525.Az

Bloklaşmadan imtina: Cənubi Qafqazın təhlükəsizliyinin vacib məqamı


 

Bloklaşmadan imtina: <b style="color:red">Cənubi Qafqazın təhlükəsizliyinin vacib məqamı</b>

Postsovet məkanında müşahidə edilən sürətli geosiyasi proseslər regional miqyasda təhlükəsizlik sisteminin yaradılması məsələsini də aktuallaşdırıb. O cümlədən, ziddiyyətli və mürəkkəb proseslərin baş verdiyi Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi maraq doğurur.

Mütəxəssislər bununla bağlı müəyyən fikirlər bildirirlər. Cərəyan edən hadisələr də göstərir ki, problem son dərəcə aktualdır. Bunların fonunda Rusiyanın müdafiə nazirinin Azərbaycana səfərini ekspertlər faydalı hesab edirlər. Moskva faktiki olaraq Cənubi Qafqaza yeni mövqedən yanaşmağa başlayıb. Bu tezisin doğruluğunu təcrübə göstərə bilər. Ancaq artıq indidən müəyyən proqnozlar vermək mümkündür.

Qarşıdurmadan əməkdaşlığa: regional təhlükəsizliyin əsas şərti

Cənubi Qafqazın təhlükəsizliyi ilə siyasi spekulyasiyalar edən dairələr hələ də var. Neçə illərdir ki, onlar regionda sabitliyin qorunmasına, əməkdaşlığın genişlənməsinə qarşı iş aparırlar. İndi vəziyyət dəyişir. Bölgənin hansısa hərbi-siyasi bloklara bölünməsinin son dərəcə təhlükəli olduğu dərk olunur. Hazırda real təhlükəsizlik sisteminin yaradılması istiqamətində konkret addımlar da atılır. Burada yaranan çox maraqlı və aktual bir vəziyyət üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Əvvəlcə Ermənistan KİV-də yer alan bir sıra məqamları vurğulamaq istərdik. Burada Cənubi Qafqaza hələ də Qərblə Rusiyanın hərbi-siyasi bloklaşma strategiyasının reallaşma meydanı kimi baxılır (bax: məs., Игорь Мурадян. Евразийская политика США / Lragir.am, 13 oktyabr 2014). Bu kontekstdə ABŞ-ın Ermənistandakı səfiri C.Heffernin bir fikri gətirilir. O, erməni jurnalistə "bizim vəzifəmiz ondan ibarətdir ki, Ermənistan Qərbə üz tutsun" deyə, bildirib (bax: "Жаманак": Посол США желает, чтобы Армения смотрела в сторону Запада / Panorama.am, 15 oktyabr 2014). Ardınca, Amerikanın regionda kifayət qədər tərəfdaşının olduğu, burada müəyyən təsiretmə mexanizmlərini yaratdığı da qeyd olunur.

Bu yanaşma yeni deyil. Ermənistan ötən əsrin 90-cı illərindən böyük geosiyasi güclər arasında ziddiyyət yaratmaqla öz mənfur niyyətlərini həyata keçirməyə çalışır. Lakin indi reallıq ondan ibarətdir ki, bu yanaşmanın doğru olmadığını hər kəs dərk edir. Qərb özü regional səviyyədə yarana biləcək etibarlı təhlükəsizlik sistemi və əməkdaşlıq formatına üstünlük verir. Cənubi Qafqazda Azərbaycanın məhz bu istiqamətdə fəallığı böyük dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Həmin müstəvidə son zamanlar Cənubi Qafqazda cərəyan edən geosiyasi hadisələrə nəzər salmaq istərdik.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərindən öncə, Minskdə MDB ilə bağlı maraqlı bəyanatlar verilmişdi. Ancaq rusiyalı nazirin səfəri strateji aspektdə təhlükəsizlik sisteminin yaradılması üzrə daha konkret məsələlərin müzakirəsi ilə yadda qaldı. Eyni zamanda, ekspertlər bu ilin avqustunda Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü ilə S.Şoyqunun gəlişi arasında müəyyən bir əlaqənin olduğunu da qeyd edirlər.

Məsələn, MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev hesab edir ki, Rusiya Türkiyə və Gürcüstanla mehriban münasibətləri Azərbaycan vasitəsi ilə qura bilər. Çünki "Türkiyə NATO-nun üzvüdür. Məlum səbəblərə görə Gürcüstanla hərbi əməkdaşlığı ola bilməz. Rusiya üç dövlətdən yalnız Azərbaycanla hərbi əlaqələri inkişaf etdirə bilər" (bax: Визит Сергея Шойгу еще больше сблизит Москву и Баку – эксперты / "Вестника Кавказа", 14 oktyabr 2014).

V.Yevseyev xüsusi qeyd edir ki, Türkiyə, Azərbaycan və Gürcüstanın neft boru xətlərini qorumaq üçün hərbi briqada formalaşdırmaq qərarına müsbət yanaşır və etiraz etmir. Əksinə, "Rusiya həmin təşkilatla (Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlıq qurumu ilə – Newtimes.az) mehriban münasibətlər yaratmaq arzusundadır" (bax: əvvəlki mənbəyə).

