525.Az

BMT-də islahatlar: proses yerindən tərpənmir


 

BMT-də islahatlar: <b style="color:red">proses yerindən tərpənmir</b>

Dövlətlərarası münasibətlərin tənzimlənməsində mövcud olan çətinliklər məlumdur.

Beynəlxalq hüququn tələblərinə heç də hər zaman əməl olunmur. Ortaya müxtəlif xarakterli problemlər çıxır. Bu da dünyada geosiyasi gərginliklər yaradır, haqlı narazılığa səbəb olur. Yaranmış bu vəziyyətdən çıxış yolu, mütəxəssislərin fikrincə, BMT-də islahatların aparılması ola bilər. Bir sıra dövlətlər isə alternativ təşkilatlar formalaşdırmağa üstünlük verirlər. Əslində, situasiya olduqca mürəkkəbdir. BMT TŞ-nin 5 daimi üzvü öz yerlərini və təşkilatdakı söz sahibi olmaq hüquqlarını qorumağa çalışırlar. Bununla razılaşmayan ölkələrin sayı isə getdikcə artır. Faktiki olaraq, ciddi fikir ayrılığı mövcuddur. Çıxış yolu nədədir?

Seçki: BMT-dəki problemlər həll edilmədi

Beynəlxalq münasibətlər sistemində islahatlara ciddi ehtiyacın olduğu haqqında mütəxəssislər xeyli vaxtdır ki, danışırlar. Bu məsələ dünyada baş verən geosiyasi proseslərin yaratdığı kifayət qədər ziddiyyətli bir şəraitdə xeyli aktuallaşıb. Bir çox hallarda beynəlxalq təşkilatlar, ilk növbədə BMT, bu vəziyyətin öhdəsindən gələ bilmir. Səbəb kimi beynəlxalq münasibətləri tənzimləmə mexanizmlərinin mükəmməl olmaması göstərilir.

Mövcud beynəlxalq münasibətlər sisteminin yeniləşməsi özlüyündə asan məsələ deyil. Onun əsası İkinci Dünya müharibəsindən sonra qoyulub. Tamamilə yeni sistemə keçid üçün isə təkmil və konseptual yanaşma olmalıdır. Məsələnin bu tərəfi ilə əlaqədar dünya dövlətləri arasında hələlik konsensus yoxdur.

Problemin mahiyyəti bundadır ki, indi fəaliyyət göstərən beynəlxalq təşkilatlar əsasən Qərbin təsiri altındadır. Təcrübə sübut edir ki, onlar Vaşinqtondan verilən göstərişlərə uyğun hərəkət edirlər. Rusiya, Çin, Türkiyə və başqa böyük dövlətlərin rəhbərləri bu barədə açıq danışırlar. Uzun müddət BMT-də işləmiş mütəxəssislər də həmin məqamı qeyd edirlər (bax: məs., Бихари Каусикан. Удастся ли бесконфликтный переход? / "Россия в глобальной политике", 3 sentyabr 2014).

Onu deyək ki, hazırda mövcud olan beynəlxalq təşkilatlara alternativ yaratmaq cəhdləri edilir. Məsələn, BRİKS üzvləri belə bir məqsəd güddüklərini açıq deyiblər. Bu, Qərbin təsir dairəsində olan təşkilatlardan imtina etmək deməkdir. Həmin mövqenin tərəfdarlarında BMT kimi qurumlarda real islahatların aparılacağına inam azdır. Onların indi fəaliyyət göstərən beynəlxalq təşkilatlara alternativ yaratmaq niyyətləri legitimlik problemi ilə üzləşib. Dünya ictimaiyyətinin bunu hüquqi olaraq qəbul edib-etməyəcəyi məlum deyil.

Hər halda ən qatı əleyhdarlar da BMT-də islahatların aparılmasının əleyhinə deyildirlər. Görünür, elə bu səbəbdəndir ki, bu təşkilatın Təhlükəsizlik Şurasına son seçkilər gərgin mübarizə şəraitində keçib. Hansı qitədən kimlərin Şuraya üzv olmasının böyük əhəmiyyət daşıdığı aşıq hiss edilib.

