525.Az

Kaliforniyada Azərbaycan bayrağı qaldırılıb


 

Kaliforniyada Azərbaycan bayrağı qaldırılıb<b style="color:red"></b> Azərbaycanın Müstəqillik Günü münasibətilə oktyabrın 17-də ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, dövlət bayrağının qaldırılması San Xose şəhərində fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədovanın səyləri və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə gerçəkləşdirilib. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Həmçinin, San Xose şəhərinin meri Çak Rid, vitse-meri Mədison Nquyen, Şəhər Şurasının üzvü Conni Xamis, eləcə də yerli Azərbaycan icmasının üzvləri və digər şəxslər tədbirə qatılıblar.
 
San Xose şəhəri dünyanın informasiya texnologiyaları mərkəzi olan Silikon Vadisinin paytaxtıdır, ABŞ-ın 10-cu, Kaliforniyanın isə 3-cü ən böyük şəhəridir. Tədbirin başlanğıcında Azərbaycan bayrağı dövlət himninin sədaları altında təntənəli surətdə qaldırılıb.
 
Mərasimdə çıxış edən baş konsul N. Ağayev Azərbaycanın müstəqilliyinin bərpa olunmasına gedən yoldan, bu yolda Azərbaycan xalqının verdiyi qurbanlardan, müstəqil dövlət kimi ölkənin əldə etdiyi uğurlardan və qısa müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsindən söhbət açıb.
 
San Xose şəhərinin meri Çak Rid isə çıxışında Azərbaycan bayrağının San Xose meriyası qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycan ilə ABŞ arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
 
Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədova San Xose şəhərində Azərbaycan bayrağının qaldırılması işinə verilən dəstəyə görə təşəkkürünü bildirərək bundan sonra bir ənənə olaraq hər il Müstəqillik Günü münasibətilə meriya qarşısında Azərbaycan bayrağının qaldırılmasından məmnun olacaqlarını söyləyib.
 
Tədbirdə San Xose vitse-meri M. Nquyen və Şəhər Şurasının üzvü C. Xamis də çıxış edərək, Müstəqillik Günü ilə bağlı təbriklərini çatdırıb, Azərbaycana bundan sonra da böyük uğurlar arzulayıblar.
 





20.10.2014    çap et  çap et