525.Az

Partiyalar 23 dekabr seçkilərinə nə deyir?


 

Partiyalar 23 dekabr seçkilərinə nə deyir?<b style="color:red"></b>

Dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. 118 seçki dairəsini əhatə edəcək seçkilərdə 1607 bələdiyyəyə (siyahı) 15035 üzv seçilməlidir.

 “Media forum” saytı partiyaların seçki hazırlıqları ilə maraqlanıb.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov:

- Yeni Azərbaycan Partiyasının 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqları başa çatmaq üzrədir. YAP bütün seçki dairələrinə öz namizədlərini irəli sürəcək. Namizədlər müəyyənləşib və yaxın vaxtlarda biz sənədləri Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına təqdim edəcəyik.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı:

- AXCP Ali Məclisinin Rəyasət Heyəti yaxın günlərdə 23 dekabr bələdiyyə seçkilərində iştirak məsələsi ilə bağlı qərar qəbul edəcək. Rəyasət Heyəti üç qərardan birini verə bilər: seçkilərdə iştirak; boykot; üzvlərə bu məsələdə sərbəstlik verilməsi.

Ümid Partiyası sədrinin müavini Ramin Hacılı:

- Ümid Partiyası bələdiyyə seçkilərində iştirak edəcək. Rayon təşkilatlarına və Mərkəzi Aparata tapşırıqlar verilib və seçkiyə hazırlıqlar başlanıb. Namizədlərin seçilməsi prosesi artıq başa çatmaq üzrədir. Biz çalışırıq ki, bütün seçki dairələrində mübarizə aparaq.

Azərbaycan cəmiyyətində, çox təəssüf ki, bələdiyyə seçkilərinə maraq azdır. Ümid Partiyası olaraq çalışacağıq ki, Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak kütləviliyi artsın.

Vətəndaş Həmrəyliyi Partiyası İcra Aparatının rəhbəri Samir Əsədli:

- VHP bələdiyyə seçkiləri üçün namizədlərini artıq seçib. Hazırda namizədlərin sənədlərinin hazırlanması prosesi gedir. Biz çalışacağıq bütün seçki dairələrində mübarizə aparaq. Lakin bir problem var ki, insanlarda bələdiyyə seçkilərinə maraq azdır. Partiyamızın bəzi üzvləri namizəd olmaq istəmir. Bunun da əsas səbəblərindən biri odur ki, rayon icra hakimiyyətləri seçki komissiyalarının əli ilə seçkiyə müdaxilələr edir.

2009-cu ildəki bələdiyyə seçkilərində bizim 800 nəfər namizədimizdən yalnız 350 nəfəri qeydiyyata alınmışdı. Ümid edirik ki, 23 dekabr bələdiyyə seçkilərində belə problemlər olmayacaq.

 





22.10.2014    çap et  çap et