525.Az

Bakıxanov və Qaraçuxurda da metro olacaq


 

Bakıxanov və Qaraçuxurda da metro olacaq<b style="color:red"></b> “Bakı şəhərində avtomobillərin yaratdığı tıxacların fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm yer tutan Bakı metropoliteni əhali tərəfindən daha çox istifadə edilən əsas ictimai nəqliyyat vasitəsinə çevrilib”.
 
Lent.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib. O qeyd edib ki, paytaxtın ekoloji cəhətdən təmiz və sərnişinlərə ən ucuz qiymətlə xidmət göstərən ictimai nəqliyyat növü sayılan metropolitenin fəaliyyətində son illər diqqətəlayiq yeniliklər baş verib: “Onun gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi sahəsində zəruri addımlar atılıb. Belə ki, prezidentin “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» təsdiq edilib”.

Onun sözlərinə görə, təqdim olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq. “Yəni 53 yeni stansiya və 84,3 km metro xəttinin inşası nəzərdə tutulub. Konseptual İnkişaf sxeminə görə, mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xətlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılıb, bununla bağlı konkret işə başlanılıb. Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir. Belə ki,”Xətai” –“H. Aslanov-2” sahəsinin layihələndirmə,”H.Aslanov -2” və “H.Aslanov-2  -   Y-18 “ stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir.

Hazırda “Beynəlxalq Avtovağzal terminalı”ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, “Avtovağzal” (B-1); “Memar Əcəmi-2” (B-2) stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir.Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur”.

Z. Hüseynov onu da vurğulayıb ki, bundan başqa bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir, B-4 stansiyasında tikinti işlərinə artıq başlanıb: “Bu stansiyaların isə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir.

Konseptual İnkişaf sxeminə görə Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan, 11 stansiyadan və 16.3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub”.

Sədr bildirib ki, sərnişinlərin təhlükəsizliyi baxımından, eyni zamanda Tikinti Normaları və Qaydalarına görə dərin özüllü stansiyaların iki çıxışlı olması tələb olunur. “Hazırda “Elmlər Akademiyası” stansiyasının II çıxışının tikinti-quraşdırma işləri davam etdirilir və istismara verilməsi 2015-ci ildə nəzərdə tutulur”.
 





31.10.2014    çap et  çap et