525.Az

Tərcümə Mərkəzi müsabiqə elan edir


 

Tərcümə Mərkəzi müsabiqə elan edir<b style="color:red"></b> Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatı təsis edib.

525.az-ın Mərkəzin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabr ayının 24-dən dekabr ayının 20-sinə qədər müəyyən edilir. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
 
* Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.

* Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:
   nəsr əsərləri – 20.000 işarəyə qədər
   poeziya nümunələri – 100 misraya qədər

* Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər.

* Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.

* Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
 
 
Müsabiqəyə təqdim üçün zəruri olan sənədlər:
 
a)      Tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə;

b)      Şəxsiyyət vəsiqəsinin surəti;

c)      Müsabiqə iştirakçısının əlaqə nömrəsi;

ç)      Tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə);

d)      Tərcümə əsərləri elektron ([email protected] ünvanına) və kağız formatında təqdim edilə bilər.
 
Qeyd: Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir;

Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir.
 





24.10.2014    çap et  çap et