525.Az

"Verin xərcləyək" psixologiyasından əl çəkməliyik"


 

"Verin xərcləyək" psixologiyasından əl çəkməliyik"<b style="color:red"></b>

MM-in deputatı Fəzail Ağamalı çıxışında texniki-peşə məktəblərinin yenidən bərpası məsələsinin  vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, texniki-peşə məktəblərinin bərpası, onların  müasir tələblər səviyyəsində qurulmasına dair işlər görülməlidir. Məktəblərdə bütün sahələr üzrə peşələr tədris olunmalıdır. Digər problem isə, kommersiya banklarının verdiyi kreditlərin faizinin çox olması son dərəcə xoşagəlməz mənzərəni ortaya qoyur. Faizlərin aşağı salınmasına ciddi ehtiyac var. Əgər kommersiya bankları Mərkəzi Bankın tələblərinə riayət etmirsə, Mərkəzi Banka qanunvericiliklə müəyyən olunmuş əlavə səlahiyyətlər verilməlidir ki,  həmin banklara təsir edə bilsin bununla insanlarımızı kommersiya banklarının nəhəng mədəsindən qurtarmış olsun".
 
Deputat eyni zamanda, aqrar sektorun inkişaf etdirilməsi üçün daha ciddi addımların atılmasının vacibliyini vurğulayıb: "Emal müəssisələrinin  yaradılmasına xüsusi diqqət yetirilməlidir. Digər vacib məsələ daxili bazarın qorunmasıdır. Daxili bazar Azərbaycanın meyvə-tərəvəzə olan ehtiyacını tam ödəməyə hazırdı. Ancaq xaricdən gələn məhsullara qoyulan aşağı dərəcəli rüsumlar ölkənin yerli məhsullarının bazardan sıxışdırılmasına gətirib çıxarır".

Deputat Fərəc Quliyev MM-in Ehtiyat Fondunun yaradılmasını təklif edib. O, qeyd edib ki, bu fondun  yaradılması ilə Milli Məclis öz potensialını tam şəkildə ortaya qoya bilər: " Hazırda ayrılan vəsaitlə bu potensialı ortaya qoymaq mümkün deyil. Bu baxımdan belə bir fondun yaradılması çox vacibdir". Deputat həmçinin Bakı şəhərindəki tıxac probleminə toxunub. O bildirib ki, paytaxtda yeni yollar salınsa da, tıxac problem hələ həllini tapmayıb. Bunun üçün Bakı-Sumqayıt metrosunun tikintisinə başlanılması, həmçinin aeroport metrostansiyasının tikintisinin tezliklə başa çatdırılması problemdən çıxış yoludur". F.Quliyev çıxışında həmçinin büdcədə neftin barrelinin 90 dollar müəyyən edilməsinə etiraz edib:" Hazırda dünyada neftin 1 barreli 70 dollara enib. Eyni zamanda dünyada neftin bir barreli 80 dollar nəzərdə tutulub. Azərbaycan büdcəsində bunun 90 dollar müəyyən edilməsi büdcəmizə risklər yarada bilər", bazardan sıxışdırılmasına gətirib çıxarır".

Milliyyətcə yəhudi olan millət vəkili  Yevda Abramov büdcə müzakirələri zamanı Azərbaycanda milli azlıqlara göstərilən münasibətin yüksək olduğunu bildirib. Millət vəkili  qeyd edib ki, Azərbaycanın bununla bağlı çox düzgün siyasət yeritməsinə baxmayaraq beynəlxalq aləmdə bu qısqanclıqla qarşılanır: "Bu günlərdə deputat həmkarım Sahibə Qafarova ilə Parisdə Strasburqda olduq oradakı müzakirələr zamanı bu qısqanclığın şahidinə çevrildik. Parisdə bir balaca yumşaq , Strasburqda isə daha sərt şəkildə bu haqsız yanaşmalara etirazımızı bildirdik".