Təhlükəsizlik Şurasına Afrikanı təmsil edən daimi üzvün seçilməsinin vacibliyi Anqola tərəfindən xüsusi vurğulanıb (bax: Александр Мезяев. О новом составе Совета Безопасности ООН. Перспективы 2015 года / "Фонд стратегической культуры", 20 oktyabr 2014). Həqiqətən, bu qitənin BMT TŞ-nin daimi üzvlüyündə təmsilçisinin olmaması müasir dövrün tələblərinə uyğun deyil. Maraqlıdır ki, hazırda daimi üzv olan 5 ölkənin heç biri bu məsələni qaldırmır.

Məhz bu, BMT-də islahatların qarşısında əsas maneə kimi qiymətləndirilir. Diplomatlar hesab edirlər ki, yeniləşmələrə, ilk növbədə Təhlükəsizlik Şurasının 5 daimi üzvü hazır deyildirlər (bax: məs., Reform olmazsa sistem çürür / Aksam.com.tr, 30 sentyabr 2014). Problemin bu aspektini bəzi dövlət başçıları da xüsusi vurğulayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi qətidir.

O, bir müddətdir ki, həmin məsələ ilə bağlı fikirlərini bildirir və təkliflərini irəli sürür. Rəsmi Ankara, dünya siyasətinə yalnız 5 ölkənin (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) qiymət verməsini düzgün hesab etmir. R.T.Ərdoğan BMT-nin son sessiyasındakı çıxışında bu vəziyyəti obrazlı olaraq "Dünya 5-dən böyükdür" deyə, ifadə edib (bax: Erdoğan'dan BM'ye yeni sistem önerisi / Turkiyegazetesi.com.tr, 28 sentyabr 2014).

Yeni sistem: tərəfdarları və əleyhdarları

Türkiyə rəhbəri BMT üçün yeni sistemin yaradılmasını tələb edir, daimi üzvlüyə başqa dövlətlərin seçilməsinin təmin olunmasını zəruri sayır. R.T.Ərdoğan bu dünyanın nə ABŞ-ın, nə Rusiyanın, nə İngiltərənin, nə Fransanın, nə də Çinin köləsi olmadığını söyləyir (bax: əvvəlki mənbəyə). Əksinə, belə bir vəziyyətin qalması dünyanın müxtəlif regionlarında ciddi problemlər meydana çıxarıb.

Türkiyənin dövlət başçısı buna misal olaraq Suriyada yaranmış vəziyyəti göstərir. O deyir ki, İŞİD-in İraqda istifadə etdiyi silahlar Amerika istehsalıdır. Regionda fəaliyyət göstərən başqa terror təşkilatlarında da ABŞ silahları vardır. İngiltərə isə şərt qoyur ki, "İraqa sadəcə mən gedərəm" (bax: əvvəlki mənbəyə).

Başqa bölgələrdəki münaqişələrdə də buna bənzər nümunələr tapmaq mümkündür. Onu deyək ki, Moskva və Pekinin də oxşar iradları vardır. Lakin Ankaradan fərqli olaraq, BMT TŞ-yə daimi üzvlük məsələsində onlar ehtiyatlı mövqe tuturlar.

Venesuelanın dövlət başçısı da bu kontekstdə maraqlı fikir bildirib. O, BMT-nin Nizamnaməsini "indiyə qədər dünyada mövcud olan ən gözəl poetik əsərlərdən biri" adlandırıb (bax: Discurso histórico de Nicolás Maduro en la Asamblea General de la ONU / Youtube, 24 sentyabr 2014). Ancaq bu sənəd faktiki olaraq, qarşıya qoyulan məqsədləri inkar edir və hüquqların tapdalanmasına rəvac verir.