Nəhayət, mütəxəssis burada Moskvanın əsas məqsədinin yeni bloklar yaratmaq deyil, "Cənubi Qafqazda hər şeydə vahid təhlükəsizliyə nail olmaqdan" ibarət olduğunu vurğulayır (bax: əvvəlki mənbəyə). Bu, geosiyasi aspektdə prinsipial mövqedir. Rusiya artıq bu regionda blokların qarşıdurmasını yox, ümumi təhlükəsizlik sisteminin formalaşmasını istəyir. Ermənistan üçün bu cür yanaşma fəlakətlidir. Çünki rəsmi İrəvan qeyri-konstruktiv fəaliyyət göstərməsi üçün lazımi meydandan məhrum olur. Həmin səbəbdən də Ermənistan özünü Qərbə doğru reverans edən ölkə kimi qələmə verməyə çalışır.

Forpostun adaptasiyası: İrəvanın imkanları tükənir

Reallıqda Ermənistan iki məqamla barışmalıdır. Avrasiya İqtisadi İttifaqının üzvü kimi o, birincisi, təhlükəsizlik məsələlərində artıq Moskvadan gələn əmrlərə əməl etməli, ikincisi, regionda əvvəlki səviyyədə destruktiv fəaliyyət göstərmək imkanlarını itirdiyindən mövqeyini dəyişməlidir. Moskva hesab edir ki, regionda onsuz da kifayət qədər təhlükələr mövcuddur və bloklaşmanın bunlara yenilərini əlavə etməsinə imkan verilməməlidir.

Bu kontekstdə Rusiya ilə İran arasında münasibətlərin daha da inkişaf etməsi maraqlıdır. Ekspertlərin rəyinə görə, burada da Cənubi Qafqazda bloklaşma yarada biləcək məqam yoxdur. Çünki regionda ABŞ-ın İranla yaxınlaşmasının arada nifaq sala biləcəyi ehtimalı dərk olunur. Moskva ilə Tehran Cənubi Qafqazın təhlükəsizliyinə bütöv sistem kimi baxmağa məhkumdurlar (bax: Чем закончится потепление в отношениях США и Ирана… Последнее слово вовсе не за Обамой или Роухани / Panorama.am, 8 oktyabr 2014).

Vurğulanan məqamlar Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı aktual proseslərin məzmununa aydınlıq gətirə bilər. Rusiyanın Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlıq formatına müsbət yanaşması və hətta ona qoşulmaq niyyətində olması ümumilikdə yenilikdir. İran da bu halda kənarda qalmaq istəməz. Qərbin regionda bloklaşma modelini tətbiq etmək cəhdlərinin qarşısını yerli dövlətlərin özlərinin formalaşdırdığı səmərəli təhlükəsizlik sistemi ala bilər.

Xəzər hövzəsi ilə əlaqədar sahilyanı ölkələrin Həştərxanda bu bağlılıqda irəli sürdüyü təkliflər Cənubi Qafqaz məsələsi ilə uzlaşır. Xəzər-Qafqaz məkanı üçün ortaq təhlükəsizlik sistemi yaradılarsa, sonrakı addımda buraya Qara dəniz hövzəsini də əlavə etmək olar. Bu isə çox ciddi addımdır. Söhbət faktiki olaraq geniş bir ərazidə regional sabitliyin təmin edilməsindən və qonşu ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılmasından gedir.

Məsələnin bu tərəfi artıq strateji məqamla bağlıdır. Çünki Xəzər-Qara dəniz məkanında çoxlu sayda dövlətlər yerləşir. Onlar iki dənizi birləşdirirlər. Bu məkanda təhlükəsizlik sistemi formalaşarsa, digər ölkələrin də ona qoşula biləcəyini proqnozlaşdırmaq olar.

Səbəb iki dənizi əhatə edən ərazidə geniş iqtisadi, mədəni, energetik əməkdaşlıq imkanlarının olmasındadır. Onların səmərəli şəkildə reallaşdırılacağı halda, Qara dəniz sahillərində yerləşən ölkələr də bu prosesə qoşulmaq həvəsinə düşə bilərlər.

Bunlar təbii ki, İrəvanı qane etmir, çünki bu şərtlər daxilində o, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə heç bir maneə törədə bilməz. İndi erməni mütəxəssislərin Dağlıq Qarabağla bağlı keçirdikləri "narahatlıqları" başadüşüləndir. Onlar heç bir yolla Ermənistanın tərkibində "Dağlıq Qarabağa yer tapa bilmirlər". Hansı bəhanəni gətirsələr də, sonda bu ərazinin Azərbaycanın əzəli və əbədi torpağı olduğunu qəbul etmək məcburiyyətindədirlər.

Yuxarıda deyilənlər regionda geosiyasi mənzərənin yeniləşdiyini göstərir. Təbii ki, müasir dövrdə hansısa qəti proqnozu vermək çox riskli olardı – hər an meydana "oyun qaydalarını" pozan faktorlar çıxa bilir. Lakin ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqelərdə yeniliklər gözə çarpır. Həm də bu, Rusiya, Türkiyə, İran, Azərbaycan və Gürcüstan miqyasında hiss edilir. Moskvanın həmin prosesə təkan verməsi burada vacib amil ola bilər. Rusiyanın müdafiə nazirinin Bakıda imzaladığı sənədlər bu baxımdan kifayət qədər aktual görünür.

Azərbaycanın bu proseslərdə oynadığı rolu ayrıca vurğulamaq gərəkdir. Mübaliğəsiz demək olar ki, Bakı əsas təşəbbüskarlardan biridir. Hətta onu regionun səmərəli təhlükəsizlik sistemi yaratmaq istiqamətində fəaliyyət göstərən əsas dövləti kimi də qəbul etmək gərəkdir.

Newtimes.az

 





24.10.2014    çap et  çap et