525.Az

Əli Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının regional direktorunu qəbul edib


 

Əli Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının regional direktorunu qəbul edib<b style="color:red"></b> Bu gün baş nazir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Miqrasiya təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldi qəbul edib.
 
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlər və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılıb.
 
Ə.Həsənov deyib ki, Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir. Onun sözlərinə görə, bütün bunlar qaçqın və məcburi köçkünlərin sayının artmasına gətirib çıxardığından, bu təşkilatla hələ əməkdaşlığımızın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur. Ə.Həsənov bildirib ki, nüfuzlu beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bütün bunlar antidemokratik yanaşmadır.
 
R.Held bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğalda olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını vurğulayıb. O, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparıb, Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini söyləyib.
 





22.10.2014    çap et  çap et