525.Az

Kəmaləddin Heydərov və Ramil Usubov Qətərdə səfərdədir


 

Kəmaləddin Heydərov və Ramil Usubov Qətərdə səfərdədir<b style="color:red"></b> Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndə heyəti Qətərin daxili işlər nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində (“Milipol Qətər – 2014”) iştirak etmək məqsədilə həmin ölkədə səfərdədir.
 
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, səfərin həyata keçirilməsində əsas məqsəd nazirliklərin maddi-texniki bazasının müasir avandanlıqlarla təchiz olunması üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirməkdir. Həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra görüşlər keçirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.
 
Səfər zamanı Əl Bəhr sarayında Qətərin əmiri Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərov və Ramil Usubovu qəbul edib. Qəbulda “Milipol Qətər – 2014” sərgisinin əhəmiyyəti barədə danışılıb, nazirliklərin fəaliyyəti barədə geniş məlumat verilib.
 
Bundan başqa, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşüb. Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Daxili Təhlükəsizlik Qüvvələrinin rəhbəri Fahad Rəşid Əl Əli imzalayıblar.
 





21.10.2014    çap et  çap et