525.Az

Əli Həsənov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib


 

Əli Həsənov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib<b style="color:red"></b>

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
 
Baş nazirin müavini nəzərə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. O qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib.
 
“Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”, - deyə o vurğulayıb.
 
Dövlət Komitəsinin sədri həmçinin qeyd edib ki, Azərbaycan bütün dövrlərdə dözümlülük və tolerantlıq məkanı olub. Onun sözlərinə görə, bu gün də müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyən H. Salber isə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun olaraq həllinin vacib olduğunu söyləyib.  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Azərbaycana səfərinin əhəmiyyətli olacağını vurğulayıb.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması, münaqişənin həlli istiqamətində hazırkı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Görüşdən sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gedib və 280 yerlik “Şəfəq” uşaq bağçası, 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəb, Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə maraqlanıb. Qonaqlar həmçinin Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

 





21.10.2014    çap et  çap et