525.Az

Mənim bir müəllimim vardı...


 

Mənim bir müəllimim vardı...<b style="color:red"></b>

Həmişə müəllimlərdən müəllimlikdən söhbət düşəndə hər kəsin öz müəllimləri yada düşür. Müxtəlif aspektlərdən  müxtəlif müəllimlər xatırlanır: ilk müəllimin, ən sevimli müəllimin, ən zarafatcılı, ən humanisti, ən ürəyiyumşağı, ən savadlısı, ən maraqlı dərs aparanı, ən çox auditoriyanı ələ alanı, tələbələrin əksəriyyətinin sevdiyi, dərsindən qaçmağa qıymadığın, ən hörmətlisi, ən zəhmlisi, ən..., ən..., ən... Bu siyahı tələbələr üçün bitib- tükənməz ola bilir bəzən. Hər tipə aid bir əhvalat, bir lətifə yaxud bir olmuş hadisə rezervləri var. Yaxşı bəs, bütün bunların hamısını özündə cəmləməyi bacaranı necə, hər tələbənin elə bir müəllimi var? (olub demirəm, çünki tələbəliyindən onilliklər keçsə sevimli müəllim tələbəsi üçün "olub" yox, həmişə "var" olur).

Bütün bu sayılanlara sahib olmaq çətin məsələdi, müəllim üçün daha da çətindi. Amma hələ bu müəllim Azərbaycanda bu peşənin icraçısıdırsa, onda məsələ iki qat ağırlaşır ciddiləşir. Hər kəsin, hər tələbənin varmı bilmirəm, "amma, ancaq, fəqət, lakin, zira..." BDU-nun Filologiya fakültəsi tələbələrinin bu cəhətdən bəxtləri "möhkəm" gətirmişdi. Çünki 20 ildən çoxdu buranın tələbələrinin belə bir müəllimi var. Məzunların toplaşanda danışdıqları, tələbələrin dərsdə fərqli fikir eşitdiyi, hər mühazirədən sonra dərsdə danışılanları müzakirə etdiyi, imtahanlarda humanizmi ilə, dərslərdə ciddiyyəti ilə tələbələrini mütəəssir edən, qısacası tələbə müzakirəsinə səbəb olmağı bacaran müəllimimiz var. Müəllim olduqdan sonra bir daha əmin oldum ki, tələbənin müzakirəsinə səbəb olmaq heç asan məsələ deyil. Bundan da çətini bu müzakirədən yüksək qiymətlə çıxmaqdi. Müəllimləri qiymət barədə bəzən insafsızlıqda, bəzən qiyməti salmaqda ittiham edən tələbələr ( zamanında belə şikayəti olmayanlar tələbə olmayıblar demək) özləri qiymətverən olanda çox amansız olurlar. Onların qiymətləndirilməsində müəllimin savadından tutmuş danışıq şəklinə, geyim zövqünə qədər, dəhlizdə tələbəyə münasibətindən tələbəyə qarşı anlayışına qədər nəhayət cavan ruhuna, gəncləri anlamalarına qədər bütün cəhətlər, xırda nüanslar böyük rol oynayır. Bütün bunlardan keçməyi bacaran "sevimli müəllim" statusunu qazanır.

Bəli, bizim belə müəllimimiz var. mənim kimi əksəriyyətin sevimli müəllimi olmağı bacaran bu müəllimin kimliyini bütün tələbələri, yaxınları anladı. Çünki bütün fakültənin dillər əzbərinə dönmüş, hamının sevə-sevə təkrarladığı, bir məqamın olması yaxud olmaması üçün əngəl olan yaxud olmayanı bir daha vurğulamaq üçün "amma, ancaq, fəqət, lakin, zira..." sözlərini xüsusi pafosla deyən müəllimin Arif Əmrahoğlu olduğunu hamı əzbər bilir.

Arif Əmrahoğlu. Bu ad hər kəs üçün bir mənanı ehtiva edə bilər. Kimə görə dəyərli alim, kimə görə gözəl müəllim, kiminə görə əsl dost, kiminə görə etibarlı yoldaşı, kiminə görə isə qayğıkeş elmi rəhbər. Mənim üçün isə Arif müəllim ən əvvəl müəllim, magistraturada çox ciddi, bir cümlə belə güzəşt etməyən elmi rəhbər, məni elmə gətirən, heç vaxt köməyini, mənəvi dəstəyini əsirgəməyən bir alim, doktorantura dönəmində daima yol göstərən, imzası olan mətnə alimin qədər məsuliyyətli yanaşmalı olduğunu öyrədən şöbə müdiri ən nəhayət səmimi əsl dostdur.

Bəli, məhz dost. Arif müəllim qarşısındakı insanın vəzifəsinə, mövqeyinə, elmi dərəcəsinə, cəmiyyətdəki roluna əhəmiyyət vermədən, insanlara düşüncələrinə, fikirlərinə, xarakterinə görə qiymət verməyi bacaran nadir insanlardan olduğu üçün, onun çoxsaylı gənc, tələbə dostları var.

Bəzən düşünürəm ki, görəsən mənim üçün Arif müəllimin hansı obrazı daha irəlidir? Müəllim kimi, alim kimi, yoxsa ziyalı kimi? Müəllim- öyrətmən olmaq, əvvəldə dediyim kimi çox çətindir. Texnologiyanın sürətli inkişafı dövründə, sosial şəbəkələrin aktiv olduğu zamanda, xəbərin, yeniliyin çox tez həzm edildiyi bir vaxtda bir auditoriya dolusu gəncə nəyi öyrətmək olar, nələri demək olar ki, yenilik olsun, maraq kəsb eləsin? Arif müəllim mühazirəni maraq kəsb edəcək şəkildə çatdırmağı bacaran tələbələrə ədəbi mətnə, hamının dəfələrlə müzakirə etdiyi əsərə tamamilə başqa istiqamətdən baxmağı, mətni duymağı öyrədirdi. Eşitmədikləri fikri duymaq, obrazın yerində özünü hiss edib qəhrəmanın davranışını heç bir diktə olmadan müzakirə etmək, əsərlərin müzakirəsində müdaxiləsiz, yönəltmə olmadan (düzgün istiqamət göstərməklə) iştirak, diqqətlə dinlənilmək idi tələbələrin Arif müəllimin dərslərini sevməsinin, maraqla dinləməsinin səbəbi.

