525.Az

Hər son bir başlanğıc...


 

Hər son bir başlanğıc...<b style="color:red"></b>

Bu günlərdə AYB-nin Natəvan klubunda təqdimat mərasimi keçirilən "Daha sonumu yazıram" şeirlər toplusu Kəmaləddin Qədimin  oxucularla səkkizinci kitablı görüşü idi.

Kəmaləddin Qədim şeirlərini oxuduqca insan özündən asılı olmayaraq həqiqəti bəlkə mövcud olduğu məsafədən bir az  da yaxın hiss edir özünə. Hər sözün, hər misranın, hər beytin, hər bəndin nəhayətdə hər şeirin son dayanacağında varlığına inandığın, bəzən inansan belə tam olaraq əmin ola bilmədiyin həqiqətin düz üstünə çıxırsan . Zamanımızda abstrakt təsvirlərin, illüziyavarı deyimlərin qeyri-adi nələrisə ehtiva etmə cəhdinə qarşı bu şeirlərdən hər hansı birini söyləmək əminliklə sübut etmək olar ki, oxucuya çatdırılmalı olanları qısa, konkret fikirlərlə bu cür çatdırmaq mümkündür.  Kəmaləddin Qədim şeirlərindəki hərəkətlilik, daxili təlatüm, şeirə xas təsiretmə gücü öz oxucusunu dünyaya yenidən, daha ayıq gözlə baxmağa sövq edir. (Hətta bəzən, vadar edir).  Bəzən yaxşı ədəbi nümunələri həyatın güzgüsü hesab etsək , Kəmaləddin Qədim şeirlərini oxuduqda adamda elə təsəvvür yaranır ki, bu şeirlər hündür binaların şəffaf pəncərə şüşələridir. Burdan boylanmaqla bütün şəhəri, küçələri, geniş səmanı bir sözlə həyatı asanca görmək, baş verənləri aydınca seyr etmək mümkündür. Amma burada bir şeyi nəzərdən qaçırmaq olmaz ki, bu şeirlərdəki aydınlıq, şəffaflıq içərisində həm mövcud duruma qarşı sadəcə seyrçilik missiyası yox, əksinə, oxucuda  baş verən proseslərə bir təsiretmə inamını formalaşdıran daxili enerji mövcuddur. Kəmaləddin Qədimin şeirləri ancaq onun özü üçün güzgüdür. Çünki şair sözü güzgüyə çevirərək özünə bir növ şeirlərindən baxır hər baxdığında da  güzgü- söz qarşısında hisslərin hesabatını verir. O məsuliyyətin ağırlığını birinci özünə, sonra isə onu duyacaq hər kəsə dönə-dönə izah edir:


Qoymayın
düşsün yerə,

Girin sözün altına.


Əslində
, şeir şairin birinci özünə pıçıltısıdır. Bu pıçıltının içərisində özünə təsəlli verməkdən tutmuş ta özünü günahlandırmaya qədər hər şey sığır. "Sığışmır" şeirində  Kəmaləddin Qədimin, kimsənin eşitməyini istəmədiyi təkcə özünə pıçıldayıb elə özü təsəlli tapdığı dərdlərə söykəndiyini görürük. O dərdlər ki, bölüşsək sanki, azalacağından ehtiyat edirik, hər zərrəsini belə ruhumuzda gəzdirməyə can atırıq. "Sığışmır" şeirində şair özünə pıçıldayır özünə inandırır həyatın bütün olar-olmazlarını:


Yaşa
uzağı səksən,

Doxsan, nəsə çatışmır.

Ha tərəfdən, ha yandan,

Baxsan, nəsə çatışmır.

 

Gididir gidi hər şey,

Sıxır, incidir hər şey.

Ölürsən bitir hər şey,

Sağsan, nəsə çatışmır.    
  

Şairin bütövlükdə vətənpərlik mövzulu şeirləri ilə yanaşı başqa şeirlərinin hər hansı bir misrasında, bəndində Vətən mövzusu qəfildən oxucunu dərindən düşünməyə vadar edir.

 Kəmaləddin Qədimin vətənpərvərlik mövzulu şeirlərində ayrıca bir yanaşma tərzi var. Məlum hadisələrdən sonra vətənə bolluca vəsf şeirləri yazmağı özünə peşə seçənlərdən fərqli olaraq, vətənin ağrı-acılarını misralarında ürək ağrısıyla canlandırmaq şairin vəzifə borcuna çevrilmişdir. Bu misralardakı təəssüf dolu hisslərlə, daxili ağrılarla yanaşı bir özünə istehza, özünü qınama hissi vardır:

Gedər, ömrü belə  paşa da qalmaz,

Yem olar böcəyə, quşa da, qalmaz.

Nədən ölüb elə Şuşada qalmaz,

O boyda cənnətdən sağ çıxıb gedər?

 

Sonda isə, "Daha sonumu yazıram " -deyən gözəl şairimiz Kəmaləddin Qədimə  demək istəyirik ki, hər son bir başlanğıc...

 





17.10.2014    çap et  çap et