525.Az

Bişkekdə Azərbaycan Musiqisi Günü və “Arşın mal alan”ın premyerası olub - Fotoreportaj


 

Bişkekdə Azərbaycan Musiqisi Günü və “Arşın mal alan”ın premyerası olub - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin dəstəyi ilə oktyabrın 15-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan Musiqisi günü keçirilib.

525.az-ın məlumatına görə, tamaşaçılarla dolu nəhəng salonda Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız olublar.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Timur Salamatov tədbiri açaraq, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov çıxış edib.

A.Tekeşov növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucova təşəkkürünü bildirərək, Azərbaycan ilə Qırğızstan arasında mədəni əlaqələrin  inkişafında xidmətlərinə görə ona  Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim edib.

Sonra səfir Hidayət Orucov çıxış edərək, mükafatın onun üçün gözlənilməz olduğunu və bunun üçün dərin təşəkkürünü bildirib. H.Orucov vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt hər iki ölkənin prezidentlərinin siyasətinin prioritet istiqamətlərindəndir. Son zamanlarda həm Azərbaycanda, həm də Qırğızstanda bir çox maraqlı humanitar birgə tədbirlər keçirilməkdədir. Belə tədbirlərin təşkil olunması qardaş xalqları daha da yaxınlaşdırır.

Azərbaycan səfiri “Arşin mal alan” operettası və onun müəllifi dahi Üzeyir Hacıbəyli haqda ətraflı danışıb.

O, görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini öz repertuarına həmişə daxil etdiyi və bu gün “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə dərin təşəkkürünü bildirib.

Sonra Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının premyerası keçirilib.

Tamaşanın quruluşçu-dirijoru Qırğız Respublikasının xalq artisti Jumakadır Kanimetov, quruluşçu-rejissoru Əməkdar artist Sapar İsmailov, quruluşçu-baletmeysteri Berdalı Pomankulov, quruluşçu-xormeysteri
Karaqul Tilençiyevdir. Əsərin liberettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur. “Arşın mal alan” operettasında istedadlı gənc qırğız vokalçıları rol alıblar. Gülçöhrə rolunda Gülnur Niyazbayeva, Əskər rolunda Stalbek Junuşaliyev, Süleyman rolunda Nurciqit Asanov, Sultan bəy rolunda  Qırğız Respublikasının əməkdar artisti Kayınbek Kuskakov, Asya rolunda Kunduz Karıppayeva, Telli rolunda Salıyma Mamatova, Vəli rolunda Almazbek İstambayev çıxış ediblər.

Tamaşa bitdikdə salonda uzun müddət alqış sədaları səslənib.

 





17.10.2014    çap et  çap et