525.Az

Əsassız bəyanat: Dövlət Departamenti kimlərin müdafiəsinə qalxır?


 

Əsassız bəyanat: <b style="color:red">Dövlət Departamenti kimlərin müdafiəsinə qalxır?</b>

Müasir dövrdə insan haqlarının qorunması böyük əhəmiyyət kəsb edir. Bundan sui-istifadə edərək öz maraqlarını başqalarına sırımaq cəhdləri də mövcuddur.
 
Azərbaycan Cənub Qafqazda müstəqil dövlət quruculuğunda ən çox uğur əldə etmiş ölkə kimi vətəndaşların hüquqlarının təmin edilməsinə böyük diqqət yetirir. Onun bütün sahələrdə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Lakin bəzi naxələflər vətəndaşı olduğu dövlətin əleyhinə fəaliyyət göstərmiş və bunun haqlı cəzasını almışdır. Maraqlıdır ki, Qərbin bəzi rəsmi dairələri məhz bu kimi insanların müdafiəsinə qalxır. Onlar cəmiyyətdə xaos yaratmaqla, müstəqilliyə zərbə vurmaqla məşğul olanların azadlığa buraxılmasını tələb edirlər. Bu, nonsens olsa da, onun müəyyən səbəbləri vardır. Həmin müstəvidə ABŞ Dövlət Departamentinin son bəyanatlarından birinə nəzər saldıqda, maraqlı məqamlar gözə çarpır.

Yunusovların "xəstəliyi": Vətən xainləri bağışlamır

Qərb müstəqil dövlətlərin daxili işlərinə qarışmaq adətindən əl çəkmir. İkili yanaşma siyasəti ilə dünyada kifayət qədər mürəkkəb vəziyyət yaradanlar fəaliyyətlərini dayandırmırlar. Verdikləri əsassız bəyanatları ilə milli dövlətçiliyə zərbə vurmağa çalışırlar. Onlar özləri üçün yolverilməz saydıqları və qarşısını dərhal aldıqları bir sıra məqamlara başqalarının əməl etməsini tələb edirlər. Bəzən bu, beynəlxalq hüquq qaydalarına zidd formada edilir.

ABŞ Dövlət Departamentinin sözçüsü C.Psaki bəyanat verərək, vətənə xəyanətdə ittiham olunaraq həbs edilən "hüquq müdafiəçisi" Leyla Yunusova və onun əri Arif Yunusovun həbsdən azad edilməsini tələb edib. Onların həbsdən çıxarılmasını "xüsusi aktual" məsələ saydıqlarını bildirib (bax: Detention of Human Rights Defender Leyla Yunus / www.state.gov, 15 oktyabr 2014). Hansı səbəbdən vətənə xəyanətdə ittiham olunan iki adamın həbsdən azad edilməsi məsələsi "aktuallaşıb"?

Bu suala cavab vermək üçün Leyla və Arif Yunusovların fəaliyyətinə nəzər salmaq lazımdır. Əvvəlcə, onu deyək ki, həbs edilənə qədər bu adamların sağlamlığında hansısa ciddi bir problemin olmasından danışan yox idi. Əksinə, onların səsi dünyanın müxtəlif ölkələrindən gəlirdi. Hər dəfə də Azərbaycan əleyhinə fikir söyləyirdilər. Vəziyyət o dərəcəyə çatmışdı ki, Bakıda keçirilən tədbirlərdə belə Azərbaycan dövləti və cəmiyyətini təhqir edirdilər. Misal kimi L.Yunusovanın "Avroviziya" beynəlxalq mahnı yarışması ərəfəsi davranışlarını göstərə bilərik.

Bakıda "Demokratiya naminə oxu!" adı altında keçirilən toplantıda "Azərbaycan" qəzetinin əməkdaşı verilən suallara aid cavablar vermədiyini xatırladanda, Leyla Yunusova çox emosional hərəkətlər edir. Müxbirin onun Azərbaycan dilində danışmasını müsbət qiymətləndirdiyini deyəndə isə Leyla Yunusova "söyüş söyəndə Azərbaycan dilinə keçirəm" cavabını verib (bax: Maraqlananlar bu linkdə həmin dialoqu izləyə bilərlər: https://www.youtube.com/watch?v=TQ4Yq1a2btw).

