525.Az

Əli Həsənov Bakıda səfərdə olan iranlı jurnalistlərlə görüşdü


 

Əli Həsənov Bakıda səfərdə olan iranlı jurnalistlərlə görüşdü<b style="color:red"></b>

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan iranlı jurnalistlərlə görüşüb.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Ə. Həsənov görüşdə İslam ölkələri jurnalistləri arasında əməkdaşlıq platformasının yaradılmasının zəruriliyini qeyd edib.
 
“Azərbaycan jurnalistləri belə formatlar çərçivəsində Rusiya, Türkiyə və Orta Asiya ölkələrindən olan həmkarları ilə əməkdaşlıq edirlər. Azərbaycan mediası qonşu İran mediası ilə də müəyyən formatda əməkdaşlıq edə bilər və bu, ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərər”, - deyə PA rəsmisi bildirib.
 
İran səfiri Möhsün Pak Ayinin də qatıldığı görüşdə Ə. Həsənov qeyd edib ki, ilk növbədə, Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlıq mərkəzi yaradaraq əlaqələri daha da möhkəmləndirmək, daha sonra digər müsəlman ölkələrinin KİV-lərini bu prosesə cəlb etmək olar. O, məsələni gələcəkdə İran səfiri ilə müzakirə edəcəyini söyləyib.
 
Ə.Həsənov qeyd edib ki, Azərbaycan tərəfi İslam ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının, xüsusilə Azərbaycan və İran KİV-ləri arasında belə bir qurumun yaradılmasını təqdir edir və İranda da aidiyyəti qurumların bu məsələyə diqqətlə yanaşacağına ümid edir.
 
Ə.Həsənov bəzi Azərbaycan və İran KİV-lərinin hər iki ölkə haqqında mənfi məlumatlar yaymağa çalışmasını tənqid edərək deyib: “Əgər KİV-lər müsbət amilləri daha çox önə çıxarsalar, şübhəsiz, bu, ikitərəfli əlaqələrin inkişafına da təsir edər”.
 
Xatırladaq ki, İranın müxtəlif media orqanlarını təmsil edən altı nəfərlik heyət oktyabrın 14-dən Bakıda səfərdədir.

 





17.10.2014    çap et  çap et