525.Az

Vyetnamda “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib


 

Vyetnamda “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib<b style="color:red"></b> 18 oktyabr - Azərbaycanın müstəqillik günü Vyetnamda maraqlı tədbirlə qeyd edilib.
 
Azərbaycanın Vyetnamdakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirlik tərəfindən təşkil edilən “Azərbaycanı kəşf et” adlı tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin əməkdaşları, aparıcı gənclər təşkilatlarının nümayəndələri, müxtəlif universitetlərin beynəlxalq əlaqələr departamentinin əməkdaşları və tələbələri, KİV təmsilçiləri və gənclər iştirak ediblər.
 
Tədbirdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov geniş təqdimatla çıxış edib, ölkəmizin tarixi və inkişaf yolu barədə tədbir iştirakçılarına geniş məlumat verib. Təqdimat zamanı Azərbaycanın tarixinin müxtəlif dövrlərindən bəhs edən video çarxlar və tarixi ərazilərimizi özündə əks etdirən xəritələr nümayiş etdirilib.
 
Tədbirdə həmçinin Azərbaycan haqqında bilik yarışması keçirilib, yarışmada fəallıq nümayiş etdirən tələbələrə hədiyyələr təqdim olunub.
 
Tədbirin sonunda iştirakçılara Novruz adət-ənələri ilə bağlı məlumat verilib və videoçarx nümayiş etdirilib. Novruzla bağlı təqdimat bitdikdən sonra tonqal qalanıb və tədbir iştirakçıları ilə birlikdə tonqal ətrafında yallı rəqsi ifa olunub.
 
Tədbir iştirakçıları “Azərbaycanı kəşf et” adlı tədbirin Azərbaycanın Vyetnamda keçirilmiş böyük bayramı kimi qiymətləndiriblər, onlara ölkəmiz haqqında daha geniş məlumat əldə etməyə imkan yaradıldığını bildiriblər.
 





20.10.2014    çap et  çap et