525.Az

Sürüşmə zonalarında aktivlik müşahidə olunur


 

Sürüşmə zonalarında aktivlik müşahidə olunur<b style="color:red"></b> Son günlər yağıntılardan sonra Azərbaycan ərazisindəki sürüşmə sahələrində qismən aktivləşmə müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi xidmətinin rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, aktivləşmə dağlıq  ərazilərdən keçən yollarda daha çox nəzərə çarpır.
 
Aktivləşmənin amplitudasının bu ərazilərdə qeydə alındığını söyləyən S.Əmiraslanov qeyd edib ki, bunların içərisində ən çox aktivləşmə müşahidə olunan yer Lənkəran-Lerik avtomobil yoludur. Onun sözlərinə görə, yağıntının miqdarı bu əraziyə daha çox düşüb və nəticədə həmin ərazidə aktivləşmə müşahidə olunur: “Yolun 17-ci, 27-ci, 49-cu, 57-ci km-də və yol boyunca bir sıra çox lokal sürüşmə uçqun sahələrində aktivləşmə mövcuddur. Atmosfer yağıntıları davam etdikcə orada aktivləşmə gedir. Çünki kəsilmiş yamacdır, yamacı təşkil edən süxurlar atmosfer vasitəsilə aşınmaya məruz qalır və asılı vəziyyətdə qalan süxur kütlələri yüksək mailliyə malik yamacdan hərəkətə başlayır. Nəticədə sürüşmə-uçqun prosesinin əmələ gəlməsinə səbəb olur”.
 
Nazirlik nümayəndəsi Lənkəranın Gəgiran kəndində son günlərdə yağan yağışlar səbəbindən torpaq sürüşməsinin baş verməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Bizim tərəfimizdən mövcud, lokal kiçik sürüşmə sahələrində monitorinqlər aparılır. Həmin ərazilər dağlıq və sürüşmə sahəsi mövcud olan bir ərazidir. Amma konkret ocağın nə olduğu gələn həftə araşdırılacaq və daha dəqiq məlumat əldə ediləcək”. 
 





31.10.2014    çap et  çap et