525.Az

MDB: Minsk sammiti və təşkilatın perspektivləri


 

MDB: <b style="color:red">Minsk sammiti və təşkilatın perspektivləri</b>

Belarusun paytaxtında Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti keçirildi.

Orada əməkdaşlıqla bağlı maraqlı fikir mübadiləsi aparıldı. Bununla yanaşı, qarşılıqlı ittiham halları da qeydə alındı. Moldova Prezidentinin Rusiyaya etirazlarına V.Putin sərt sözlərlə cavab verib. Belə vəziyyət Ukrayna və Moldovanın Avropa İttifaqına assosiativ üzvlükdən irəli gələn iqtisadi şərtlərdən yaranıb. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqına 2015-ci ilin yanvarından üzv olması haqqında sənədin imzalanması da diqqəti çəkib. Həmin məsələ ilə əlaqədar fərqli fikirlər vardır. İrəvanın bu təşkilatdakı yeri və rolu ətrafında müxtəlif rəylər söylənilir. Azərbaycanın Minsk sammitindəki fəaliyyəti isə uğurlu hesab edilir.

Ziddiyyət və əməkdaşlıq: Minsk görüşünün maraqlı məqamları

MDB dövlət başçılarının sammitinə Minsk ciddi hazırlaşmışdı. Prezident A.Lukaşenko qonaqlara xüsusi diqqət yetirirdi. Təbii ki, tədbir iştirakçıları da eyni münasibəti göstərdilər. Lakin müzakirələrdə emosiyalı çıxışlar da oldu. Moldova Prezidenti ilə Rusiya dövlət başçısının qızğın mübahisələri və Özbəkistan Prezidenti İ.Kərimovun, Qırğızıstanın başçısı A.Atambayevin Ukrayna rəhbərinin sammitə gəlməməsini qınaması jurnalistlərin nəzərindən yayınmadı (bax: Накал страстей на саммите СНГ в Минске / "Newsland", 10 oktyabr 2014).

Bunlar gözlənilən hal idi. Çünki mürəkkəb geosiyasi proseslərin baş verdiyi bir mərhələdə MDB ölkələri arasında münasibətlər aydınlaşdırılmalıdır. Avropa İttifaqının (Aİ) Ukrayna və Moldova ilə assosiativ üzvlük haqqında sazişi imzalamasının burada ayrıca təsiri olmuşdur. Moldova prezidenti N.Timofti ilə V.Putinin mübahisəsi məhz bu məsələ ilə bağlı idi. P.Poroşenkonun nəyə görə sammitə getmədiyi də məlumdur. Şübhəsiz ki, bütün bunlara təşkilat üzvləri münasibət bildirməli idilər.

Assosiativ üzvlük məsələsi MDB daxilinə yeni ziddiyyətlər gətirə bilərmi? Ekspertlər bu suala müsbət cavab verirlər. Doğrudan da, burada söhbət təşkilata daxil olan ölkələrin iqtisadiyyatına mümkün mənfi təsirlərdən gedir. V.Putin bu məqamın nəzərə alınmasını tələb edir. Ukrayna, Moldova və Gürcüstan isə həmin iradları qəbul etmirlər. Bununla da MDB öz tarixində ilk dəfə olaraq ciddi beynəlxalq geosiyasi ziddiyyətlə qarşı-qarşıyadır.

Hələlik bu problem həllini tapmayıb. O, MDB daxilində barıt çəlləyi olaraq alır. Lakin Minskdə təşkilat üzvləri daha sıx əməkdaşlıq etmək istədiklərini ifadə etdilər. Bəlkə də daha vacib olan məsələ budur. Azərbaycan Prezidenti sammitdəki çıxışında həmin kontekstdə vurğulayıb: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir... Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib / AzərTAc, 10 oktyabr 2014).

Bütövlükdə tədbirdə bu cür əhval-ruhiyyə hakim idi. Sevindiricidir ki, Azərbaycan orada çox səmərəli və təqdirəlayiq mövqe tutub. Ölkə başçısının nitqində iqtisadi məsələlərlə yanaşı, regional və beynəlxalq təhlükəsizlik problemlərini də önə çəkməsi tam yerinə düşdü. Açıq görünürdü ki, Azərbaycan MDB çərçivəsində də müstəqil siyasət yeridən, müasir geosiyasi şərtləri nəzərə alan ölkədir. Bunun fonunda Ermənistanın mövqeyi sönük təsir bağışladı.

Erməni kütləvi informasiya vasitələri bununla bağlı yazır ki, "Serj Sarkisyan çox alçaldıcı situasiya ilə qarşılaşdı" (bax: məs., Игорь Мурадян. Все-таки женился / Lragir.am, 10 oktyabr 2014). Səbəb kimi Avrasiya İttifaqının Ermənistana dəyər vermədiyi, onun problemlərinə etinasız yanaşdığı göstərilir. İrəvan burada forpost kimi qəbul edilir. Erməni ekspertləri daha çox qıcıqlandıran isə N.Nazarbayevin Minsk sammitində səsləndirdiyi bir fikir olub.

Qazaxıstan Prezidenti bəyan edib ki, Ermənistan Aİİ-yə öz sərhədləri üzrə qəbul edilir. Dağlıq Qarabağ buraya aid deyil. Bu, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük postlarının qurulması deməkdir (bax: Армения подписала договор о присоединении к ЕАЭС: Назарбаев заявил о достижении "компромисса по деликатному вопросу" / Panarmenian.net, 10 oktyabr 2014).

