525.Az

"Asiya-Avropa" Sammiti: sülh və dialoq çağırışları


 

"Asiya-Avropa" Sammiti: <b style="color:red">sülh və dialoq çağırışları</b>

İtaliyanın Milan şəhərində "Asiya-Avropa" Sammitinin növbəti toplantısı keçirilib.
 
Adətən, həmin təşkilatın tədbirlərində iki qitə ölkələri üçün aktual olan məsələlər müzakirə edilir. O cümlədən, təhlükəsizlik sisteminin yaradılmasına diqqət yetirilir. Bu dəfə gündəmin əsas məsələsi Ukraynada yaranmış vəziyyət və Rusiyanın tutduğu mövqe olub. Bir sıra ekspert hətta V.Putini tədbirin hamıdan çox diqqəti çəkən iştirakçısı hesab ediblər. Doğrudan da, Avropa İttifaqının liderləri Rusiya prezidenti ilə Ukrayna məsələsini geniş müzakirə ediblər. Bu hadisə bütövlükdə Asiya və Avropada geosiyasi proseslərin dinamikası ilə əlaqədar müəyyən təsəvvürlər yaradır. Bu iki qitədə həmin problemdən daha aktual olan məsələ yoxdurmu?

İki qitənin ortaq problemi: fikir ayrılığı və ümumi məqamlar

Şərqi Asiya və Avropanın 51 ölkəsini özündə birləşdirən "Asiya-Avropa" Sammitinin (ASEM – Asia-Europe Meeting) 20 illik təcrübəsi var. Avropa Komissiyası və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) katibliyi də buraya daxildir. Bu təşkilat kifayət qədər iqtisadi gücə malikdir. Ancaq etiraf edilməlidir ki, builki Milan görüşü ASEM üçün daha əhəmiyyətli idi. Asiya və Avropa təhlükəsizliyin təmin edilməsi məsələsində üz-üzə gəlirdilər. Ortada çoxlu sayda problemlər vardır. Münaqişələr səngimir. Ən maraqlısı isə bu proseslərə Avropa ilə Asiyanın fərqli yanaşmasıdır.

İtaliyadakı tədbirdə bu məqam aydın hiss olunub. ASEM-ə üzv olan dövlətlərlə yanaşı, Ukrayna da buraya dəvət edilmişdi. Tədbirin ən qızğın müzakirələri də məhz Ukrayna məsələsi ilə bağlı olub. Şübhəsiz ki, Asiya və Avropa ölkələri bütövlükdə təhlükəsizlik sisteminin yaradılması perspektivlərinə də toxunublar. Burada daha çox mövcud problemlərdən söhbət açılıb, bu kontekstdə qarşılıqlı etimadsızlıqdan beynəlxalq miqyasda xaosun meydana gəldiyi vurğulanıb (bax: məs., Елена Черненко. "Наблюдается хаос и опасный рост дефицита доверия" / "Коммерсантъ", 16 oktyabr 2014).

Böyük dövlətlər öz maraqları naminə beynəlxalq hüquqa zidd olan addımlar atırlar. Rusiyanın xarici işlər naziri S.Lavrov bu məsələyə toxunaraq, "razılaşmanı öz mövqeyinə məcburən uyğunlaşdırmaq kimi cəhdlər təəssüf ki, davam edir", məqamını xüsusi vurğulayıb (bax: əvvəlki mənbəyə). Bu, həqiqətən, çox əhəmiyyətli bir qeyddir. Çünki müxtəlif regionlarda müşahidə edilən ixtilaflar məhz həmin faktorla sıx bağlıdır.

Əgər bu məsələyə Avropa və Asiya ölkələrinin münasibəti müstəvisində baxsaq, ortaya kifayət qədər düşündürücü incəliklər çıxar. O cümlədən, Cənubi Qafqazda və Şərqi Avropada olan münaqişələrin həllinin hansı səbəblərdən uzadılmasını araşdırmağa ehtiyac yaranır. Doğrudur, Azərbaycan və Gürcüstan ASEM-in üzvü deyildirlər. Ancaq Ukrayna da buraya daxil deyil.