Yuxarıda qeyd edilənlər bir daha BMT TŞ-nin üzvlüyünə seçkinin hansı səbəblərdən gərgin keçdiyini göstərir. Daimi üzvlərdə dəyişiklik olmayıb. Ancaq müvəqqəti üzvlük uğrunda ağır mübarizə gedib. Seçilənlər Anqola, Malayziya, Venesuela, Yeni Zelandiya və İspaniya olub (bax: Совет Безопасности ООН избрал новый состав / Odnako.su, 17 oktyabr 2014). Ekspertlər hesab edirlər ki, bu, sadəcə üzv-ölkələrin dəyişildiyini ifadə etmir. Onun arxasında böyük dövlətlərin geosiyasi maraqları dayanır.

Məsələn, Yeni Zelandiya ABŞ-ı aktiv müdafiə edən ölkədir, Venesuela isə tamamilə fərqli mövqe tutur. Digər tərəfdən, ekspertlər ciddi geosiyasi məsələlərdə BMT TŞ-nin müvəqqəti üzvlərinin fikirlərinin elə də nəzərə alınmadığını unutmamağı tövsiyə edirlər. Belə olan halda 5 daimi üzvün bu məsələdə manevrlər etdiyini istisna etmək olmaz.

Türkiyənin TŞ-yə seçilməməsi buna nümunə ola bilər. Onun İspaniya ilə yer uğrunda mübarizəsi çox gərgin keçib. Yalnız 3-cü mərhələdə əksəriyyət Madridə səs verib (bax: Türkiye BM Güvenlik Konseyi'ne seçilemedi / Zaman.com.tr, 16 oktyabr 2014). İspaniya 120, Türkiyə isə 73 səs alıb. Həmin mərhələyə qədər isə onlar arasında fərq çox olmayıb. Güman edilir ki, axırıncı mərhələdə kənardan təsir olub.

Beləliklə, BMT TŞ-yə seçkilər bu təşkilatda illərdir mövcud olan problemləri daha aydın şəkildə ortaya qoydu. Böyük dövlətlərin öz maraqları naminə dünyanın geosiyasi mənzərəsinə mənfi təsir göstərdikləri bir daha öz təsdiqini tapdı. 5 daimi üzv başqalarını qəbul etmək istəmədiklərini açıq deyiblər. Onların şərti belədir: "əgər yeni ölkələr "beşliyə" əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır".

Bu, təbii ki, nonsensdir. Ancaq reallığı əks etdirir. Belə çıxır ki, aralarındakı ciddi fikir ayrılığına baxmayaraq (bu, Suriya məsələsində özünü daha qabarıq göstərdi), böyük dövlətlər dünyanı idarə etmək iddiasından əl çəkmək istəmirlər. Onlar BMT-də özlərinə bərabər ola biləcək başqa bir ölkə tanımağı arzulamırlar. Şübhə yoxdur ki, bu anormal vəziyyət özünü zaman-zaman göstərəcək. Müxtəlif regionlarda meydana gələn çətinliklərin həllində bu aydın hiss ediləcəkdir.

Bundan başqa, 5 daimi üzv arasındakı ziddiyyətlərin aradan qalxacağını proqnozlaşdırmaq çox çətindir. Əksinə, mövcud vəziyyətin daha da kəskinləşəcəyi ehtimal edilir. Bunun səbəblərindən biri Rusiya və Çin kimi böyük dövlətlərin BRİKS vasitəsi ilə alternativ maliyyə və hüquqi tənzimləmə mexanizmləri yaratmaq iddialarıdır. Artıq bu sahədə müəyyən addımlar atılıb.

Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, BMT-də real islahatlar aparılmır. Hətta buna ciddi müqavimətlər də var. İslahatların zamanı çoxdan yetişsə də, proses yerindən tərpənmir. İndi buna müqavimət göstərənlər sabah dünya üçün nə hazırlayarılar?. TŞ-nin yeni müvəqqəti üzvləri də situasiyaya ciddi təsir edə bilmədiklərindən, vəziyyət qeyri-müəyyən olaraq qalır.

Newtimes.az
Leyla Məmmədəliyeva

 





31.10.2014    çap et  çap et