Həqiqətən, bu məsələ ciddi siyasi, geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. MDB Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq onu faktiki olaraq rəsmi sənəddə təsdiqləyib. Artıq Ermənistan bu təşkilat çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı heç bir iş apara bilməz. Digər tərəfdən, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi həmin faktı mütləq nəzərə almalıdır. Bir sıra ekspertlər bütün bunların Dağlıq Qarabağın Azərbaycana qaytarılması prosesinə təkan verəcəyini bildirirlər.

İmkanlar: potensial tam tükənməyib

Rəsmi İrəvanın bu cür vəziyyətlə üzləşməsi heç də təsadüfi deyil. Çünki onun apardığı xarici siyasətin xarakteri müasir dövrün tələblərinə uyğun gəlmir. Ermənistan başqa dövlətin torpaqlarına təcavüz siyasətindən əl çəkmir. Üstəlik, Avrasiya İqtisadi İttifaqına üzv olmaq məsələsindən süni istifadə edərək, həmin təşkilatı siyasi avantüraya çəkməyə çalışırdı.

Rusiya, Belarus və Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu faktın mövcudluğu şəraitində həmin ölkələr tərəfindən Ermənistanın Dağlıq Qarabağla birlikdə Aİİ-yə daxil edilməsi nonsens olardı.

Qəribədir ki, Ermənistanın siyasi dairələri bu adi həqiqəti qəbul etmək istəmirlər. Onlar Dağlıq Qarabağın hər hansı yolla Aİİ-yə Ermənistana bağlı olan ərazi kimi qəbul edilməsi üçün cəhdlər edirlər.

Bu kimi addımların nəticəsi məlumdur. İrəvanın 2015-ci ilin yanvarından üzvü olacağı təşkilatda nüfuzu yoxdur. Ona qarşı münasibətin gələcəkdə necə olacağı məlum deyil. Hələlik, rəsmi İrəvana müəyyən ümidlər verilir. Onların reallaşdırılması isə elə də asan məsələ olmayacaq. Çünki geosiyasi müstəvidə kifayət qədər mürəkkəb proseslərin baş verdiyi bir dönəmdə Ermənistanın hansı tərəfə meylləndiriləcəyini demək çətindir.

Bunlarla yanaşı, MDB-nin gələcəyi ilə bağlı müəyyən proqnozlar vermək mümkündür. Prezident İlham Əliyev Minsk sammitindəki nitqində vurğulayıb: "Bu fikrə mən də şərikəm ki, MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib / AzərTAc, 10 oktyabr 2014). Həmin keyfiyyətdə təşkilatın faydalı olacağını düşünmək olar.

Xüsusilə, MDB postsovet məkanında inteqrasiya proseslərinə yeni təkan verə bilər. Bu regionla əlaqədar Qərbin dəstəklədiyi bir sıra birləşdirici ideya var. Avropa İttifaqının özünün həyata keçirdiyi proqramlar məlumdur. Ancaq son zamanlar müşahidə edilən ziddiyyətli geosiyasi proseslər təsdiq etdi ki, bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. Məsələn, postsovet məkanında mövcud olan münaqişələrin həllinin ədalətli mexanizmi hazırlanmayıb. Yaxud iqtisadi əməkdaşlıqda heç də bütün iştirakçıların maraqları eyni səviyyədə nəzərə alınmır. Siyasi məsələlərə münasibətdə ikili yanaşmalara yol verilir və s.

Bunların fonunda ədalətli və real iş mexanizminə malik inteqrativ təşkilatların yaradılması ehtiyacı açıq hiss edilməkdədir. Doğrudur, MDB hələlik bu keyfiyyətə malik deyil. Lakin indi vəziyyət elə dəyişir ki, MDB-nin yeniləşməsi mümkündür. Minsk sammitində prezidentlərin həmin aspektdə ifadə etdikləri inam əsasız deyil. Qarşıda yaranan perspektivi görmək lazım gəlir.

MDB-nin perspektivləri haqqında yuxarıda ifadə edilən fikirlər başqa ssenarilərin meydana çıxa bilməyəcəyi anlamına gəlmir. Çünki müasir dünyada çox sürətli və gözlənilməz proseslər gedir. Onların Avrasiya məkanında bütövlükdə geosiyasi mənzərəni dəyişə biləcəyi ehtimalı az deyil. Ortaya daha faydalı əməkdaşlıq modelinin çıxması və ya ümumiyyətlə, Avrasiyanın xaosa sürüklənməsi mümkündür. Hadisələrin fərqli ssenarilər üzrə inkişaf ehtimalının olması mütləq nəzərə alınmalıdır.

Nəhayət, Azərbaycanın Minsk sammitində növbəti dəfə uğur qazandığını açıq demək gərəkdir. Prezident İlham Əliyevin iqtisadi sahə ilə yanaşı, regional və qlobal təhlükəsizliklə əlaqədar verdiyi təkliflər maraqla qarşılandı. MDB üzvləri onu da dərk edirlər ki, Azərbaycan rəhbərliyi irəli sürdüyü təkliflərin gerçəkləşməsinə nail olur. Minsk toplantısı bu kontekstdə faydalı proseslərə təkan verə bilər.

Newtimes.az

 





17.10.2014    çap et  çap et