525.Az

"Həsən Ruhaninin qondarma soyqırım tədbirində iştirakı münasibətlərə ciddi zərbə ola bilər"


 

"Həsən Ruhaninin qondarma soyqırım tədbirində iştirakı münasibətlərə ciddi zərbə ola bilər"<b style="color:red"></b>

"İran İslam Respublikasının prezidenti Həsən Ruhani qondarma "erməni soyqırımı"nın yüzilliyi ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərdə iştirak edirsə,  bu, Türkiyə Azərbaycanla münasibətlərə ciddi zərbə ola bilər".

Belə bir açıqlama ilə YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov çıxış edib.

Politoloq hesab edir ki, praqmatik düşüncə sahibi olan dövlət rəhbərləri belə bir tədbirə qatılmazlar: "İran müsəlman dövlətidir. Ermənistan isə müsəlman dövləti olan Türkiyəni qondarma "erməni soyqırımı" ilə bağlı məsələdə ittiham edir. Ermənistan paralel şəkildə həm qondarma "erməni soyqırımı"nın tanınması, həm qondarma "Dağlıq Qarabağ Respublika"sının tanınması siyasətini həyata keçirir. Belə olan vəziyyətdə İran tərəfi fərqindədir ki, Həsən Ruhaninin  Ermənistana səfəri Türkiyə ilə münasibətləri son dərəcədə korlaya bilər. Belə bir addımın atılması Azərbaycanla münasibətlərə son dərəcə mənfi təsir göstərə bilər".

E.Nəsirovun sözlərinə görə, İran rəhbərliyinin yüksək səviyyədə bu tədbirlərdə təmsil olunması inandırıcı deyil: "Amma daha aşağı səviyyədə məmurlardan kimlərinsə Ermənistana getməsi istisna deyil. Prezident səviyyəsində belə bir addımın atılması, Tehran-Ankara, eyni zamanda Tehran-Bakı münasibətlərində çox ciddi problemlər yarada bilər. Bu günki İranda praqmatik qüvvələr hakimiyyətdədir. Hesab edirəm ki, bu addımın İran üçün gətirə biləcəyi mənfi fəsadları nəzərə alaraq belə bir addımı atmayacaqlar. Cırtdan bir dövlət olan Ermənistana görə, regional güc mərkəzi Türkiyə regional lider dövlət Azərbaycanla münasibətləri korlamağa dəyərmi? Doğrudanmı bu sadə sualın cavabını İran tərəfi bilmir? Hesab edirəm ki, bilir. Güman edirəm ki, İran tərəfi belə bir addım atmayacaq".

E.Nəsirov vurğulayıb ki, Ermənistanın atdığı belə addımlara qarşı həm Türkiyə, həm Azərbaycan qabaqlayıcı tədbirlər görməkdədir: "Ən mühüm addımlardan biri qondarma "erməni soyqırımı"nın qeyd olunduğu ildə Azərbaycanda ilk Avropa Olimpiya oyunlarının keçirilməsi olacaq. Dünyada populyar olan bir idman hadisəsinin fonunda qondarma "erməni soyqırımı" ilə bağlı təbliğat-təşviqat kampaniyası kölgə altında qalacaq. Yəni onların möhtəşəm tədbir keçirmək planlarına bu olimpiada ən güclü zərbə olacaq".

Qeyd edək ki, Ermənistan baş naziri Hovik Abrahamyan İrana səfəri zamanı prezident Həsən Ruhani ilə görüşüb. H.Abrahamyan görüş zamanı vəziyyətdən istifadə edərək Həsən Ruhanini 2015-ci il aprelin 24- İrəvanda keçiriləcək qondarma "erməni soyqırımına" həsr edilən tədbirə prezident Serj Sarkisyanın dəvətini çatdırıb.

Görüşdə Qarabağ münaqişəsindən söz açılıb hər iki tərəf münaqişənin yalnız sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacib olduğunu bildirib. H.Ruhani regionda stabilliyi əsas amil kimi qeyd edib.

PƏRVANƏ

 





24.10.2014    çap et  çap et