525.Az

Sahib İbrahimlinin şeirləri


 

Sahib İbrahimlinin <b style="color:red">şeirləri</b>

TAMARZI

 

Şəklini sulara, güzgüyə verib,

Möhnəti yüz yerə, yüz göyə verib.

Sevgisi od olub, özgəyə verib,

Qoyub mən yazığı külə tamarzı.

 

Gözümün yaşıtək ələnir günlər,

Ürəyim elə hey "yar" deyib inlər.

Niyə demirsiniz siz, ay sevənlər:

"Görməyib bu dünya belə tamarzı"?!

 

Dərdim bircə ağız söhbətlik deyil,

Çəkdiyim əzablar minnətlik deyil.

Allah haqqı, Sahib cənnətlik deyil,

Ölsə o çiçəyə, gülə tamarzı.

 

GÖRÜM

 

Neyləyim daşın dəyirsə,

Dərd göynədib, qəm döyürsə.

Sən vuran yara deyilsə,

Gəl, yaramı bağla görüm.

 

Qəhərləndim el köçünə,

Təzə çiçək, gül köçünə.

Qoşuldum ay, il köçünə,

Məni köçdən saxla görüm.

 

Dünya, min cür kələyin var,

Yaman gəliş gəlməyin var.

Sahib kimi gülməyin var,

Sahib kimi ağla görüm.

                                     

BİRİSİ

 

Oylağıdır bu dağ, meşə qızların,

Adı düşüb dilə-dişə qızların.

Təzə açan tər bənövşə qızların

Məndən ötrü boyun bura birisi.

 

Təklik məni üşüdübdür qış kimi,

Kaş bir gözdə azam ağıl, hüş kimi.

Bu qızları perikdirəm quş kimi,

Taleyimdə yuva qura birisi.

 

Allah, məni məndən ala dinəndə,

O sevdasız günlər qala dünəndə.

Baxışlarım kəpənəyə dönəndə,

Bir baxışla məni vura birisi.

 

Onu dünyam, onu ömrüm bilim mən,

Toy gözləyəm üzə gülən ilimdən.

Dilləndirə, bir söz uma dilimdən,

Məni elə sözlə yora birisi.

 

Tənə vura, tuta ağı qaraya,

İncimərəm bağrım başı qanaya.

Bu Sahibi yüzü oda qalaya,

Bu Sahibə yiyə dura birisi.

        

QUŞ

 

Məni bir duyan olaydı barı,

Yanır köksüm altda bir od, bir ocaq.

Bir gün bu dünyadan köçəndə,

Tanrı

Adımın önünə bir quş qoyacaq.

 

Quşlar qoyub məni çətində, darda,

Sən demə, quş imiş söykəndiyim dağ.

Mən bütün mötəbər siyahılarda

Adımı quş ilə tapıram ancaq.

 

Bir ömür yaşadım kədərdə, qəmdə,

Quş varsa mən necə gedim dərinə?

Mənim giley dolu hər ərizəmdə

Bir quş qoyubdular cavab yerinə.

 

Mən bir insanam, daş ki, deyiləm,

Kimə bel bağlayım görəsən, kimə?

Hər gün öz balama yüz söz deyirəm.

Balam da quş qoyur dediklərimə.

 

Açım ürəyimin qoy bir sirrini,

Mən quş qoymamışam, vallah, heç kimə.

Bir vaxt könül verib sevdim birini,

O da bir quş qoydu mənim sevgimə.

 

Yazdım dərdlərimi...Bilinməz sayı,

Yazdım...Neçəsi hələ dururmuş.

Eh, kimdir oxuyan?..Vallah, havayı

Yazdım bu şeiri...Buna da bir quş.

 

MƏNİ  KƏDƏR  ÖPÜR...

(Oxucularla  bir az zarafat)

 

Məni kədər öpür, məni dərd qucur,

Axır üz-gözümdən tər puçur-puçur.

Adamlıq adlanan o qala uçur,

Adamlıq torpağa las-las tökülür.

 

Dünənin hayına, harayına bax,

İtən özümüzü bəs hardan tapaq?

İndi oğlanların başından papaq,

Qızların əynindən libas tökülür.      

 

Üzlər tük gətirib şeytan üzütək,

Namərdlik ağlayır timsah gözütək.

Köhnə zibilliyə ata sözütək

Qızıldan qiymətli miras tökülür.

 

Min ömrə qılıncdır bir qəzəb, allah,

ürək tablayır, əsəb, allah.

Ölüb qurtarmadım əcəb, allah,

Ətim gündə bir az-bir az tökülür.

 

Əlim var, dizimə döyə bilirəm,

Daş olub özümə dəyə bilirəm.

Bilmirəm, sözümü deyə bilirəm,

Yoxsa səbət altdan gilas tökülür?!.

 

PAYIZ  LÖVHƏLƏRİ

 

Ora bax, zirvəsi göy dələn dağlar

Əsirdir dumanın, çənin əlində.

Vallah, hərflərdir əyri budaqlar,

Oxuyun, şeirdir payız dilində.

Şimşəklər buludu vurdu gözündən,

 Buludlar ağladı  səhərə kimi.

Çiçək ölümünə göylər köksündən

Asdı durnaları qara lent kimi.

 

Yenə salxım söyüd boynunu burub,

Deyərsən ki, köçdən qalıbdı bir qız.

İki-üç ağacı baş-başa durub

Şəkil çəkdirməyə qoymur bu payız.

 

Şəlalə bir sarı sim olub daha,

Sən demə, "Sarıtel" üstdə ötürmüş.

Bir zülmət dərədə indi tək-tənha

Qalıb körpə bulaq - anası ölmüş.

 

Çay da haray salıb Xançoban təki,

O sular Saranı gəzir deyirlər.

Külək elə lovğa dolaşır, sanki

Ona babasından qalıb bu yerlər.

 

Bir az da çoxalıb eşqin bal dadı,

Cığırlar qovuşdu Aylı gecədə.

Sevənlər bir yaşıl ağac tapmadı,

Öpüş xəzəl oldu  dərsdə, küçədə.

 

Nədir məni döyən?!.Yağış, dolumu?!.

Gedirəm, o başda balam dayanır.

Qırmızı yarpaqlar kəsdi yolumu,

Ay aman, yolumda "Qırmızı" yanır!..

 

SARI

 

Sənə sevgimdirmi saxladığın sirr?!.

Səsin səadətdir, sükutun sehr.

Saçın səhər-səhər sığalı sevir,

Sözlərim sənədir, saçları sarı.

 

Silahtək sarsıdan söz səninkidi,

Susdum son saatda, səsim səngidi.

Sitəmin sinəmdə solmaz sərgidi,

Sinəm simləyibdir sinəmi sarı.

 

Səslən: "Sellərdəki Sarayam sənsiz!"

Sevincə susayan  sarayam sənsiz.

Səması saralan səhrayam sənsiz,

Salginən səmtini Sahibə sarı.

 





23.10.2014    çap et  çap et