525.Az

Təhsil Nazirliyi və Sahibkarlar Konfederasiyası memorandum imzaladı


 

Təhsil Nazirliyi və Sahibkarlar Konfederasiyası memorandum imzaladı<b style="color:red"></b> Bu gün Təhsil Nazirliyi ilə Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.
 
İmzalanma mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığının hərtərəfli inkişafını tələb edir. Onun sözlərinə görə, bunu  nəzərə alan Təhsil Nazirliyi işəgötürənlərlə, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir:
 
“Müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq subyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib.

Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi vacibdir”.
 
ASK-nın prezidenti Məmməd Musayev isə sahibkarlıq fəaliyyəti üzrə kadr ehtiyatında savadlı gənclərin yetişdirilməsinin vacibliyini qeyd edib. M.Musayev bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduğunu bildirib:

“Bu gün ölkədə 500 mindən yuxarı sahibkarlıq subyekti var. Bu da o deməkdir ki, ölkədə biznesin inkişafı üçün əlverişli şərait mövcuddur”.
 
Sonda Təhsil Nazirliyi ilə Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi təhsil naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıb.
 





30.10.2014    çap et  çap et