Dövlət Gənc Tamaşaçılar Teatrında filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, "Kitabevim.Az" və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı, Medika Hospital və Hədəf Kurslarının sponsorluğu ilə həyata keçirilən "Anamın kitabı" pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan "Anamın Kitabı" Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində 50-dən çox pyes müsabiqəyə buraxılıb. İyunun 15-ə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib və onluq müəyyənləşib. Münsiflər heyətinin qərarına görə birinci yerin qalibi 72 balla Sevinc El Sevər olub.
İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Şəbnəm Xeyrulla və Qanun Ümman Qahablı tutub. Onluqda müvafiq ballar üzrə siyahıda Günel Kərimli, Murad Nuriyev, Şəhriyar del Gerani, Ülviyyə Tahir, Elşən Feyzulla, Zöhrə İsmayılova və Natəvan Mikayılova yer alıb.
Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi "Sezar" əsərinə görə "Anamın Kitabı" Fəxri Mükafatına, İlqar Fəhmi və Azad Qaradərəli isə müsabiqənin fəxri diplomlarına layiq görülüb.
Tədbirdə ilk 4 yerin sahibi üçün 2 min manat həcmində pul mükafatı verilib. Tədbirdə verilən məlumata görə, növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə 1000 manat və "Anamın Kitabı" Ədəbi Mükafatı, II yer - 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunub.
Layihə rəhbəri, yazıçı Müşfiq Xanın verdiyi məlumata görə mükafatlandırma mərasimi giriş sözü ilə AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, Anamın Kitabı ədəbi mükafatının münsiflər heyətinin sədri akademik İsa Həbibbəyli açıb. Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Hədəf Nəşrlərinin təsisçisi, "Anamın Kitabı ədəbi mükafatı"nın ideya müəllifi Filologiya üzrə fəlsəfə doktoru, dosent Şamil Sadiq qonaqlara və tədbir iştirakçılarına ətraflı məlumat verib. Öz çıxışı zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov "Anamın Kitabı" pyes müsabiqəsinin Teatrın inkişafındakı rolundan danışaraq qalibləri təbrik edib. Tədbirin bədii hissəsi Gənc Tamaşaçılar Teatrının aktyoru əməkdar artist Şövqi Hüseynovun C.Məmmədquluzadənin "Azərbaycan " məqaləsinin səsləndirməsi, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun ifası və Zöhrə Cəfərovanın Cəlil yaradıcılığından dediyi "Gülbahar" monoloqu ilə başa çatıb.
I yerin qalibinin pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq. Bundan əlavə onluğa düşən bütün əsərlər toplu şəklində nəşr edilib və qonaqlara hədiyyə edilib. Tədbirdə eyni zamanda Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil Məmmədquluzadənin "Anamın Kitabı" adlı kitabı hədiyyə olunub.