525.Az

FHN 61 saylı məktəbdə maarifləndirmə tədbiri keçirib


 

FHN 61 saylı məktəbdə maarifləndirmə tədbiri keçirib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Nizami rayonu Kamil Əliyev adına 61 saylı orta ümumtəhsil məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nümayəndələri iştirak ediblər.

Məktəbin direktoru Zemfira Şıxəliyeva bildirib ki, tədbir şagirdlərin və müəllimlərin fövqəladə hallar zamanı düzgün hərəkət qaydalarına əməl etməsi baxımından olduqca mühümdür.

FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov deyib ki, məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir. O qeyd edib ki, təhsil müəssisəsində fövqəladə hal baş verdikdə müəllimlər də, şagirdlər də buna hazırlıqlı olmalıdırlar: “Heç kim fövqəladə hallardan sığortalanmayıb. Biz məlumatlı olmaqla fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin fəsadlarını minimuma endirə bilərik. Təhsil müəssisəsi insanların çox toplaşdığı yerlərdəndir. Bu kimi yerlərdə fövqəladə hal baş verərsə, şagirdlər sinifdən kənara çıxmamalı, müəllimlər isə şagirdlərin otaqda olub-olmamasını yoxlamalı və bu barədə təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidirlər”.

Nəzəri hissə çərçivəsində FHN Bakı Regional Mərkəzinin əməkdaşları və məktəbin şagirdləri tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumatlar verilib.

Tədbirdə FHN-in fəaliyyəti, eləcə də dəm qazı zəhərlənmələri barədə videoçarx nümayiş olunub.

Sonra zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilib. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan olunub. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapıb.

Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də məktəbin həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.

Tədbir məktəbin həyətində şərti yanğının söndürülməsi ilə başa çatıb.

 





31.10.2014    çap et  çap et