525.Az

Honkonq iğtişaşları: yeni "rəngli inqilab"ın ayaq səsləri


 

Honkonq iğtişaşları: <b style="color:red">yeni "rəngli inqilab"ın ayaq səsləri</b>

Artıq iki həftədən çoxdur ki, Honkonqda etiraz aksiyaları keçirilir. Ekspertlərin "çətirlər inqilabı" adlandırdığı bu hadisə dünyanı narahat edir. Reallıqda nələrin baş verdiyini anlamağa cəhd edilir. Yaranmış vəziyyətə müxtəlif yanaşmalar mövcuddur.
 
Mütəxəssislər qlobal siyasətdə prinsipial dəyişikliklərin getdiyini vurğulayırlar. Özlüyündə bu proses ziddiyyətli və mürəkkəbdir. Honkonq hadisələri də məhz bu aspektdə maraq doğurur. Burada ABŞ-Çin qarşıdurmasının əlamətlərinin izlənildiyi, bunun kökündə isə Pekinin sürətli yüksəlişindən Vaşinqtonun narahatlıq keçirdiyinin durduğu qeyd olunur. Bu fikirlər doğrudursa, dünya növbəti geosiyasi savaşa meydan ola bilər.

Sonun başlanğıcı: Çində "çətirlər inqilabı"

Çin də "rəngli inqilablar"a hədəf olur. Honkonqun küçələrində iğtişaş törədən qrupların hərəkətləri Ukraynada müşahidə edilənlərə xeyli dərəcədə oxşardır. Bəzi ekspertlər Çində "maydanokratiya" (maidancracy) adlanan dünya trendinin bir hissəsinin özünü göstərdiyini vurğulayırlar (bax: Eric X. Li. The umbrella revolution won’t give Hong Kong democracy. Protesters should stop calling for it / "The Washington Post", 6 oktyabr 2014). Maraqlı müqayisədir. Xüsusilə, Honkonq hadisələrinin qlobal geosiyasətdə baş verən ciddi proseslərlə sıx şəkildə bağlılığından bəhs olunur. Məsələnin bu tərəfi olduqca aktualdır.

Hər şeydən əvvəl söhbət Çinin daxili sosial-siyasi vəziyyətindən gedir. Pekin Honkonqda yeni seçim mexanizmi tətbiq etməyə hazırlaşır. Bu, 2017-ci ildə keçiriləcək yerli seçkilərə aiddir. Birinci mərhələdə namizədlər Çinin təklifi əsasında müəyyənləşdirilməlidir. İkinci mərhələdə isə Honkonq əhalisi onların arasından şəhər rəhbərliyini seçə bilərlər. Honkonqlular isə namizədləri özlərinin müəyyənləşdirməsini tələb edirlər (bax: əvvəlki mənbəyə).

Eyni zamanda, bu da məlum idi ki, proseslər kənardan stimullaşdırılır. Hələ sentyabrın 22-də Prezident Si Szinpin Pekində Honkonqdan gələn iş adamlarını qəbul edərkən "bir dövlət – iki sistem" ifadəsini işlətmişdi. Ardınca heç bir şeyin dəyişmədiyini və problemləri müzakirə edib, həll etməyin doğru yol olduğunu vurğulamışdı. Çin KİV-i bu fikirləri manşetlərə çıxarmışdı. Eyni zamanda, hakimiyyətdə ikinci şəxs olan Çjan Detszyan Honkonqun mərkəzi hökumətin tələblərini yerinə yetirmədikdə, "tarixi məsuliyyət" daşıyacağını demişdi. Ekspertlər bunu faktiki olaraq "cəzalandıra bilərik" mesajının verilməsi kimi qiymətləndirirlər (bax: Гонконг: Пекин применил не все ресурсы / "Российский совет по международным делам", 9 oktyabr 2014).

Rəsmi Pekinin bu cür davranışının ciddi səbəbləri vardır. Etirazçıların iki tələbi var. Birinci tələbə görə, köhnə seçki sistemi bərpa edilməlidir. İkincisi, Honkonq Çindən ayrılmalı və müstəqil dövlət olmalıdır. Əvvəlcə küçəyə tələbələr və yuxarı sinif şagirdləri çıxıblar. Sonra isə meydanı böyüklər doldurublar. Onların bir şüarı var: "Mərkəzi zəbt et!" Bunun arxasında Pekinə yürüşün nəzərdə tutulduğu qeyd olunur (bax: Юрий Тавровский. Гонконг-Тайвань-Пекин? / "Россия в глобальной политике", 9 oktyabr 2014).

