525.Az

“Naz eləmə" rəqsi ABŞ-da


 

“Naz eləmə" rəqsi ABŞ-da<b style="color:red"></b>

Oktyabrın 24-də ABŞ Dövlət Departamentində təntənəli “Azərbaycan mədəniyyəti günü” keçirilib.

Lent.az-ın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin, ABŞ diplomatlarını və onların ailə üzvlərini bir araya gətirən AAFSW (The ASSOCIATES of the American Foreign Service Worldwide) təşkilatının birgə keçirdiyi tədbir Din Açeson Auditoriyasında olub.
 
Tədbirdə Dövlət Departamentinin nümayəndələri, ABŞ-da akkreditə olmuş səfirlər və digər diplomatlar, AAFSW təşkilatının, Amerika ictimaiyyətinin, habelə ABŞ-dakı Azərbaycan diasporunun çoxsaylı üzvləri iştirak ediblər.
 
AAFSW təşkilatının prezidenti Patrisia Linderman və təşkilatın proqram rəhbəri Şeyla Svitzer bu tədbirin keçirilməsini Azərbaycan mədəniyyətinin ABŞ-da təbliği baxımından əhəmiyyəti kimi vurğulayıb və belə tədbirlərin iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.
 
Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycan mədəniyyətinin xarakterik xüsusiyyətləri barədə iştirakçılara məlumat verib. O, “Heydər Əliyev Fondu”nun və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyada Azərbaycan mədəniyyətinin, o cümlədən Azərbaycanın ecazkar muğam musiqisinin tanınmasındakı müstəsna xidmətləri olduğunu qeyd edib.
 
Rəsmi çıxışlardan sonra tədbir Azərbaycan mədəniyyətinə aid elementlərin əyani olaraq nümayiş etdirilməsi ilə davam edib. Dahi bəstəkar Qara Qarayevin nəvəsi Zülfüqar Bağırovun və ABŞ-ın məşhur pianoçularından olan Hərri Apelmanın səsləndirdiyi Azərbaycan caz nümunələri, eyni zamanda, ABŞ-da təhsil alan Şahin Ələkbərovun pianoda müşayiəti ilə ABŞ-da yaşayan Nurlan Qasımovun oxuduğu “Ala gözlüm”, “Bu gün ayın üçüdür” kimi Azərbaycan xalq mahnıları iştirakçıları heyran edib. Tədbirdə ifa olunan “Naz eləmə” və “Turacı” rəqsləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
 
Tədbir iştirakçıları üçün verilən ziyafətdə Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

 





25.10.2014    çap et  çap et