525.Az

"Ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır”


 

"Ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır”<b style="color:red"></b>

"Ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır”.

525.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Düşənbədə ona Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki,  ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır. “Sadəcə, haqlı olaraq inkişaf etmiş ölkələr sayılan dövlətlərə nəzər salmaq kifayətdir. Bir qayda olaraq həmin ölkələrdə neft və qaz yoxdur, orada elmi potensial var. Elmə sərmayə qoyulması enerji ehtiyatlarından daha artıq səmərə verir. Ona görə ki, hər bir elmi kəşf sonradan praktikada əksini tapır, sənayedə tətbiq edilir, yeni iş yerləri, yeni texnologiyalar, yüksək izafi dəyərə malik olan yeni məhsullar yaradır. Bu, bəşəriyyəti irəliyə aparır. Biz də bu ölkələr sırasında olmalıyıq”.

İlham Əliyev onu da vurğulayıb ki, bu gün Azərbaycanın dünya elminin inkişafını müəyyən edəcəyini gözləmək çətindir. “Lakin bizim elə hazırlıqlı mütəxəssislər təbəqəmiz olmalıdır ki, biz dünyada ən qabaqcıl texnologiyaları ləngimədən özümüzdə tətbiq edə bilək. Ona görə bu sahəyə - təhsil və elm sahəsinə investisiyalar bizim üçün prioritet məsələlərdən biridir: "Biz bu sahəyə çox sərmayə qoymuşuq. Son on ildə Azərbaycanda 3 minə yaxın məktəb binası tikilib və ya təmir edilib. Bizdə cəmi 4500 məktəb var, yəni, məktəblərin çox hissəsi yenidən tikilib. Bu proses davam edir. Lakin tikinti ilə yanaşı, keyfiyyət də lazımdır”.

 





17.10.2014    çap et  çap et