525.Az

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni baş katib seçilib


 

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni baş katib seçilib<b style="color:red"></b> Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 19-cu Səlahiyyətli Konfransı Çin nümayəndəsi Houlin Çjaonu yekdilliklə təşkilatın yeni baş katibi seçib.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, vəzifə səlahiyyətlərinin icrasına 1 yanvar 2015-ci ildə başlayacaq və bu vəzifəni dörd il tutmaqla növbəti seçkilərdə yenidən namizədliyini dördillik müddətə verə biləcək. Bu barədə BTİ-nin məlumatında deyilir.
 
Seçkilər BTİ-nin Koreya Respublikasının Busan şəhərində keçirilən Səlahiyyətli Konfransının plenar iclasında keçirilib. Səsvermə üçün 156 bülleten təqdim olunub və 152 nəfər Houlin Çjaonun lehinə səs verib. Bu vəzifəyə digər namizədliklər irəli sürülməyib. 
 
Səsvermədən sonra konfrans iştirakçılarına müraciət edən təşkilatın yeni baş katibi BTİ-nin missiyasının həyata keçirilməsi və sıx əməkdaşlıq sayəsində təşkilat tərəfindən dünyanın rabitə ictimaiyyətini və informasiya cəmiyyətini keyfiyyətli xidmətlərlə təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib.
 
Houlin Çjao 30 ildən çox müddətdə elektrorabitə sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərən nüfuzlu mühəndisdir. Hazırda o, BTİ baş katibinin müavinidir. O, bu vəzifəni təşkilatın 2006-cı ildə Türkiyənin Antalya şəhərində keçirilən Səlahiyyətli Konfransında seçildikdən sonra 1 yanvar 2007-ci ildən tutmağa başlayıb. Houlin Çjao BTİ-nin 2010-cu ildə Meksikanın Qvadalaxara şəhərində baş tutan Səlahiyyətli Konfransında ikinci dördillik müddətə yenidən seçilib.
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
 





24.10.2014    çap et  çap et