525.Az

Nizami adına Ədəbiyyat İnstitutu daha bir beynəlxalq müqavilə bağlayıb


 

Nizami adına Ədəbiyyat İnstitutu daha bir beynəlxalq müqavilə bağlayıb<b style="color:red"></b> Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Rusiya Təhsil Akademiyası Sankt-Peterburq Smolnı Universitetinin rektoru, Beynəlxalq Energetika Akademiyasının akademiki, Humanitar Elmlər Akademiyasının müxbir üzvü, həmvətənimiz Heydər İmanovla görüş keçirilib. Görüş zamanı Nizami adına Ədəbiyyat İnstitutu ilə Sankt-Peterburq Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli son bir ildə akademiya sistemində aparılan uğurlu islahatlardan danışıb. İslahatların humanitar elmlər sferasını da əhatə etdiyini bildirən akademik İsa Həbibbəyli bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini prioritet istiqamət kimi nəzərdə tutan bir sıra yeni qurumların da yaradıldığını diqqətə çatdırıb. Akademik qeyd edib ki, indi akademiya sistemində yeni yaradılan Dünya siyasəti, Elm Tarixi və Qafqazşünaslıq institutlarının formalaşması prosesi gedir ki, bu da yeni elmi istiqamətlərdə geniş tədqiqat-araşdırma işlərinin aparılmasına geniş meydan açacaq. Ədəbiyyat İnstitutunda da aparılan islahatlardan ətraflı danışan akademik İsa Həbibbəyli yanvar ayında elmi-tədqiqat müəssisəsinin 80 illik yubileyinin təntənəli şəraitdə keçirildiyini, institutda yeni elmi nəşrlərin fəaliyyətə başladığını, akademiya sistemində ilk olaraq yaradılan elektron akt zalı barədə danışaraq aparılan tədqiqat işlərindən ətraflı bəhs edib. Akademik İsa Həbibbəyli Rusiyada, o cümlədən Sankt-peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan  diasporu ilə əlaqələrin daha da genişləndirilməsinin, bu fəaliyyət istiqamətində universitet qurumlarının birgə əməkdaşlığının önəmliliyini bildirərək birgə konfransların, onlayn müzakirələrin, kitab, məqalə mübadiləsinin böyük əhəmiyyətini diqqətə çatdırıb.

Ədəbiyyat İnstitutunda yaradılan şəraitlə, akademiyanın Dairəvi zalı və institutun Elektron akt zalı ilə tanış olan Sankt-Peterburq Smolnı Universitetinin rektoru, professor Heydər İmanov isti qarşılandığına görə akademiya rəhbərliyinə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi elmi müəssisənin yaradıcılıq fəaliyyətindən ətraflı məlumat verərək  burada aparılan tədqiqat işlərinin mahiyyətini nəzərə çatdırıb. Elmi sferada əməkdaşlıq əlaqələrinin yaradılmasında hər iki ölkənin maraqlı olduğunu vurğulayan qonaq Azərbaycan və rus alimlərinin qarşılıqlı elmi əməkdaşlıq fəaliyyətini yüksək dəyərləndirib. Professor Heydər İmanov qeyd edib ki, Azərbaycan və Rusiyanın elmi qurumları arasında yaranan əməkdaşlıq hər iki ölkə alimlərinin uğurlu tədqiqat işlərini daha da genişləndirməyə münbit şərait yaradacaq.

Sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilənin imzalanması mərasimi keçirilib.

Ağahüseyn ŞÜKÜROV
 





17.10.2014    çap et  çap et