525.Az

Helikopter məsələsi AŞ PA-da


 

Helikopter məsələsi AŞ PA-da<b style="color:red"></b>

Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanını pozması ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının ( PA) növbəti sessiyasında qaldırılacaq. Bu barədə məlumatı Azərbaycanın PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. O, keçən sessiya zamanı da Dağlıq Qarabağın işğalı son dövrlərdə təmas xəttində atəşkəsin ermənilər tərəfindən intensiv pozulması ilə bağlı məsələ qaldırdıqlarını bildirib: "Təbii ki, bu konteksdə məsələni yenidən qaldıracağıq. Bildirəcəyik ki, qədər gec sülh prosesinə dəstək veriləcəksə, bu cür problemlər o qədər çox yaranacaq".

Beynəlxalq ictimaiyyəti münaqişə ilə bağlı yalnız ümumi fikirlər söyləməkdə günahlandıran Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, bizim onlardan yeganə istəyimiz hadisələrə düzgün sərt reaksiya vermələridir. Helikopter hadisəsindən sonra Ermənistanın daxilində haçalanmaların baş verdiyini deyən politoloq buna Serj Sarkisyan ikibaşlı sözlərinin səbəb olduğunu bildirib: "Sarkisyan Dağlıq Qarabağda hərbi təlimlərdən sonra təşkil etdiyi toplantıda qeyd edib ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Eyni zamanda, qisas alacaqlarını da bildirib. Digər məsələ isə odur ki, o vurulan helikopterin Ağdamda çətin vəziyyətə düşdüyü üçün hərəkət istiqamətini dəyişdiyini deyib. Serj Sarkisyan bu açıqlamaları ilə günahı Azərbaycanın üzərinə yıxmağa çalışır. Guya ki, çətin vəziyyətdə olan helikopterə kömək etmək əvəzinə rəsmi Bakı onu məhv etmək qərarına gəlib. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə bu məsələ ilə bağlı cəmi bir bəyanat verib. Onun açıqlamasına görə, bu yalnız atəşkəs rejiminin pozulmasıdır. Çünki helikopter hadisəsində erməniləri gözü kölgəli edən məsələ onun, eləcə ekipaj üzvlərinin Ermənistana aid olmasıdır. Separatçı rejim isə bu cür texnikalara sahib deyil. Ortaya belə bir sual çıxır ki, Azərbaycan tərəfinin icazəsini almadan erməni helikopterinin Ağdamda işi var idi? Bundan daha əvvəl Sarkisyan özü etiraf edib ki, Ağdam Ermənistanın deyil.

Buna baxmayaraq, biz öz işimizə davam edib, Beynəlxalq ictimaiyyətdən cinayətkar əməllərə qarşı daha kəskin mövqe sərgiləmələrini tələb etməliyik".

M.Əhmədoğlu hesab edir, ekipajı Ermənistan vətəndaşları olan hərbi vertolyotun Azərbaycan ərazisinə - Dağlıq Qarabağa daxil olması beynəlxalq hüququn işğalçı rejim tərəfindən tamamilə pozulması deməkdir: "İcraçılar şərəfsiz ölümlə cəzalarına çatdılar. Ermənistan ordusu başıpozuq bandit dəstəsi deyilsə, hərbi vertolyotun Azərbaycan ərazisinə daxil olması əmrini verən şəxs cəzalandırılmalıdır. Ermənistan dövləti isə beynəlxalq məhkəmədə cavab verməyə hazırlaşsın".Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyinin, o cümlədən S.Sarkisyanın kişiliyi çatırsa, şərəfi varsa, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Eləcə Azərbaycandan Avropaya gedən neft-qaz kəmərlərini bombalasınlar: "Mərdlik, kişilik, sözübütövlük Ermənistanın indiki rəhbərliyi ayrı-ayrı məkanlardadır. Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqsa, ATƏT-in Minsk qrupu formatından məhrum olacaq. Avropaya gedən neft-qaz kəmərlərinə hücum edəcəksə, bütün Qərbi itirəcək. Ona görə Ermənistanın indiki rəhbərliyinin hədələri, bəyanatları nağara effektindən başqa bir şey deyil".Qeyd edək ki, Ermənistan tərəfi isə müxtəlif bəhanələr gətirərək "Azərbaycanın Dağlıq Qarabağ digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanması ilə bağlı AŞPA-da məruzəçi təyin edilən Böyük Britaniyadan olan deputat Robert Valterlə əməkdaşlıq etməkdən boyun qaçırsalar da, gələn ilin əvvəlində avropalı parlamentari Azərbaycana səfər edəcək.

Ceyhun ABASOV

 





20.11.2014    çap et  çap et