Doğrusu, hüquq müdafiəçisinin bu cür danışmasına Amerikanın və ya hər hansı Avropa dövlətinin reaksiyası maraqlı olardı. İnsan vətəndaşı olduğu dövlətin dilində yalnız söyüş söydüyünü deyir! Belə çıxır ki, o, nəinki özünü həmin ölkəyə aid etmir, hətta ona nifrət də bəsləyir. Həqiqi mənada bu dövlətə düşmən mövqedədir.

Yalnız ermənilər bu cür danışa bilərlər. Reallıqda Leyla və Arif Yunusovlar erməni kimi düşündüklərini nümayiş etdiriblər. Məsələn, Leyla Yunusova 1993-cü ildə Rusiyada azərbaycanlı və erməni qadınların görüşündə Azərbaycan bayrağı altında oturmayıb. Yaratdığı "İctimai dialoqlar" saytının təqdimatını İrəvanda keçirib. Həmin saytda o, Azərbaycan ərazisinin bir hissəsini "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib.

Bunlardan əlavə, Leyla və Arif Yunusovların Bakıda bir sıra separatçı ünsürlər və ermənilərlə bağlı hansı hoqqalardan çıxdığı da unudulmayıb. Qondarma "siyasi məhbus" məsələsində onlar xüsusi canfəşanlıq göstəriblər. Bakıdakı erməni qəbiristanlığı ətrafında ajiotaj yaradanlardan biri də məhz onlar idi. Səhv etmiriksə, hətta gedib orada xüsusi məqsədlə qəbirləri də ziyarət etmiş, Azərbaycanı parçalamağa çalışan separatçıların müdafiəsinə qalxmışdılar. Onların xarici səfərlərdə Azərbaycana aid olan məsələlərdə düşmən mövqeyində durduqları danılmaz faktdır.

Nəhayət, konkret faktlar sübut edir ki, Yunusovlar "xalq diplomatiyası" adı altında erməni kəşfiyyat orqanları ilə əməkdaşlıq ediblər. Bəs, bütün bunları ABŞ Dövlət Departamenti bilmir? Təbii ki, bilir. Hətta ictimaiyyətə məlum olmayan başqa məqamlardan da xəbərdar ola bilərlər. Problemin kökü də elə məhz bundadır.

ABŞ-ın narahatlığı: süni maraqlar və gerçəklik

Bu bağlılıqda iki vacib məqamı vurğulamaq lazımdır. Birincisi, düşmənlər və onların havadarlarını ən çox narahat edən Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsidir. Azərbaycan regionun yeganə müstəqil dövlətidir ki, bu keyfiyyətləri özündə birləşdirir. Bu da bir sıra dairələri qane etmir. Onlar Azərbaycanı zəif dövlətlər sırasına salmaq istəyirlər. Bunun üçün də Bakının kənar təsirlər altında hərəkət etməsinə çalışırlar.

Qəribədir ki, həmin məqsədə çatmaq üçün Qərbin müəyyən dairələri və onların regiondakı əlaltıları hətta ağ yalana belə əl atırlar. Onlar müxtəlif yerlərdən aldıqları uydurma məlumatlara rəsmi reaksiya verirlər! Bu, xeyli dərəcədə qeyri-ciddi yanaşmadır.

Bunların fonunda həmin dairələrin konkret faktlara göz yummaları başqa suallar doğurur. Məsələn, 20 ildən çoxdur ki, Ermənistan işğal etdiyi torpaqlardan azərbaycanlıları deportasiya edib. Milyonlarla sadə insan yurd-yuvasından didərgin düşüb. Bu vəziyyətə hansı beynəlxalq təşkilat reaksiya verib, real təsiredici addımlar atıb? Dövlət Departamenti hansı səbəbdən bu günə qədər Ermənistandan hüququnu pozduğu milyonlarla adamın haqq-hesabını soruşmayıb?