O, həyata klişelərdən kənar baxmağı, öz daxili aləmini kəşf etməyi öyrədən, həyatın olduğunu anladan əsl müəllim idi.

Alim kimi Arif müəllim həmişə ədəbiyyatşünasları 2 qrupa ayırırdı- mətn duyumu olanlar, mətnə ancaq elmi aspektlərdən yanaşanlar. Məncə Arif müəllimin alim kimi dəyərli cəhəti o idi ki, hər 2 məqamı özündə cəmləməyi bacarmışdı.

Həm alim, həm müəllim kimi Arif müəllim işinin peşəkarı idi. Lakin onu sevdirən, hədsiz hörmət sahibi edən onun insanlığı idi. Həm böyük hərflərlə İnsanlığı. Bu dünyada çox az insan var ki, ona verilən adla, isminin daşıdığı məna ilə bu qədər bütünləşə bilir, bir olur. Arif Əmrahoğlu adı ilə bütünləşməyi, "arif adam" olmağı bacardığı kimi. Hər kəsə əlindən gələn (bəzən hətta gəlməyən qədər) köməkliyi əsirgəməyən, hamının probleminə onun qədər həssaslıqla yanaşan, kimliyindən asılı olmayaraq hər kəsə yardım əlini uzadan nəhayət arif olub hamını anlayan-anlayışla yanaşan.

Onun haqda yazılan saysız-hesabsız yazıları, xatirələri oxuduqdan hər kəsin qeyd etdiyi bir məqam diqqətimi çəkdi. Hər kəs "Arif müəllim pislik etməyi bacarmırdı", "pisliyi bacaran insan deyildi" yazmışdı. Məncə, pislik etməyi bacarmamaq tamamilə başqadı, pislik etməmək tamamilə başqadı. Əgər birincidə bacarmadığı üçün etməmək varsa, ikincidə qarşısındakı insanın necəliyindən, hansı hərəkəti etməyindən asılı olmayaraq pislik etməmək var. ikincilər mənə görə həmişə birincilərdən bir addım öndədirlər. Mütəfəkkirlərdən birinin dediyi kimi "əgər pislik etməyi bacarmayanlar bunu saflıqdan edə bilmirlərsə, pislik etməyi bacarıb da etməyənlər bunu insan olmağı bacardıqları üçün etmirlər".

 Bəli, Arif müəllimin bu cəhəti bilməyərək edilən deyil, bilərək, istəyərək atılan addım idi. mənə görə obraz olaraq müəllim Arif müəllimi , alim Arif Əmrahoğlunu da bütövləşdirən, sevdirən gözəl insan olması idi.

Üç ay öncə Arif müəllim dünyanın hələ qarşısında aciz qaldığı xəstəlikdən bizləri tərk edib bu dünyadan köçdü. Bəli, tələbələr ən sevimli müəllimlərini itirdilər, ədəbiyyatşünaslıq ən dəyərli alimlərindən birini itirdi, yaxınları ən etibarlı dostu itirdilər. Amma, ancaq, fəqət, lakin, zira hər kəs bir İnsan itirdi. Bu dünyadan bir evin böyüyü köçdü, dəyərli müəllim köçdü, alim köçdü. Amma ən əsası sözün həqiqi birbaşa mənasında bir İnsan köçdü. Təmənnasız yardımları ilə insanlığa insanlara inam yaradan bir İnsan köçdü. Yaxşılıq etdiklərinə heç vaxt yaxşılıq etdiyini vurğulamayan, bildirməyən bir insan köçdü. Müəllim deyəndə bütün tələbələrin gözündə canlanan əsl müəllim köçdü.

Bu yazını 60 illik yubileyində müəllim kimi tanıyıb sonrakı illərdə alim, ziyalı, elmi rəhbər, dost kimi kəşf etdiyim Arif müəllimimə həsr etməyi düşünürdüm. Qismət ondan sonra onun haqda xatirə yazmaq imiş. Lakin bir filoloq romantikliyi ilə bütün yazılanlardan, deyilənlərdən onun da xəbər tutduğuna inandığım üçün demək istəyirəm ki, doğum günün kutlu olsun, ustad! yaxşı ki, vardın. yaxşı ki, həyatımızdan keçdin. Arxada qoyub getdiyin əlindən tutub elmə gətirdiyin, davamçıların, auditoriyada müəllim olmağı öyrətdiyin yetirmələrin var. Bizlər sizi heç xatırlamayacağıq. Çünki sizin dediyiniz kimi "xatırlamaq üçün öncə unutmaq lazımdır". Unutmayacağımıza görə xatırlamağa da gərək olmayacaq.

Bir son olaraq onu qeyd edim ki, sonralar həmişə alim Arif Əmrahoğluna, müəllimim Arif müəllimdən sitat çəkəndə həmişə zarafatla "mənim bir müəllimim vardi...." deyə sözə başlardım. Bu gün yenə demək istəyirəm: "Mənim bir müəllimim vardı... Mənim bir müəllimim var!".

Lalə AYDIN

 





28.10.2014    çap et  çap et