Bu mexanizm "Ərəb baharı", Misir, Ukrayna və başqa yerlərdə keçirilmiş etiraz aksiyalarında istifadə edilən üsullara çox bənzəyir. Bu hadisələrin hamısında əsasən gənclər və yeniyetmələr iştirak ediblər, başlanğıcda sosial-iqtisadi şərtlər, sonra isə siyasi tələblər irəli sürüblər. Lakin prosesin siyasi mərhələsi xaotik xarakter daşıyıb və bütövlükdə cəmiyyət ixtilaflar burulğanına düşüb.

Burada bir fikri vurğulamaq istərdik. Tanınmış ABŞ eksperti Corc Fridman ("Stratfor"un qurucusu) yazılarının birində göstərmişdi ki, XXI əsrdə gənclər hərəkatı xüsusi siyasi əhəmiyyət daşıyacaq. "Maydanokratiya" bu kontekstdə müxtəlif ölkələrdə mövcud rejimə qarşı müəyyən narazılıqlara malik aktiv gənclərin bir hissəsini küçələrə çıxmağa təhrik edir. Belə çıxır ki, söhbət ümumiyyətlə, dünya miqyasında sınaqdan çıxarılan bir trenddən – cəmiyyətin narazı təbəqəsindən siyasi xaos yaratmaqda sistemli istifadə edilməsindən gedir.

Honkonqda bütün bunların əsasən Amerika tərəfindən təşkil edildiyini düşünənlər var. Hətta rəsmi Pekin xəbərdar edib ki, bir sıra ölkələrin xüsusi xidmət orqanları Honkonqdan uzaq dursunlar. Xarici işlər naziri Van İ ABŞ dövlət katibi Con Kerri ilə söhbətində Honkonq hadisələrinə kənardan müdaxilə edilməməsini istəyib. Kerri də öz növbəsində etirazçılara qarşı dözümlü olmağı tövsiyə edib.

Geosiyasətdə "böyük oyun": Amerikanın sərt üzü

Ekspertlərin fikirlərinə görə, Vaşinqtonun Çinin daxili işlərinə qarışmasının ciddi səbəbləri var. Məsələ Çinin dünyanın getdikcə daha böyük miqyasda maliyyə birjası məkanına çevrilməsi ilə bağlıdır. O cümlədən, Honkonq artıq böyük birjalara malikdir. Bu proses dolların mövqeyinə təsir edir.

Son illər Çin qızıl ehtiyatını çox artırıb. İndi onun dəqiq miqdarı haqqında məlumat yoxdur. Ancaq dünya səviyyəsində qızılla bağlı əməliyyatlarda Honkonq və Şanxayın payı sürətlə artır. Hazırda Çin bu iki birjanı birləşdirmək istəyir. Həmin hadisə oktyabrın 13-də olmalı idi. Bunlar Honkonqda iğtişaşların niyə sentyabrın 30-da başladığını izah edən faktorlar kimi göstərilir (bax: Ольга Щедрова. События в Гонконге и битва США за доллар / "Фонд стратегической культуры", 9 oktyabr 2014).

Bunlardan əlavə, Pekin geosiyasi müstəvidə Vaşinqtonu qıcıqlandıran addımlar atır. Çin "Yeni İpək yolu" layihəsini reallaşdırmaq istəyir. Həmin layihədə Ukraynanın da iştirakı nəzərdə tutulubmuş. Bu, Qərbin təklif etdiyi inteqrasiya modellərinə uyğun gəlmir. Bütün bu hadisələrə paralel olaraq rəsmi Pekin amerikanların "G2" ("Böyük ikilik") layihəsinə rədd cavabı verib. Bundan sonra ABŞ daha sərt mövqe tutub.

Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl Amerika prezidenti "Asiya-Sakit okean hövzəsində Çin başlıca oyunçudur", demişdi. Dövlət başçısı Vaşinqtonun Pekinlə əməkdaşlığının gücləndirilməsinin tərəfdarı olduğunu vurğulamışdı. Deməli, Honkonq hadisələri müəyyən mənada Çini Qərbin geosiyasi planlarına uyğunlaşdırma məqsədi daşıyır. Bütövlükdə bu aspektdə mütəxəssislərin maraqlı ideyaları vardır.

Sinqapur xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Bihari Kausikan yazır ki, müasir beynəlxalq münasibətlərin qlobal sistemini Qərb yaradıb və Çin ondan istifadə edir. İndi isə, "bədəl ödəmənin zamanıdır" (bax: Бихари Каусикан. Удастся ли бесконфликтный переход? / "Россия в глобальной политике", 3 sentyabr 2014).

Pekin isə bu tələblərə uymur. O, Qərbin yaratdığı sistemə alternativ mövqe tutur. Son zamanlar Çin rəhbərliyi ABŞ-ı Asiya-Sakit okean hövzəsində vəziyyəti gərginləşdirməkdə daha çox ittiham edir. Vaşinqton da öz növbəsində fikirlərini bildirir. Artıq regionda iki nəhəng dövlətin geosiyasi savaşının intensivləşdiyi qeyd olunur (bax: Сохраб Энами. США-Китай: соперничество на Востоке / İnoСМИ.ru, 8 oktyabr 2014).

Proseslər həmin istiqamətdə davam edərsə, böyük bir regionda geosiyasi xaosun yaranması ehtimalı artar. Suriya, İraq və Ukraynada baş verən hadisələrlə Honkonq prosesinin oxşarlığı belə bir nəticə çıxarmağa əsas verir. Əgər onların hamısı bir mərkəzdən idarə edilirsə, nəticələri bütövlükdə dünyaya təsir edə bilər. Xüsusilə, ABŞ-Çin qarşıdurmasının Avrasiya məkanında sabitliyi pozması mümkündür. Görünür, müəyyən dairələrin məqsədlərindən biri də bundan ibarətdir.

Geniş prizmadan baxdıqda, Yaxın Şərqdən Çinə qədər böyük bir ərazidə münaqişə ocaqlarının aktiv fazada olduğunu görərik. Onu da vurğulayaq ki, Honkonqdakı hadisələrlə Türkiyədəki iğtişaşlar təqribən eyni vaxta təsadüf edir. Onların baş verməsi mexanizmləri də oxşardır. Növbəti hədəf hansı region ola bilər? Mərkəzi Asiyanı və Qafqazı da unutmaq olmaz. Artıq İŞİD bu məkanlarla bağlı bəyanatlar verir. Bundan sonra nələrin olacağını gözləmək lazımdır.

Beləliklə, Honkonq iğtişaşlarını regional və qlobal geosiyasi trendlərin qarşılıqlı əlaqəsində nəzərdən keçirmək daha doğru olardı. Çin artıq ixtilaflı ölkələrdən birinə çevrilir. Pekinin iki yolu vardır – birincisi, etirazçılara sərt müdaxilə etmədən prosesləri yönləndirmək; ikincisi, Rusiya və Misirdəki kimi, qətiyyətli və kəskin şəkildə hadisələrə müdaxilə etmək. Birinci halda cəmiyyətdə xaos yaranar, ikincidə isə dövlətin imicinə zərbə dəyər. Çin rəhbərliyinin bunlardan hansını seçəcəyi maraqla gözlənilir. Bir sıra ekspertlər Çin dövlətçiliyinin qorunması üçün ikinci yolun daha düzgün olduğunu qeyd edirlər.

Ancaq başqa bir məqam da var ki, bu da gələcəkdə cəmiyyətdə hakim olacaq əhval-ruhiyyədir. Çin Honkonq məsələsini həll etməsə, süründürməçi proseslər məngənəsində sıxılacaq. Fürsət gözləyən müxtəlif qruplar fəallaşaraq yeni problemlər meydana gətirə bilərlər. Buna görə də faktiki olaraq dilemma qarşısında duran Pekin geosiyasi yolunu dəqiqləşdirməlidir.

Newtimes.az

 





21.10.2014    çap et  çap et