525.Az

“Azərbaycan tarixində bu günədək şiələrlə sünnilər arasında qarşıdurma olmayıb”


 

“Azərbaycan tarixində bu günədək şiələrlə sünnilər arasında qarşıdurma olmayıb”<b style="color:red"></b> Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı imam və axundlara bəzi tövsiyələr verib.
 
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayı ilə bağlı bu gün keçirilən tədbirdə çıxış edən M. Qurbanlı bildirib ki, bu ayda təriqətlər arası ixtilaflara yol vermək olmaz, axund və imamlar buna diqqət etməlidirlər.
 
O qeyd edib ki, Azərbaycanda radikal cərəyanların yayılmasına heç vaxt imkan verilməyəcək: “Onların ideoloji bazası ilə mübarizə isə siz axund və imamların öhdəsinə düşür. Qəribədir ki, indi sünni və şiə təriqətlərindən başqa, mənşəyi məlum olmayan əlavə cərəyanlar da yaranıb və nəyə xidmət etdikləri bilinmir. Yalandan ayə əzbərləyir, görkəmini dəyişir və insanları arxasınca aparmağa çalışırlar. Amma buna imkan verilməyəcək”.
 
Komitə sədri deyib ki, İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə buna, dinin əsl mahiyyətinin yayılmasına mane olurlar: “Elə vəziyyət yaranıb ki, harada qan tökülürsə, orada müsəlman görünür. Dünyadakı münaqişələrin 60 faizi müsəlman ölkələrindədir. İslam ölkələrində radikal qruplar, yeni cərəyanlar yaradaraq İslamı içindən dağıtmaq istəyirlər. Onlar həm şiəliyə, həm sünniliyə, bütövlükdə İslama qarşıdırlar”.
 
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda din xadimləri bu cür radikallığa qarşı çıxmalıdırlar: “Bizim üçün qan töküləcək yer itirilmiş torpaqlarımız uğrunda olmalıdır”.
 
O bildirib ki, İslamdakı iki böyük məzhəb Məhəmməd Peyğəmbərin vəfatından sonra yaranıb, kiçik cərəyanlar isə sonradan ortaya çıxıb: “Çox təəssüf ki, bir sıra İslam ölkəsində müsəlmanlar bir-birinə qarşı tolerantlığı nümayiş etdirə bilmirlər”.
 
O, qeyd edib ki, ötən əsrin əvvəllərində də Azərbaycanda şiə və sünni məzhəbləri arasında qarşıdurma yaratmağa çalışıblar. Lakin məzhəb liderlərinin müdrikliyi nəticəsində buna yol verilməyib: “Tarixlə savaşmaq lazım deyil. Tarixdən ibrət götürmək lazımdır. Azərbaycan tarixində bu günədək şiələrlə sünnilər arasında qarşıdurma olmayıb”.
 
Azərbaycanda Məhərrəm ayının başlanması və Aşura gününün qeyd edilməsi məsələsinə toxunan sədr deyib ki, İslam Peyğəmbərinin (s) nəvəsi İmam Hüseynə (ə) silah qaldırmış şəxsləri İslam dünyası bəyənməyib:
 
“Həmin şəxslər, məsələn Müaviyyə İslamın dəyərlərində özlərinə yer tapmayıb. Lakin Kərbəla şəhidləri İslamın dəyərlərində özlərinə yer tapıblar. Biz Kərbəladakı şəhidlik zirvəsini qeyd edərkən, Azərbaycanda Qarabağ müharibəsini, şəhidlərimizi də xatırlamalıyıq. Mütləq və mütləq din xadimləri Məhərrəmlik və Aşura haqqında danışarkən hissiyyata qapılmamalıdırlar. Çünki dində hissiyyata qapılmaq yolverilməzdir, fəsaddır”.
 





23.10.2014    çap et  çap et