Vitse-spiker Valeh Ələsgərov parlamentdə 2015- ci ilin büdcə müzakirələri zamanı maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Dövlət Neft Fondundan vəsait ayırmalarına qarşı çıxanlar, bununla bağlı həyəcanla danışanlar tənqid edənlər bir məsələni yəqin ki unudublar: "Onlar vaxtilə Neft Fondunun yaradılması ideyasına qarşı çıxırdılar deyirdilər ki, neft gəlirləri birbaşa dövlət büdcəsinə yönəlsin artıq qalan fonda yığılsın. Bununla bağlı kəskin müzakirələr gedirdi 3- 4 nəfəri çıxmaq şərtilə hamı belə deyirdi ki, gəlirlər birbaşa büdcəyə yönəlsin. Əgər o zaman ölkənin prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı. Nəinki müxalifət, o cümlədən hökumətin tərkibində olan nazirlər böyük vəzifəli şəxslər neft gəlirlərinin birbaşa dövlət büdcəsinə daxil olmasını istəyirdi. Əminəm ki, əgər neft gəlirləri birbaşa büdcəyə daxil olsaydı, indi vəziyyət heç indikindən yaxşı olmazdı. Pulu Dövlət Neft Fonduna xərcləmək üçün yığırlar. Əminəm ki, pulu ilk növbədə infrastruktur layihələrinə yönəltmək lazımdır. Əgər TANAP, TAP, Bakı-Tiflis- Ərzurum, Şahdəniz layihəsinə pul xərcləməsək, gələcəyimiz necə olar? Hesab edirəm ki, pullar düzgün istiqamətdə xərclənib".

Vitse-spiker V.Ələsgərov deyib ki, neftin qiyməti ilə bağlı bəzi çıxışlar onu bununla bağlı müəyyən məqamlara toxunmağa vadar edir: "Əvvəla neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə siyasətçi yoxdur ki, onun qərarı ilə neftin yaxud başqa əmtəə məhsulunun qiyməti ucuzlaşıb bahalaşsın. Başqa sadəlövh yanaşma da hiss etdim. Guya ABŞ neftin istehsalını artırdığına görə, dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. Amma Amerika qarşıdakı 7-8 ildə dünyada neft neft məhsulları ixrac edən ölkə olacaq. Neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi valyuta maliyyə bazarları orada gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır".

V.Ələsgərov büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmayıb:" Biz artıq "verin xərcləyək" psixologiyasından əl çəkməliyik. Müxtəlif sahələrə ayrılan pul artırmalıdır deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm, bunun nəticəsi olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahəyə ayrılan vəsaitlərin artırılmasının nəticəsi olacaq? Pulu ver, xərcləyim demək asandır. Nəticə barədə düşünmək lazımdır".

Vitse-spiker eyni zamanda qeyd edib ki, son illərdə çoxlu su elektrik stansiyaları tikilib: " Nəticədə elektrik enerjisinə istehsalı artıb, yeni xətlər çəkilib. Bu da elektrik enerjisində itkilərin qarşısını alıb. Amma bəzi kəndlərdə itkilər var. Bunun qarşısını almaq üçün "Azerenerji"nin tərkibində komissiya yaradılmalıdır".

Təhsil  Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir".  Bunu millət vəkili Bəxtiyar Əliyev deyib. Deputat bildirib ki, büdcədən ayrılmış vəsaitlər məqsədyönlü qrant layihələrin həyata keçirilməsinə yönəlməlidir. O, deyib ki, infrastruktur layihələrə sərf edilmiş vəsait özünü doğruldub: "Neftin qiyməti ilə bağlı narahatçılıqlara əsas yoxdur. Hesab edirəm ki, büdcə vəsaitinin ayrılması onun xərclənməsinə nəzarət bir qədər gücləndirilməlidir. Maliyyə Nazirliyinin bu işi çevik həyata keçirməsi üçün səlahiyyəti artırılarsa, büdcənin çevik səmərəli idarə olunmasına gətirib çıxarar". Millət vəkili hesab edir ki, büdcə layihəsi çox uğurlu hazırlanıb.

"Dünyada iqtisadi böhrandan sonra bir çox ölkələr xoşagəlməz hadisələrlə sarsıldı". Bunu millət vəkili Elmira Axundova deyib.O, bildirib ki, neftin qiymətinin aşağı düşməsi ölkələrə zərər vurdu: "Buna Rusiyanı misal çəkmək olar. Bütün bunların fonunda manatımızın məzənnəsinin stabil olması böyük uğurdur." Millət vəkili deyib ki, ehtiyatlılıq özünü 2015-ci ilin dövlət büdcəsində göstərir: "Hazırda Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm islahatlar keçirilir. Bununla belə texniki peşə məktəblərinin fəaliyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunmur. Bu sahə ilə bağlı geniş proqram hazırlanmalıdır".

