525.Az

Saxta “Qarabağ əlilləri"ni müəyyən etmək üçün baza yaradılır


 

Saxta “Qarabağ əlilləri"ni müəyyən etmək üçün baza yaradılır<b style="color:red"></b> “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılaraq, nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsinə yerləşdirilib”.

Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
 
O qeyd edib ki, məlumat bazasında Qarabağ müharibəsi əlillərinin hər biri ilə bağlı fərdi məlumatlar əksini tapıb.

“Elektron məlumat bazasının yaradılmasında əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların sosial vəziyyəti ilə bağlı informasiyaları düzgün pasportlaşdırmaq və onların sosial ehtiyaclarını müəyyən edərək aradan qaldırmaqdır.
 
Belə ki, sistemləşdirilmiş informasiyalar əsasında həmin şəxslərin hər birinin mövcud rifah halı nəzərdən keçirilməklə, fərdi yanaşma üzrə onların konkret ehtiyaclarına uyğun olaraq sosial müdafiələrinin gücləndirilməsi, o cümlədən lazım gəldikdə sosial yardımlar vasitəsilə ailələrinin maddi təminatlarının artırılması üçün məqsədyönlü tədbirlər görüləcək.

Bu, eyni zamanda, nazirliyə və onun yerli strukturlarına hər hansı təminat növü ilə təmin olunmaq üçün müraciət edən Qarabağ müharibəsi əlilləri ilə bağlı aidiyyəti məlumatların operativ şəkildə əldə edilərək, qısa vaxt ərzində müvafiq tədbirlərin görülməsinə şərait yaradacaq”.

Onun sözlərinə görə, son vaxtlar bir sıra mətbuat orqanlarında ümumi səbəbdən əlil olan vətəndaşların özlərini cəmiyyətə Qarabağ müharibəsi əlili kimi təqdim etməsi kimi xoşagəlməz hallara rast gəlinməkdədir.

“Yaradılan məlumat bazası bu kimi halların qarşısının alınmasında da mühüm rol oynayacaq və belə şəxslərin həqiqətən  ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olub-olmamasını dərhal müəyyənləşdirməyə imkan verəcək”.
 





20.11.2014    çap et  çap et