525.Az

“Ailə Məcəlləsinə edilən dəyişiklik evlənənlərin xeyrinədir”


 

“Ailə Məcəlləsinə edilən dəyişiklik evlənənlərin xeyrinədir”<b style="color:red"></b>

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva nikahdan öncə sağlamlıq haqqında arayış təqdim edilməsi məsələsinə münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında deyib ki, Ailə Məcəlləsinə dəyişiklik hazırlanaraq ilk dəfə məhz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hələ 4-5 il əvvəl Milli Məclisə təqdim olunub.

“Hazırda Ailə Məcəlləsində müəyyən müddəalar var, amma onlar könüllü olaraq nəzərdə tutulub. Bunun məcburiliyilə bağlı beynəlxalq təcrübəni də araşdırarkən müsbət nəticələr əldə olunduğunun şahidi olmuşuq”.

Komitə rəsmisi hesab edir ki, məsələ bu günün reallığı ilə sırf bağlıdır və mütləq surətdə öz həllini tapmalıdır.

“Qanun qəbul ediləcəyi təqdirdə müəyyən problemlərin həllində çox müsbət rol oynayacaq. Çünki, bu gün komitə olaraq bizə dəfələrlə müraciətlər olur. Həm boşanmalarla bağlı, həm bir çox xəstəliklərlə bağlı. Statistikaya nəzər salsaq görərik ki, boşananlardan 70%-i ailədə uşaq olmaması ilə bağlıdır. Ailə qurulandan sonra aşkar edilən xəstəliklər nikaha girməzdən əvvəl bilinərsə, belə xoşagəlməz məsələlərin də demək olar ki, qarşısı alınar. Müəyyən xəstəliklər var ki, ailə qurularkən gizlədilir, daha sonra isə qarşısı alına bilməyəcək problemlərə səbəb olur. Ailədə şiddət, boşanmalar, xəstə uşaqların doğulması və s. özünü göstərir”.

Aynur Sofiyeva bildirib ki, iki insan nikaha girmək üçün qərar qəbul edibsə, onların haqqıdır ki, digər tərəfin sağlamlığı ilə bağlı məlumat əldə etsin.

“Bu xəstəlik gizlədilsə belə, sonradan öyrəniləcək, daha böyük problemlər yaranacaq və onsuz da nikah pozulacaq. Dövlət vətəndaşı üçün belə bir imkan yaradırsa, sadəcə olaraq bundan yararlanmaq lazımdır.

Hətta bəzi Avropa ölkələrində qəbul edilən qərara görə, xəstəlik aşkarlanan şəxslərin ümumiyyətlə rəsmi nikaha girməsi qadağan edilir.

Bizim təklifimizdə isə tərəflərin məlumatlandırılması əsas götürülüb. Yəni təfərlərdən birində bu xəstəlik var, amma qərar onların öhdəsinə buraxılır. Problemi qəbul edib evlənirsə, bu onların qərarından asılı bir şeydir. Məcburi olub-olmayacağı isə qanun qüvvəyə minəndən sonra bilinəcək”.

Xatırladaq ki, Milli Məclisin dünən keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, nikaha girən gənclər bundan sonra sağlamlıq haqqında arayış da təqdim edəcəklər. Milli Məclisdə müzakirə mövzusu olan nikadan əvvəl evlənənlərin sağlamlıq haqqında arayış təqim etməsi məsələsi cəmiyyətdə də ciddi rezonans doğurub. Məsələylə bağlı millət vəkilləri müxtəlif fikirlər səsləndirib. Kimisi qanuna dəyişikliyi məqbul sayıb, kimisi isə bunun korrupsiya hallarına yol açacağını bildirib.

 





18.10.2014    çap et  çap et