Millət vəkili səhiyyə sistemini tənqid edənlərlə razı deyil: "Bu sahədə geniş islahatlar keçirilir. Səhiyyə Nazirliyinə təklif edirəm ki, Tibb Universitetini bitirən yeni kadrlar təyinatla kənd yerlərinə göndərilsinlər onlar yüksək maaş alsınlar. Onlar feltşer - mama məntəqələrində çalışsınlar. Çünki bu sahələr rayonlarda zəifdir".

Millət vəkili həmçinin, deputat seçildiyi Masallı rayonun qazlaşma probleminə toxunub. O rayonun təbii qaza olan ehtiyacının tam ödənilmədiyini diqqətə çatdırıb.

"Azərbaycanda elektron kənd təsərrüfatı proqramı yaradılmalıdır". Bu fikri millət vəkili Musa Quliyev deyib.O, bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının 4 qolundan birini təşkil edir: "Azərbaycan ixrac potensialını kənd təsərrüfatı məhsulları hesabına artırmalıdır. Həmçinin, brend kənd təsərrüfatı məhsulları xarici bazara çıxarılmalıdır. Bunun üçün müasir idarəetmə mexanizminin yaradılmasına ehtiyac var. Bu mexanizm elektron kənd təsərrüfatı proqramından keçir".

Millət vəkili təklif edib ki, xaricdə təhsil alan tələbələr dövlət qulluğuna imtahansız qəbul olunsunlar: "Çünki onlar dövlət orqanlarında işləməkdə maraqlı deyillər".

Millət vəkili əlavə edib ki, ölkədə sosial evlərin tikilməsi məsələsini dövlət üzərinə yükləmək düzgün deyil: "Bu proses sahibkarlara həvalə edilə bilər. Sahibkarlara güzəşt oluna bilər ki, tikdikləri sosial evlərlə əhalinin tələbatını təmin etsinlər".

"Büdcəni formalaşdırmaq çox da asan deyil". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, gələn il hərbi sahəyə büdcənin artırılması məqbuldur: "Cəbhədə olan hadisələr orduya qoyulan maliyyə nəticəsində Azərbaycanın Ermənistana qarşı tutarlı cavab verə biləcək həddində olduğunu göstərdi. Çox sevindiricidir ki, büdcə sosial yönümlüdür".

Millət vəkili həmçinin, seçildiyi Mingəçevir şəhərinin hazırkı durumuna toxunub. O deyib ki, şəhərin əsas 2 problemi var ki, biri işsizlik digəri isə evsizlik məsələsidir. Millət vəkili bu problemlərin həll olunacağına ümid etdiyini bildirib:
 
"
Mingəçevir sıradan bir şəhər deyil. Bura sənaye şəhərlərindən biridir. Mingəçevirdə ciddi mənzil problemi var. Bu da ondan irəli gəlir ki, onların yeni tikilən evləri almaq üçün müəyyən dərəcədə vəsaiti yoxdur.

Bunun
isə ən yaxşı yolu ipotekadan istifadədir. Hesab edirəm ki, sosial evlərin tikintisi ilə bağlı ciddi bir proqram qəbul edilməlidir. Bunun üçün isə özəl mənzillərin tikintisinə maraq artırmaq üçün onları vergidən azad etmək olar". A.Mirzəzadə əlavə edib ki, Bakının statusu ilə bağlı xüsusi bir qanunun qəbul edilməsinə böyük ehtiyac var: "Bakının mərkəzində binaların tikilməsi şəhəri darlaşdırır.

Hesab
edirəm ki, bununla bağlı say göstərilməlidir. Bununla bağlı təkliflər ola bilər. Nəqliyyatda olan tıxacların azalması üçün avtodayanacaqların olmasına ehtiyac var".

Kamil HƏMZƏOĞLU

 





20.11.2014    çap et  çap et