir ildən artıqdı ki, Teoman haqqında yazmaq istəyirdim.

Amma hər dəfəsində vaz keçirdim. Gah tənbəllik edirdim, gah alınmırdı, gah nədən başlayacağımı bilmirdim, gah da yetərincə məlumatlı olmadığımı düşünürdüm. Əsas problem ilk cümlədi həmişə... İki il olar Teomanı dinlədiyim...

Yox, belə yox! Çox sıradandı.

Gözəl mahnıları var Teomanın – adamı uzaqları aparan, yerdən-yerə çaxan...

Bu da alınmadı, çox bayağıdı...

Amma necəsə, başlamaq lazımdı, axı... Ən yaxşısı bu iki abzası üçüncüdə birləşdirməkdi.

Teomanı iki il əvvəl “Dursun dünya” mahnısıyla tanımışdım. Bu mahnımıydı, ilahi?! Elə bil kimsə məni yaxamdan tutub əməllicə silkələmiş, sonra da bilinməyən yüksəklikdən təpəsi üstə buraxmışdı aşağı. Mahnının havasıyla gecə saat üçdə yatağımdan qalxıb səhərə qədər Teonu dinləmişdim. Və darmadağınlığım artmışdı gözlədiyimin əksinə...

... Adı Fəzliydi, Fəzli Yaquboğlu. Teoman ləqəbi götürmüşdü özünə - Allah adamı. Barlardan çıxmayan, içdiyi şərabların, yatdığı qadınların sayını çoxdan itirmiş Allah adamı. Bəlkə də bu adla özünü sığortalamaq istəyirdi qınaqlardan – hamını çoxdan boş vermiş olsa da... Ya da hamıdan gizli-saxlı, pünhan bəslədiyi balaca Fəzlini qorumaq istəyirdi kənar gözlərdən, bəlkə də elə həyatın özündən. Kənardan çox sərt, acımasız görünən Teo yaxından baxanda gizləyə bilmirdi qoynunda mışıl-mışıl uyuyan Fəzlini. Oysa, həmişə uşaq qalmışdı o...

Bugün benim doğum günüm,
Hem sarhoşum, hem yastayım.
Bir bar taburesi üstünde
Babamın öldüğü yaştayım...

Vəkil oğlu – sıradan biri... İki yaşındaykən atasını itirmişdi. Atasının öldüyü yaşda qalan, həmişə “Uçurtmalar”la oynayan biri... Qadınlara həp yaxın olub onları sevməkdən qorxan biri... Yalnızlığa cihad edib sonda yalnız qalan biri... Yalnızlığa “Yalnız kalpler sütunu”-da çarə axtaran biri...

Bir adam acıları nə qədər duya, nə qədər bu acını içdən yaşaya bilər ki?! Bütün mahnılarında acı var Teonun. Acıdan danışmır, yox, acını dindirir. Teoman ləqəbi yaraşmır ona, məncə... Yəqin bununçün qısaca “Teo” deyir hamı. Yaraşan budu çünki. “Allah adamı” yox, “Allah” – “Musiqinin Allahı”. “İstasyon insanları”ndan bezəndə “Doktor”-a gedən, “bekleme salonunda günü geçmiş dergiler”ə baxmaqdan usananda “Fahişe”yə sığınan, ona:

Soyunmana gerek yok,
Bana bir kaç tatlı söz lazım.
Uyuyana kadar kal yeter
Bitmiş uyku haplarım” – deyən Allah...

***

O, məşhur olacaqdı, amma nə vaxtsa – bilinməyən bir gələcəkdə... Onu hamı sevəcəkdi. Etirafdan qorxsalar belə... O hamının, hətta fahişələrin də qəlbini fəth edəcəkdi. Gitarasının taxta qəlbindən polad telləriylə: “dünya fahişə” - deyə Teomanın səsi axacaqdı. Bütün dünya və bu dünyadan qaçmaq istəyənlər gitaranın bu rok dolu iniltisinə yığışacaqdı... Amma dediyim kimi, bunlar hələ gələcəkdə olacaqdı... İndiliksə, hələ uşaq idi. Öz "Rəngsiz rüyalar oteli”ndə qayğısız yaşayıb gedir, böyüməyə çalışır (nə bilsin ki, çox sonra uşaq olmaq istəyəcəyini), zamanın “Değirmenlər”inə doğru irəliləyirdi...

2013

 





20.11.2014    çap et  çap et