Dağlıq Qarabağ həm Avropa, həm də Asiyanın məsələsidir. Bəs nəyə görə, bu problemin həlli ilə əlaqədar bu təşkilat hansısa addım atmır? Burada ATƏT-in Minsk qrupunu xatırlatmaq olar, çünki münaqişənin həlli ilə bu qurum məşğul olur. Amma Ukrayna məsələsi ilə bütün beynəlxalq təşkilatlar maraqlanır. Moskvaya bu və ya digər dərəcədə təsirlər edilir. Hansı səbəblərdən Cənubi Qafqaza da eyni cür yanaşılmır?

Milanda ASEM-in əsas müzakirə etdiyi problem Ukrayna oldu. Hətta Almaniyanın kansleri A.Merkel bu məsələni müzakirə etmək üçün Rusiya prezidentini 1 saat yarım oteldə gözləyib (bax: Саммит "Азия-Европа": первое свидание Путина и Меркель прошло негладко / DELFI, 17 oktyabr 2014). Danışıqlarda tərəflər razılığa gələ bilməyiblər. Almaniya ilə Rusiya arasında Ukraynada böhranın yaranma səbəbləri və onun həlli yolları ilə bağlı fikir ayrılığı vardır. Bunu A.Merkel və V.Putin müzakirədən sonra etiraf ediblər.

Sonrakı mərhələdə Almaniya, Rusiya, Fransa və Ukrayna danışıqlar aparıblar. Bunun nəticəsi pozitiv qiymətləndirilsə də, ümumilikdə "irəliyə sıçrayış əldə edilməyib" (bax: Зачем Путин поехал в Милан? Мнения американских экспертов / "Голос Америки", 17 oktyabr 2014). Tərəflər qazla bağlı müqavilənin əsas parametrlərini razılaşdırıblar. Lakin müəyyən məqamlarda fikir ayrılığı qalmaqdadır. Bütövlükdə Avropa liderləri, xüsusilə, Böyük Britaniyanın baş naziri D.Kemeron Moskvanın Ukrayna məsələsində lazımi addımları atmadığını ifadə ediblər.

Xaos və etimadsızlıq: təhlükəsizlik necə mümkündür?

Avropalı siyasətçilər yalnız Ukrayna ilə bağlı deyil, ümumiyyətlə, Rusiyanın bu tədbirdə iştirakına da eyni mövqedən yanaşmayıblar. Karnegi Fondunun vitse-prezidenti E.Vays deyib ki, Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin rəhbərləri İtaliyanın V.Putini Milana dəvət etməsinə soyuq yanaşıblar (bax: əvvəlki mənbəyə).

Ancaq maraqlıdır ki, tədbirdə Aİ-nin rəsmi şəxsləri V.Putinlə apardıqları müzakirələrə müsbət qiymət veriblər. H.V.Rompey, J.M.Barrozu və başqa yüksək vəzifəli şəxslər Rusiya prezidenti ilə müzakirələrə ümidlə yanaşdıqlarını deyiblər.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri C.Herbst isə V.Putini tədbirin "mərkəzi fiquru" adlandırıb (bax: əvvəlki mənbəyə). Rusiya dövlət başçısının Serbiyada hərbi paradda iştirakı da pis qarşılanmayıb. Bu, diplomatik gediş kimi qiymətləndirilib. Lakin bir sıra siyasətçilər V.Putinin sadəcə manevr etdiyini söyləyirlər. Onların fikirlərinə görə, Rusiya prezidentinin əsas məqsədi ölkəni sanksiyalardan yayındırmaqdır (bax: Саммит "Азия-Европа": повестка дня переговоров / "Голос Америки", 16 oktyabr 2014).