İrəvana qarşı indiyə qədər heç bir ciddi sanksiya tətbiq olunmayıb. Kütləvi cinayətlərdə əli olan Ermənistan rəhbərləri ilə bağlı tədbirlər görülməyib. Bunun əvəzində Avropa Parlamentində qeyri-rəsmi də olsa, "Dağlıq Qarabağ erməniləri ilə dostluq qrupu" yaradılır. Əslində, bu kimi addımların atılmasında güdülən əsas məqsəd aydındır. Ermənilərin havadarları hər fürsətdə haqqı-ədaləti tapdalayaraq onları müdafiə edirlər.

İkincisi, Qərb Azərbaycanda kimlərinsə hüquqlarının pozulmasına deyil, öz maraqlarına görə narahatdır. Belə olmasaydı, dünyanın müxtəlif regionlarında yüz minlərlə insanı qətlə yetirməzdilər. Cəmiyyətlərdə ixtilaflar yaratmazdılar. Müsəlman uşaq, qadın və qocaların məhvinə səbəb olan işlər görməzdilər. Deməli, onların xüsusi məqsədləri vardır. İndiki halda isə söhbət regionda geosiyasi maraqların təmin edilməsindən gedir. Müəyyən təxribatçılar lazımdır ki, "rəngli inqilablar" təşkil etsinlər.

Bu işdə onlara konkret sosial baza gərəkdir. Yunusovlar kimiləri məhz bu kimi işlərdə lazım olur. Onlarla bağlı süni ajiotaj yaratmaqla da Azərbaycan cəmiyyətini gərginliyə sürükləməyə cəhd edilir. Hazırda bir sıra regionlarda (məsələn, Çində) baş verən iğtişaşların meydana gəlmə mexanizmləri də bunu sübut edir.

Lakin belə təxribatların Azərbaycanda uğur qazana bilməyəcəyi məlumdur. Azərbaycan dövləti öz maraqlarını qorumaq üçün kifayət qədər gücə və monolitliyə malikdir. Bununla yanaşı, Azərbaycanın uzun illərdir pozulan hüquqlarının bərpası üçün Qərbin addım atması lazımdır. Məsələnin bu tərəfi də aktualdır. Çünki indi erməni böhtançı təbliğat maşını yeni-yeni iddialar irəli sürməyə çalışır. Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqla məşğuldur. Regionda davamlı sülh və sabitliyin yaranması üçün bunların qarşısı alınmalıdır.

Yuxarıda aparılan qısa təhlil göstərir ki, insan hüquqlarının təmin olunması bəhanəsi ilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri davam edir. Bunun üçün bəzən absurd üsullara belə əl atırlar. Leyla və Arif Yunuslovlardan istifadə edərək, ölkəni sabit inkişaf yolundan döndərməyə səy göstərirlər. Bu məqamda xalqın da birliyi zəruridir. Azərbaycan xalqı həmişə indiki iqtidarı dəstəkləyib. Bu dəfə də, şübhəsiz, belə olacaqdır.

Ancaq, görünür, cəmiyyətdə kənar qüvvələrin köməyi ilə öz məqsədlərinə çatmaq istəyən dairələr var. Onların öz dövlətlərinə qarşı çıxış etməsinə haqq qazandırmaq olmaz. Haradan dəstək almalarına baxmayaraq, xalq və dövlət bu kimi təxribatlara yol verməyəcək. Təbii ki, insan sağlamlığı çox önəmli məsələdir. Lakin bundan siyasi məqsədlərlə sui-istifadə edilməsi qətiyyən yolverilməzdir. İndi özlərini xəstə kimi qələmə verənlər azadlığa çıxdıqları halda tamam başqa cür özlərini aparırlar. Təcrübədə belə hallar çox olub.

Digər tərəfdən, Ermənistanda işgəncə altında olan, əsirlikdə min cür əziyyət çəkən Azərbaycan vətəndaşlarının sağlamlığının tamamilə pozulmasına ABŞ Dövlət Departamenti niyə reaksiya vermir? Erməni əsirliyindən qurtulan soydaşlarımızın az müddətdə dünyasını dəyişməsinin səbəblərini niyə araşdırmırlar? Həmin məqamlarla bağlı C.Psaki bəyanat verəcəkmi?

Newtimes.az

 





23.10.2014    çap et  çap et