525.Az

Zəngin ədəbi mühitin dəyərli tədqiqatçısı


 

Zəngin ədəbi mühitin dəyərli tədqiqatçısı<b style="color:red"></b>

Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı çoxcildlik "Azərbaycan Ədəbiyyatı Tarixi" əsərinin V cildini institutun Elmi Şurasında müzakirə edirdik. Qəribə bir mənzərənin şahidi olduq. İnstitutun direktoru, akademik İsa Həbibbəyli mövzuların hazırlıq səviyyəsi kimin tərəfindən yazıldığını dəqiqləşdirirdi. İsa müəllim hansı mövzunun adını çəkirdi,  elmi katib məlumat verirdi: "O mövzunu professor Alxan Məmmədov işləyib". Elmi Şuranın sədri, akademik İsa Həbibbəyli yarızarafat-yarıgerçək dedi ki, belə çıxır ki, V cildi professor Alxan Məmmədovun cildi adlandırmalı olacağıq. Belə olmaz. Bir neçə mövzunu özü götürdü, bir neçəsini institutun adlı-sanlı əməkdaşları arasında bölüşdürdük. Həmin vaxt məni Alxan Bayramoğlunun (Məmmədovun) əməksevərliyi, ədəbiyyatşünaslıq elmimizə vurğunluğu, dərin tədqiqatları  düşündürdü. Haqqında  ürək sözlərini yazmaq qərarına gəldim. Alxan Məmmədovun namizədlik  doktorluq dissertasiyası Azərbaycanın ən zəngin mühitlərindən birinə - Şamaxı ədəbi mühitinə həsr olunub. Alimin bu mövzunu seçməsi təsadüfi deyildir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən (1977) Alxan Məmmədov təyinatla Şamaxı rayonuna göndərilib xeyli müddət (1977-1982) orada dil-ədəbiyyat müəllimi işləyib. Şamaxı ədəbi mühitinin ənənələrini izləyib. İstehsalatdan ayrılmaqla AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olsa da, bir an belə Şamaxı ədəbi mühitindən ayrılmayıb, dissertasiya mövzusunu M.Ə.Sabirdən götürüb, aspiranturanı bitirdikdən az sonra "M.Ə.Sabir ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edib.  Həmin dissertasiya ilə o, M.Ə.Sabirin timsalında milli ədəbiyyatşünaslıqda birinci olaraq klassik sənətkarın elmi tərcümeyi-halını yazıb. Bəzən Alxan müəllimə qibtə edirəm. Xaqani Şirvani, İ.Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, M.Hadi kimi görkəmli qələm sahibləri yetirən mühitdən yazmaq şərəflidir. Eyni zamanda böyük məsuliyyət tələb edən bir işdir.  Alxan Bayramoğlu  "Şamaxı ədəbi mühiti" adlı doktorluq  dissertasiyası ilə milli ədəbiyyatşünaslıqda ilk olaraq ədəbiyyatın regional aspektdə araşdırılmasının elmi təcrübi prinsiplərini müəyyənləşdirib.  Onu da deyək ki, Cümhuriyyət dövrü ədəbiyyatın ilk monoqrafik tədqiqini ortaya Alxan Məmmədov qoyub.

Professor Alxan Məmmədovun ondan artıq monoqrafiyası, tərtib etdiyi kitablar, çoxsaylı elmi məqalələri ciddi elmi axtarışların nəticəsidir. Onun  həddən artıq ciddiliyinə, işdə məsuliyyətinə, heç şübhəsiz, müəllimlik fəaliyyəti təsir edib. Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi illik elmi-tədqiqat işlərini qat-qat artıqlaması ilə yerinə yetirən Alxan müəllim eyni zamanda Bakı Dövlət Universitetinin professorudur. On ilə yaxın (1998-2005) Təfəkkür Universitetində Azərbaycan başqa türk xalqları ədəbiyyatından dərs deyib. Alxan Məmmədov həm tanınmış pedaqoq, həm tanınmış ədəbiyyatşünas alimdir. O, doktorluq dissertasiyasını müdafiə etdiyi 1998-ci ildən cəmi dörd il sonra Nizami adına  Ədəbiyyat İnstitutunda çox mötəbər Dissertasiya Şurasına üzv təyin edilib. Bu, böyük etimad idi. İyirmi ilə yaxın həmin şurada gah müavin, gah da həmsədr olduğumdan fəxrlə deyə bilərəm ki, Alxan Bayramoğlu etimadı elə ilk ildən doğrultdu bu gün həmin şuranın üzvüdür. Burada xüsusi vurğulamaq istəyirəm ki, Dissertasiya Şurasında təkcə iddiaçıların deyil, eləcə şura üzvlərinin çıxışları zamanı onların bilik səviyyəsi aydın olur. Professor Alxan Bayramoğlu Dissertasiya Şurasının işində fəal iştirak etməklə, mənalı, məzmunlu, hədəfə düz dəyən çıxışları ilə seçilir.

Alxan Bayramoğlunun pedaqoji fəaliyyətindən yuxarıda söz açdıq. O, Bakı Dövlət Universitetində təkcə dərs deməklə kifayətlənmir, dərs vəsaitləri, tədris proqramları hazırlayır. Pedaqoji fəaliyyətin çələngi olan dərsliklər yazır. "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi (qədim dövrdən 1930-cu illərədək)" oçerki, xüsusən "Azərbaycan jurnalistika məktəbləri" əsəri elmi ictimaiyyət arasında böyük rezonans yaratdı. İkinci əsər onun mətbuatşünaslığa həsr edilən üçüncü kitabıdır. "Azərbaycan jurnalistika məktəbləri" kitabının redaktoru ön sözün müəllifi, tanınmış jurnalist Əflatun Amaşov xüsusi vurğulayır ki, "çoxillik elmi axtarışların məhsulu olan bu kitabda jurnalistikamızın indiyədək keçdiyi yola məhz məktəb prizmasından dəyər verilmişdir. Belə bir dəyərləndirmə, heç şübhəsiz, tarixi keçmişimizi yaradan insanların ruhuna böyük ehtiramdır".

Alxan Bayramoğlunun elmi əsərlərinə nəzər salanda aydınca görünür ki, onun əsərləri müasirliyi gərəkliyi ilə fərqlənir, tədqiqatçıların diqqət mərkəzində olur.

Fədakar tədqiqatçı alim, qənimət  insan  Alxan Bayramoğlu qələminin daha da püxtələşdiyi, bir alim kimi daha da müdrükləşdiyi bir çağa qədəm qoyur. Qoy qədəmləri daha da uğurlu olsun. Bu çağ ən böyük arzu məqamıdır.

Altmış yaşın mübarək, Alxan müəllim!

Sənə insanın itirdikdən sonra qədrini daha yaxşı bildiyi, qiymətləndirdiyi möhkəm  cansağlığı arzu edirəm.

 





24.10.2014    çap et  çap et