Bütövlükdə isə Qərblə Rusiya Milanda Ukrayna məsələsində razılığa gələ bilməyiblər. Prezident P.Poroşenko da bunu müəyyən dərəcədə etiraf edib. Ukraynanın şərqində seçkilərin dekabr ayında olması və onun rəsmi Kiyevin qəbul etdiyi qanunlar çərçivəsində həyata keçirilməsi haqqında razılığa necə əməl ediləcəyi də tam məlum deyil. Bu səbəbdən ASEM-in həmin problemin həllində hansısa bir ciddi rol oynaya biləcəyi məsələsi qaranlıq qaldı. Əvəzində, Moskvanın Avropa siyasətinin bir sıra məqamları aydın oldu.

Ekspertlər hesab edirlər ki, Kreml Avropa dövlətləri arasında fikir ayrılığı yaradır. Serbiya prezidenti Rusiyanı dəstəkləməkdə davam edəcəklərini açıq bildirib. V.Putin də cavabında hər zaman onların yanında olacaqlarını deyib. Moskvaya mülayim münasibət bəsləyən başqa Aİ ölkələri də vardır. Bu o deməkdirmi ki, Aİ-nin Rusiya siyasəti təşkilatın daxili problemləri ucbatından müəyyən düzəlişlərə məruz qala bilər? Bu proses ABŞ-Avropa əməkdaşlığına zərər yetirə bilərmi?

Çox güman ki, Milan toplantısından sonra bu suallara cavab axtarmağa çalışacaqlar. Hər bir halda Asiya və Avropanın yüksək tədbirində Ukrayna məsələsi kontekstində Rusiyanın diqqət mərkəzində olması bir çox məqamlardan xəbər verir.

Görünür, bu səbəbdəndir ki, toplantıda bir vaxtlar Sinqapur, Yeni Zelandiya və Çilinin təklif etdiyi və sonralar Amerika proqramı hesab edilən Trans-Sakit okean tərəfdaşlığı (TST) bir qədər kölgədə qalıb (bax: Россия на саммите "Азия-Европа": может ли лед тронуться? / "Российский совет по международным делам", 16 oktyabr 2014). O cümlədən, Asiya ölkələri tərəfindən bir zamanlar irəli sürülən inteqrasiya modellərinə elə də diqqət yetirilməyib. Təbii ki, bunlara müəyyən dərəcədə toxunulub, lakin daha aktual olan yenə də Ukrayna problemi hesab olunur.

Bunlar ASEM-in Milan toplantısının dünya siyasəti üçün xüsusi əhəmiyyət kəsb edən Ukrayna böhranına daha çox diqqət yetirdiyini göstərir. Bu onu ifadə edir ki, hazırda Avropa və Asiya arasında münasibətlərin dinamikasında məhz bu problem ayrıca əhəmiyyət kəsb edir. Maraqlıdır ki, İŞİD də bu dərəcədə diqqətə layiq olmayıb. Avropa özünün enerji ilə təminatını digər problemlərdən daha aktual sayır. Ukrayna-Rusiya münasibətləri burada prinsipial rol oynayır.

Avropa İttifaqı Şurasının sədri H.V.Rompeyin ASEM-in plenar sessiyasında çıxışı zamanı "Asiya və Avropanın bir-birinə ehtiyacı var" tezisini vurğulamasının yuxarıda ifadə edilən fikirlərə birbaşa aidiyyəti var (bax: Елена Черненко. "Наблюдается хаос и опасный рост дефицита доверия" / "Коммерсантъ", 16 oktyabr 2014). Onun sözlərinə görə, XXI əsrdə heç bir ölkə təcrid vəziyyətində yaşaya bilməz. Bu səbəbdən mövcud münaqişələri sülh yolu ilə həll etmək zəruridir.

Bizcə, yaxşı mövqedir. Qalır buna reallıqda əməl etmək. Bunun üçün ilk növbədə ikili yanaşmalardan imtina etmək gərəkdir. Qərb bu barədə düşünürmü? Milan toplantısında həmin məsələ ilə bağlı müzakirə aparılıbmı? Düşünürük ki, aparılmayıb.

Newtimes.az

 





30.10.2014    çap et  çap et